Azərbaycan təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir

 

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz MEHDİYEV: "Azərbaycan terrorizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində beynəlxalq koalisiyanın fəaliyyətinə töhfəsini verməkdə davam edir"

 

 Dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, həmçinin xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin, insanların hüquq və mənafelərinin təhdidlərdən qorunması hər bir siyasi hakimiyyətin başlıca vəzifəsi sayılır. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü ilə qədər hakimiyyətdə olan qüvvələr dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin edə bilmədilər. Səriştəsiz iqtidarların səbatsızlıqları nəticəsində müxtəlif təxribatçı qüvvələr Azərbaycanda etnikdini separatizmə rəvac verirdilər. Bir tərəfdən də Ermənistanın hərbi təcavüzü genişlənirdi və Azərbaycan faktiki olaraq öz müstəqilliyini itirmək və dövlət kimi məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

 

 Ölkəmizdə dövrün tələblərinə uyğun təhlükəsizlik sistemini ulu öndər Heydər Əliyev yaratdı

 

 Həmin ağır günlərdə xalqın istəyi ilə siyasi hakimiyyətə qayıdan və müstəqilliyimizin təmin olunması istiqamətində taleyüklü məsələlərin yoluna qoyulmasını inamla öz üzərinə götürən ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu  başlıca məsələlərdən biri də ölkəmizin milli maraqlarına cavab verə biləcək düzgün siyasi-strateji kursun müəyyən olunması idi. Bu prosesin əsas elementlərindən biri də  müstəqil Azərbaycan dövlətinin etibarlı təhlükəsizlik siyasətinin həyata keçirilməsi idi. Azərbaycanın mürəkkəb coğrafi arealda yerləşməsini, dünyanın müxtəlif fövqəlgüc mərkəzlərinin Cənubi Qafqazda toqquşan iqtisadi və hərbi-siyasi maraqlarını, cəmiyyətimizə yad olan müxtəlif dini təsirləri böyük müdrikliklə nəzərə alan ümummilli lider Heydər Əliyev hələ sovetlər birliyi dövründən milli təhlükəsizliyin təminatı sahəsində bünövrəsini qoyduğu böyük işləri müasir dövrün tələblərinə uyğun əzm və cəsarətlə davam etdirdi.

Təhlükəsizlik sahəsində tədbirləri son dərəcə mürəkkəb daxili siyasi vəziyyət və ölkə daxilində sabitliyin olmaması, Ermənistanın Azərbaycana olan hərbi təcavüzü şəraitində həyata keçirmək lazım idi. Ulu öndər Heydər Əliyev gənc müstəqil dövlətimizin qarşısına çıxan problemlərin, xüsusilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzü məsələsini beynəlxalq təşkilatlar vasitəsilə ümumavropa təhlükəsizliyi səviyyəsinə çıxarmaqla beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından məharətlə istifadə edirdi. Heydər Əliyev çıxışlarının birində milli təhlükəsizliyimizin təmin olunması ilə bağlı məqamları önə çəkərək demişdir: "Azərbaycan müstəqil dövlət kimi yaşamağa başlayanda çox çətin və ağır vəziyyətdə idi. Biz artıq təhlükəsizliyimizi özümüz təmin etməli idik. O illərdə Azərbaycanda rəhbərlikdə olan insanların səriştəsizliyi nəticəsində ölkədə proseslər çox mənfi istiqamətdə gedirdi - xaos, anarxiya, hərc-mərclik, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüz, torpaqlarımızın itirilməsi, vətəndaş müharibəsi. Bütün o illər bizim üçün çox ağır, çətin keçirdi və Azərbaycanın müstəqil dövlət kimi yaşaması sual altında idi".

