Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın
müsahibəsi Almaniyada «Qadın liderliyi - Qadınların gücü.
Dünyanın ən uğurlu qadınlarından öyrənək»
adlı kitabda dərc olunmuşdur
Bu günlərdə Almaniyada nüfuzlu "Hanseatic Lichthouse" nəşriyyatında Berlində
fəaliyyət göstərən Siyasət və İctimaiyyət
Beynəlxalq İnstitutunun direktoru
xanım Kerstin Plevenin
müəllifliyi ilə "Qadın liderliyi-Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək"
adlı kitab nəşr olunmuşdur. Kitabda
dünyanın 30 ölkəsindən 60-a yaxın ən uğurlu, nüfuzlu və
tanınmış qadının məqaləsi və ya verdiyi müsahibələr
dərc olunmuşdur.
Nəşrdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın müsahibəsi dərc
olunmuşdur.
Kitabın nəşrində məqsəd
şəxsi və ictimai fəaliyyətlərində
uğurlar qazanmış qadınların əldə
etdikləri nailiyyətlərin sirlərini öyrənmək,
eləcə də onların ictimai fəaliyyətlə
bağlı dəyərli məsləhətlərini
işıqlandırmaqdan ibarətdir. Nəşrdə
Mehriban xanım Əliyeva ilə birlikdə
dünyanın digər siyasi və ictimai xadimləri,
o cümlədən Almaniya
Federativ Respublikasının federal kansleri Angela Merkel, ABŞ-ın
dövlət katibi Hillari
Klinton, YUNESKO-nun baş direktoru İrina Bokova və digər
şəxslərin müsahibələri və onlar haqqında
yazılan məqalələr dərc olunmuşdur.
Mehriban xanım Əliyevanın müsahibəsində
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata
keçirdiyi mühüm layihələr, Azərbaycan
qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni
həyatında rolu, Azərbaycanın dünyada qadınlara
seçki hüququ verən ilk ölkələrdən biri
olması və digər mövzularla bağlı məsələlər
barədə geniş məlumat verilmişdir. Azərbaycanın
birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə toxunaraq qaçqın və
məcburi köçkün soydaşlarımızın
problemlərindən bəhs etmişdir. Mehriban xanım Əliyeva
Azərbaycan Respublikasında təhsilə, o cümlədən
qadınların təhsilinə mühüm əhəmiyyət
verildiyini qeyd edərək dövlət qurumlarında, elmi
müəssisələrdə və özəl sektorda
çalışan qadınların sayının getdikcə
artdığını vurğulamışdır. Mehriban
xanım Əliyeva Azərbaycan qadınının tarixən
ictimai həyatda daim fəal
iştirak etdiyini qeyd etmişdir. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva Xurşidbanu Natəvan, Məshəti
Gəncəvi kimi tanınmış Azərbaycan
qadınlarının xalqımızın mədəni irsinə
böyük töhfələr verdiyini qeyd etmişdir. Mehriban
xanım Əliyeva belə bir maraqlı faktı da dünya
ictimaiyyətinin diqqətinə
çatdırmışdır ki, XIX əsrin ortalarında
görkəmli ictimai xadim və şairə Xurşidbanu Natəvanın xeyriyyəçilik
fəaliyyəti nəticəsində ilk dəfə olaraq
Şuşada su təchizatı sistemi qurulmuş, 1990-cı illərin
əvvəllərinə qədər fəaliyyət göstərmiş
və Ermənistanın işğalı zamanı
dağıdılmışdır.
Mehriban xanım Əliyevanın müsahibəsi beynəlxalq
ictimaiyyət tərəfindən maraqla
qarşılanmışdır.
AzərTAc
Azərbaycan.-2011.-27
sentyabr.-S.3.