Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində Xaçmazda bir sıra mühüm infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən istehsal müəssisələri, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilmiş, bütövlükdə rayonun sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir.

Xaçmaz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,0 (üç) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.2.