Ulu öndər Heydər Əliyevin sayəsində dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin xaricidaxili təhdidlərdən etibarlı şəkildə müdafiəsinə xidmət edən effektiv milli təhlükəsizlik siyasətinin həyata keçirilməsinə başlanıldı. Heydər Əliyevin uzaqgörənliyi, dövlət idarəçiliyi sahəsindəki təcrübəsi sayəsində siyasi-ictimai sabitliyin təmin olunması, ərazi bütövlüyümüzə qarşı təhdidlərin aradan qaldırılması, balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsi, tolerantlığın möhkəmləndirilməsi, dinimilli ədavətin qızışdırılmasına yönələn təhdidlərin, separatçılığın və cinayətkarlığın qarşısının alınması, qonşu dövlətlərlə mehriban qonşuluq əlaqələrinin qurulması milli təhlükəsizliklə bağlı dövlət siyasətinin uğurlarını təmin etdi.

 

Prezident İlham Əliyevin fəaliyyətində milli təhlükəsizlik məsələləri əsas yerlərdən birini tutur

 

Müasir dövr milli təhlükəsizlik sahəsində tədbirlərin davamlı və çevik olmasını tələb edir. Azərbaycan üçün bu tələblər xüsusilə aktualdır. Çünki Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ölkəmizdə geostrateji tranzit xətləri kəsişir. O cümlədən qlobal neftqaz kəmərlərinin işə düşməsi, ölkəmizin enerji təhlükəsizliyi sahəsində Avropanın tərəfdaşına çevrilməsi təhlükəsizlik tədbirlərini Azərbaycan üçün mühüm edir. Ən əsası Azərbaycan üçün təhlükəsizlik məsələlərinin xüsusilə önəm kəsb etməsi Ermənistanın respublikamıza qarşı hərbi təcavüzünü davam etdirməsi ilə şərtlənir. Bu münaqişənin Ermənistanın qeyri-konstruktiv və işğalçı mövqeyi üzündən həllini tapmaması bütövlükdə Cənubi Qafqaz regionunun təhlükəsizliyinə maneədir. Çünki işğal olunmuş torpaqlarda terrorçuların hazırlanması, narkotik maddələrin becərilməsi və daşınması, silah qaçaqmalçılığı məqsədilə istifadə edilməsi nəinki ölkəmizin, bütövlüklə bölgənin təhlükəsizliyinə birbaşa təhdiddir.

Fərəhli haldır ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu milli təhlükəsizlik strategiyasının uğurla həyata keçirilməsi, çağdaş dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi təhlükəsizliyimizə yönələn istənilən təhdidə qarşı möhkəm sipərdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev sürətlə inkişaf edən və müxtəlif sahələrdə böyük uğurlara imza atan müstəqil respublikamızın milli təhlükəsizliyinin qorunmasını ən vacib məsələ kimi daim diqqət mərkəzində saxlayır.  Bu baxımdan Prezident İlham Əliyevin 2007-ci ilin mayında təsdiq etdiyi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası olduqca vacib sənəddir. "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: "Dünyada baş verən sürətli dəyişikliklər şəraitində ayrı-ayrı dövlətlər və bütövlükdə bəşəriyyət terrorçuluq, etnik separatizm və münaqişələr, transmilli mütəşəkkil cinayətkarlığın artması, kütləvi qırğın silahlarının yayılması, təbii ehtiyatların tükənməsi, əhalinin sayının durmadan çoxalması və kütləvi miqrasiyası, ətraf mühitin çirklənməsi və sair təhlükələrlə üzləşir. Bu amillər hər bir dövlətin prioritetlərinin, təhlükəsizliyə qarşı risklərin müəyyənləşdirilməsini, həmin risklərin qabaqlanması üzrə adekvat tədbirlərin həyata keçirilməsini zəruri edir".

Son illərin siyasi, iqtisadi və digər yekunlarına nəzər salsaq, ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyasında əksini tapan bütün vəzifələrlə bağlı son dərəcə böyük nailiyyətlərə imza atmasının şahidi olarıq. Ən ciddi uğurlardan biri ölkəmizin müdafiə qabiliyyətinin artırılmasıdır. Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı vaxtda dövlətimizin qarşısında dayanan əsas vəzifələrdən biri Silahlı Qüvvələrin gücləndirilməsi və modernləşməsidir. Ölkəmizin hərbi xərcləri 2003-cü ildə 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Artıq Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütünlüklə dövlət büdcəsindən çoxdur. Bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti gücləndikcə hərbi sahəyə ayrılan xərclər də artırılacaq, ordunun qüdrətləndirilməsi və modernləşdirilməsi tədbirlərinin miqyası daha da genişlənəcək.

Qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən birienerji təhlükəsizliyi məsələsidir. Xüsusən son illərdə dünyada cərəyan edən, ələlxüsus əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasiiqtisadi proseslər enerji təhlükəsizliyini hər bir ölkə üçün aktuallaşdırır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası özünün enerji təhlükəsizliyini tam təmin edib. Yaxın gələcəkdə iri qaz ixracatçısına çevriləcək respublikamız dünyanın aparıcı dövlətlərinin enerji təhlükəsizliyinin təmin olunmasına da böyük töhfələr verməkdədir.

Bütün bunlarla yanaşı, sərhədlərimizin etibarlı mühafizəsi, son illərdə daha da güclənən miqrasiya siyasəti, nəqliyyat və informasiya təhlükəsizliyi, ekologiyanın qorunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən fövqəladə halların qarşısının alınması ilə bağlı çevik idarəetmə sisteminin formalaşdırılması cəmiyyətimizin təhlükəsizliyinə xidmət edən mühüm amillərdir.

 

Ekstremizmlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir

 

Unutmaq lazım deyil ki, müasir dövrdə dünyada baş verən sürətli dəyişikliklər şəraitində sivil və demokratik ölkələr üçün həm də təhdidlərin müxtəlif formaları yaranır. Geniş vüsət almış qloballaşma meyilləri bir sıra mütərəqqi cəhətləri ilə yanaşı, xüsusən inkişaf etmişya inkişaf etməkdə olan müstəqil  dövlətlərin milli maraq və təhlükəsizliyi baxımından da müəyyən təhdidləri qabarıq surətdə önə çıxarır. Bu təhdidlərin qarşısının alınmasında və ya önləyici tədbirlərin görülməsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi olduqca səmərəli vasitələrdən biridir.

Sentyabrın 21-22-də Rusiyanın Yekaterinburq şəhərində dünyanın 65 ölkəsindən təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşünün keçirilməsi bu baxımdan böyük əhəmiyyət daşıyırdı. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyevin başçılığı ilə administrasiyanın şöbə müdirləri Fuad Ələsgərov, Novruz Məmmədov və Elnur Aslanovdan ibarət nümayəndə heyəti təmsil etmişdir. Görüşdə təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, informasiya cəmiyyətinin formalaşması şəraitində beynəlxalq informasiya təhlükəsizliyi, transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri müzakirə olunmuşdur. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri" və "Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar" mövzularında məruzələri görüş iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

"Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziyyətlərdə ekstremizm təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri" mövzusunda məruzəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev  bildirmişdir ki, ekstremizmə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi dünyada baş verən proseslərlə əlaqədar getdikcə daha çox aktuallıq kəsb edir.  Ekstremizmin çoxsaylı formaları arasında ən təhlükəli təzahürlər kimi millidini ekstremizmi önə çəkən akademik Ramiz Mehdiyev deyib: "Təəssüflə qeyd etməliyəm ki, ekstremizmin dağıdıcı nəticələri Azərbaycandan da yan keçməmişdir. Məhz millətçi ekstremizmondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilmişdir. Bu qədər genişmiqyaslı millətçi ekstremizmseparatizm nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qırılması faktları qeydə alınmışdır. Xocalıda heç bir təqsiri olmayan yüzlərlə qadın, uşaq, qoca öldürülmüşdür. 2000-dən çox dinc vətəndaşın həyatı bahasına başa gəlmiş və qarşıdurma xəttindən neçə kilometr kənarda törədilmiş onlarca terror aktı konkret məqsədin reallaşdırılması - Azərbaycan ərazisinin bir hissəsinin onun əlindən alınması üçün həyata keçirilmişdir. Bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizmseparatizm təşkil edirbu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir".

