Azərbaycanın yəhudi icmasına

 

Hörmətli həmvətənlər!

 

Yəhudi xalqının milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələri, o cümlədən yəhudi vətəndaşlarımız yüz illərdir ki, əmin-amanlıq şəraitində yaşayaraq ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yaxından iştirak edirlər. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin təşviq edilməsi, milli azlıqların dil və mədəniyyətinin inkişafı, adət-ənənələrinin qorunub saxlanması dövlətin daimi himayəsi altındadır və bu siyasət gələcəkdə də ardıcıl olaraq davam etdiriləcəkdir.

Yeniliyin, mənəvi saflığın, həmrəylik və xeyirxahlığın rəmzi olan Roş-Ha-Şana münasibətilə bir daha hamınızı səmimi qəlbdən təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2011-ci il

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.2.