Bakıda boks
üzrə XVI dünya
çempionatının təntənəli açılış mərasimi keçirilmişdir
Prezident İlham Əliyev
mərasimdə iştirak etmişdir
Sentyabrın 25-də Bakıda, Heydər
Əliyev adına İdman-Konsert Kompleksində
boks üzrə dünya
çempionatının təntənəli
açılış mərasimi keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərasim
iştirakçıları dövlətimizin
başçısını hərarətlə
qarşıladılar.
Azərbaycan
Respublikasının Dövlət bayrağı, Beynəlxalq Boks Assosiasiyasının və çempionatın
bayraqları, eləcə də iştirakçı ölkələrin
adları yazılan xüsusi lövhələr
Heydər Əliyev adına İdman-Konsert
Kompleksinin zalına gətirildi.
Paytaxt Bakı daha bir mötəbər idman
tədbirinə ev sahibliyi
edir. Sentyabrın 26-dan oktyabrın 8-dək
davam edəcək boks
üzrə dünya çempionatında
113 ölkədən 570 boksçu
mübarizə aparacaqdır. Bu, ölkələrin
və idmançıların sayına görə rekord göstəricidir. Bakı
çempionatında, həmçinin Azərbaycanın
paytaxtına gəlmiş dünyanın ən güclü
boksçuları 2012-ci il London
Olimpiya Oyunlarına lisenziya
uğrunda mübarizə aparacaqlar.
Dünya birinciliyində dörddəbir finala çıxan boksçular
Olimpiya lisenziyaları əldə edəcəklər.
Azərbaycan Respublikası gənclər və idman
naziri Azad RƏHİMOV
mərasimdə çıxış edərək dedi:
- Hörmətli cənab Prezident!
Hörmətli
xanımlar və cənablar, əziz idmançılar!
Sizin hamınızı bu
möhtəşəm Heydər Əliyev adına sarayda salamlayır və boks
üzrə XVI dünya
çempionatının təntənəli
açılışı münasibətilə təbrik edirəm.
Bu gün Azərbaycanın
idman tarixində ən əlamətdar
günlərdən biridir. Fərəhli
haldır ki, beynəlxalq
yarışların respublikamızda keçirilməsi son illər ənənə halını
almışdır. Bu unudulmaz
idman tədbirləri həm də mədəniyyətimizin
ayrılmaz tərkib hissəsidir. Xalqlar
arasında sülh, əməkdaşlıq
rəmzi olan idman bəşəriyyəti
yüksək ideallar ətrafında daha sıx birləşdirməyə qadirdir. Sözsüz ki, ölkəmizdə bədən tərbiyəsinin
və idmanın inkişafına göstərilən diqqət
və qayğı idmanın bütün
növləri kimi, boksun
da inkişafında özünü
göstərir.
Azərbaycan
xalqının ümummilli lideri,
ulu öndər Heydər Əliyevin
başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin
başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti
cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Ölkəmizdə olimpiya
hərəkatı ildən-ilə geniş
vüsət
alır. Dünya, Avropa
çempionatlarında, Olimpiya
oyunlarında idmançılarımızın parlaq qələbələri buna
əyani sübutdur. Dövlətimizin
başçısının idman sahəsinə
göstərdiyi böyük qayğı
idmançılarımızın da
yarışlara daha inamla,
əzmlə qatılmasına böyük
təkan verir.
Hazırda Azərbaycanda
idmanın boks növünə diqqət və
maraq artmışdır. Federasiyanın səmərəli
fəaliyyəti, yaradıcılıq axtarışları nəticəsində
boks özünün yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Bildiyiniz
kimi, respublikamız mötəbər tədbirləri
keçirmək təcrübəsinə malikdir.
Bu gün boks üzrə XVI dünya
çempionatına Bakı ev sahibliyi edir. Bu çempionatda yüzdən artıq ölkənin
idmançılarının medallar və
London Olimpiya
Oyunlarının lisenziyası uğrunda
mübarizə aparması yarışın maraqlı, gərgin
keçəcəyini təsdiq edir. İnanırıq
ki, boks üzrə XVI
dünya çempionatının bütün iştirakçıları öz ölkələrinin idman
şöhrətini daha da
yüksəklərə qaldıracaqlar. Qoy
güclülər qalib gəlsin! Diqqətinizə
görə sağ olun.
* * *
Sonra Beynəlxalq Boks
Assosiasiyasının prezidenti Çinq-Kuo VU çıxış edərək
dedi:
- Azərbaycan
Respublikasının Prezidenti, zati-aliləri
cənab İlham Əliyev!
Hörmətli
Azərbaycan Boks Federasiyasının prezidenti cənab Heydərov!
Hörmətli qonaqlar, boksçular, məşqçilər,
rəsmilər, boks üzrə XVI dünya çempionatının qonaqları!
Bakı olduqca mühüm bir şəhərdir. Bakıda - Azərbaycanın
paytaxtında bir çox
beynəlxalq idman turnirləri keçirilmişdir. Bunların
sırasında biz gənclər
arasında dünya
çempionatını xüsusi
xatırlatmaq istəyirik. Bu gün isə Bakıda boks
üzrə dünya çempionatı keçirilir. Əslində, bu,
bizim idman sahəsində
apardığımız işin çox mühüm bir hissəsidir. Çünki
bu, ixtisaslaşmış idman
turniri olacaqdır. Bu,
2012-ci ildə Londonda keçiriləcək
Olimpiya Oyunlarına açılan bir yoldur.
2006-cı ildən
etibarən bizim Beynəlxalq Boks Assosiasiyası (AİBA) çərçivəsində
bir çox islahatlar həyata keçirilmiş,
təşkilati dəyişikliklər
aparılmışdır. Bizim üçün ən yüksək tutduğumuz amallar - təmiz
iş, dəqiqlik, şəffaflıq kimi amallardır. Bütün
bunlar keçirdiyimiz idman yarışlarının əsasını
təşkil edir. Bu işi biz yeganə bir məqsədlə apardıq ki, dünyanın bütün
yerlərindən olan boksçuların mənafeyi
qorunsun və ədalətli idman oynanılsın.
Fürsətdən
istifadə edib Beynəlxalq Boks Assosiasiyası adından Azərbaycan Prezidenti cənab Əliyevə boksun,
həmçinin idmanın bir çox növlərinin inkişafına verdiyi dəyərli dəstəyinə görə
minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun, cənab Prezident!
Hörmətli cənab
Prezident, Sizi əmin
edirəm ki, boks
üzrə bu dünya
çempionatı AİBA-nın qaydalarına, yüksək tutduğu amallara uyğun keçiriləcəkdir. AİBA əlindən
gələni edəcək ki, bizim formalaşan prinsiplərimiz
əsasında yüksək səviyyədə keçiriləcək
bu idman turniri lazımi səviyyədə baş tutsun. Mən tam əminəm ki,
keçirilən bu beynəlxalq turnirin səviyyəsindən boks
həvəskarları da razı qalacaq, onlar bundan çox məmnun olacaqlar. Bütün
tamaşaçılara tam zəmanət
verə bilərəm ki, rinqdə ən dəyərli,
ən yaxşı nəticələri ilə seçilən boksçu qələbə çalacaqdır.
Bütün boksçulara
uğurlar, xoşbəxtlik arzulayıram. Sonda icazə verin sizə deyim: "Sağ ol, Azərbaycan! Sağ ol, Bakı!"
* * *
Daha sonra Azərbaycan Boks
Federasiyasının prezidenti Kəmaləddin
HEYDƏROV çıxış edərək dedi:
- Möhtərəm
cənab Prezident!
Hörmətli qonaqlar, əziz boksçular,
xanımlar və cənablar!
İcazə verin boks üzrə 2011-ci
il dünya
çempionatı münasibətilə Bakı şəhərinə təşrif
buyurmuş bütün
qonaqları səmimi qəlbdən salamlayaraq
hər birinizə "Xoş gəlmisiniz!"
deyim.
İdmanın
insanın fiziki və mənəvi tərbiyəsində
oynadığı müstəsna rolu nəzərə
alan Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev sosial-iqtisadi həyatın bütün sahələri kimi,
idmanın inkişafını da daim diqqətdə saxlamış, gənclərin
sağlamlığına, fiziki hazırlığına xüsusi qayğı ilə
yanaşmışdır. Ulu öndərin bu mütərəqqi
münasibətini böyük əzmkarlıqla
davam etdirən Milli Olimpiya Komitəsinin prezidenti,
Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin idmanın inkişafı
istiqamətində həyata keçirdiyi
məqsədyönlü tədbirlər nəticəsində
ölkəmiz beynəlxalq idman mərkəzlərindən
birinə çevrilmişdir.
Azərbaycanda gənclərin
sevimli idman növlərindən
biri də Olimpiya idman növü olan boksdur. Azərbaycan boksunun zəngin tarixi ənənələri,
beynəlxalq səviyyədə ciddi
uğurları vardır. Məhz bu ənənələrə
yiyələnən, uğurlardan ruhlanan boksçularımız beynəlxalq
yarışlarda və turnirlərdə müvəffəqiyyətlə
çıxış edir, Vətənimizin
idman şərəfini uca
tuturlar. Dövlət
qayğısı sayəsində boksçularımız üçün müasir
standartlara cavab verən
təlim-məşq qurğularının tikilib
istifadəyə verilməsi, ölkəmizdə yüksək
səviyyəli beynəlxalq yarışların və turnirlərin
keçirilməsi, boksçularımızın dünya arenasında qazandıqları qələbələr
idmanın bu növünün
də ölkəmizdə uğurlu
inkişafından xəbər verir. Azərbaycan
boksunun inkişafı naminə göstərdiyi
xüsusi diqqət və qayğıya
görə bütün boksçular
adından möhtərəm Prezident cənab
İlham Əliyevə dərin təşəkkürümüzü
bildiririk.
Bu günlərdə Bakı
AİBA-nın bayrağı altında ən möhtəşəm
yarışlardan birinə ev sahibliyi edəcəkdir. Bu
yarışlarda dünyanın 113 ölkəsindən 570 boksçu iştirak edəcəkdir.
Boks üzrə dünya
çempionatı ən ali idman yarışlarından biri
hesab olunur və təbii
ki, bu yarışda uğur qazanmaq hər bir boksçunun arzusudur. Yarışın London-2012 Olimpiya Oyunlarına lisenziya
xarakterli olması isə yarışa
marağı daha da
artırır.
Fürsətdən
istifadə edərək belə bir əhəmiyyətli
yarışın təşkilatçılığını
bizə etibar etdiyinə görə Beynəlxalq
Boks Assosiasiyasının rəhbərliyinə,
şəxsən doktor Çinq-Kuo
Vuya dərin təşəkkürümü
bildirirəm. Həmçinin bu gün burada iştirak edən Beynəlxalq Olimpiya
Komitəsinin üzvlərinə Bakıya təşrif buyurduqları
və yarışlara qatıldıqları üçün
minnətdarlığımı bildirirəm. Bir
daha bütün
qonaqları Odlar yurdu
Azərbaycanda salamlayır, məşqçilərə və
boksçulara qələbə sevinci, azarkeşlərə isə unudulmaz yarış günləri
arzulayıram. Diqqətinizə görə təşəkkür
edirəm.
İndi isə boks
üzrə XVI dünya
çempionatını açıq elan
edirəm!
* * *
Azərbaycan
Respublikasının dövlət himni səsləndi.
Sonra çempionatın hakimləri
and içdilər.
Boks üzrə XVI dünya çempionatının təntənəli
açılış mərasimi
bədii hissə ilə başa çatdı.
AzərTAc
Azərbaycan.-2011.-27
sentyabr.-S.1-2.