Məruzədə çox haqlı olaraq qeyd olunur ki, Qafqaz regionunda digər ekstremist qüvvələr də millətçilik kartı ilə oynamağa çalışırlar. Onlar müxtəlif kütləvi informasiya vasitələrinin və internetin köməyi ilə millətçi dözümsüzlük, milli azlıqlar arasında ekstremist və separatçı əhval-ruhiyyələrin qızışdırılmasına yönəlmiş təbliğat aparırlar. Bir sıra hallarda bu qüvvələrin fəaliyyəti transsərhəd xarakteri daşıyır.

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev məruzəsində qeyd etmişdir ki, bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəlmiş fəaliyyəti həyata keçirməyə çalışırlar. Onlar cəmiyyətdə sabitliyi pozmağa, dinisosial vəziyyəti kəskinləşdirməyə çalışırlar. "Millətçi ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklərdir. Azərbaycan Respublikası bu riskləri neytrallaşdırmaq üçün təhlükəsizliyin təmin edilməsi sahəsində əsas sənədlərdə, məsələn, Milli Təhlükəsizlik Konsepsiyasında və Hərbi Doktrinada nəzərdə tutulan kompleks yanaşmanı həyata keçirir" - deyən akademik Ramiz Mehdiyev onu da bildirmişdir ki, ekstremizmin miqyasları, onun dövlətlərarası xarakteri bu təzahürə qarşı birgə mübarizə sisteminin təkmilləşdirilməsini, müxtəlif dövlətlərin uzunmüddətli səylərinin əlaqələndirilməsini zərurətə çevirmişdir. Bu gün həmişəkindən daha sıx əlaqəli şəkildə işləmək, beynəlxalq təhlükəsizlik üçün təhdid mənbəyi olan ayrı-ayrı şəxslərin və təşkilatların məsuliyyətdən yaxa qurtarmasına yol verilməməsi vacibdir.

Məlum olduğu kimi, Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün dinimilli konfessiyaların nümayəndələri həmrəydir. Elə buna görə ölkəmiz bütün dünyaya tolerantlığın Azərbaycan nümunəsini uğurla təqdim edir. Tolerantlıq təkcə xalqların və dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir. Azərbaycan həm də burada yaşayan digər millətlərin adət-ənənələrinə, mənəviyyatına olan tolerantlığa görə bütün dünyaya örnəkdir. Lakin ölkəmizin müstəqilliyini və uğurlarını gözləri götürməyən bəzi xarici dairələr ölkəmizdəki bu tolerantlıq mühitini zaman-zaman pozmağa yönəlik cəhdlər edirlər. Lakin Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin qarşısında bütün bu cəhdlər əbəsdir.

Akademik Ramiz Mehdiyev ekstremizmə qarşı səmərəli mübarizə aparmaq üçün ekstremist fəaliyyətin həyata keçirilməsinə şərait yaradan səbəblərin aşkar edilməsi və sonradan aradan qaldırılmasına yönəlmiş profilaktik tədbirlər görülməsi, ictimai və dini birliklərin, digər təşkilatların, habelə ayrı-ayrı şəxslərin ekstremist fəaliyyətinin müəyyən edilməsi, qabaqlanması və qarşısının alınması, o cümlədən informasiya mübadiləsinin genişləndirilməsi istiqamətində dövlətlərarası əməkdaşlığın gücləndirilməsini zəruri hesab etmişdir.

 

İnformasiya təhlükəsizliyi ölkəmizdə milli təhlükəsizliyin ayrılmaz hissəsidir

 

 Məlum olduğu kimi, elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı vəziyyətə düşmüşdür. Bu cəmiyyətdə informasiya və biliklər ən mühüm resurs və başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır.

Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə "Beynəlxalq informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə ümumi yanaşmalar" mövzusunda məruzə ilə çıxış edən akademik Ramiz Mehdiyev bu barədə deyib: "Ölkənin firavanlığı və dünya sivilizasiyasında yeri informasiya texnologiyaları sahəsində siyasətin praqmatikliyindən və çevikliyindən asılıdır. İnformasiya məkanının qloballaşması və kütləvi kommunikasiya vasitələri şəbəkəsinin təsiri altında cəmiyyətdə baş verən dəyişikliklər təkcə müəyyən üstünlüklər və mənfəətlərlə məhdudlaşmayıb, həm də sosial-siyasi sahədə informasiya mübarizəsi aparmaq üçün geniş imkanlar açır, bu da öz növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur. Bu vəziyyət milli təhlükəsizlik və ilk növbədə, informasiya təhlükəsizliyi kimi mühüm sahənin problemlərinə ənənəvi yanaşmaların ciddi transformasiyasına gətirib çıxarmışdır. Formalaşmaqda olan yeni informasiya-kommunikasiya mühiti istənilən ölkənin siyasi, iqtisadi və müdafiə təhlükəsizliyinə fəal təsir göstərir".

Qloballaşan informasiya cəmiyyətində dövlətlər arasında baş verən münaqişələr də virtual məkana keçir. Müasir texnologiyalardan istifadə edilməklə cinayətlərin yeni növləri meydana çıxır. Terrorizm, separatizm, ekstremizm getdikcə daha çox yayılır. Ona görə inkişaf edən informasiya cəmiyyətində informasiya təhlükəsizliyi zəruri vəzifə kimi meydana çıxır.

Ölkəmizdə də informasiya təhlükəsizliyi məsələsinə milli təhlükəsizliyin ayrılmaz hissəsi kimi baxılır. Respublikamız informasiya təhlükəsizliyi məsələlərində Avropa Şurası, Avropa Komissiyası, NATO, Beynəlxalq Elektrik Rabitəsi İttifaqı və digər beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əlaqə saxlayır. 2008-ci ildə Azərbaycan Avropa Şurasının "Kibernetik cinayətkarlıq haqqında Konvensiya"sını imzalamışdır. Beynəlxalq Elektrik Rabitəsi İttifaqının tövsiyəsi ilə ölkəmiz 2010-cu ildən Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan 192 ölkədən 136-sını birləşdirən beynəlxalq çoxtərəfli tərəfdaşlıq (İnternational Multilateral Partnership against Cyberthreats - İMPACT) çərçivəsində əməkdaşlıq edir. Azərbaycan həm də "Şərq tərəfdaşlığı - Avropa Şurası mexanizmi" proqramı çərçivəsində Şərqi Avropada həyata keçirilən kibernetik cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində iştirak edir. Bu layihənin həyata keçirilməsi gedişində Avropa və beynəlxalq normativ vasitələrindən və praktikadan istifadə edilməklə kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli həyata keçirilməsi üçün potensialın möhkəmlənməsi üzrə məsələlər həll edilir. Respublikamızda informasiya təhlükəsizliyi səviyyəsinin artırılması üçün bu sahədə bir sıra əsas beynəlxalq standartlar qəbul edilib. Son iki il ərzində 10 standart təsdiqlənib və daha 6 standart təsdiqlənmək üçün hazırlanıb. Bu, dövlət və özəl strukturlarda informasiya təhlükəsizliyi üzrə bir sıra tədbirlərin görülməsinə imkan verib.

Ölkəmizin aşkar informasiya təhrikçiliyi nümunələri ilə tez-tez üzləşdiyini deyən akademik Ramiz Mehdiyev bu cür hərəkətlərin çox vaxt qonşu Ermənistanın informasiya strukturları tərəfindən törədildiyini, həmçinin İranın "Səhər 1" kanalı vasitəsilə ölkəmiz haqqında daim bilərəkdən yalan və saxta informasiyaların yayıldığını diqqətə çatdırıb. Təbii ki, Azərbaycanın öz efir məkanının informasiya təhlükəsizliyinin müdafiəsini təmin etmək üçün texniki və texnoloji tədbirlər gördüyünü qeyd edən Təhlükəsizlik Şurasının katibi bu məsələdə əsaslı yeni strateji yanaşmanın formalaşmasının zəruriliyini bildirib: "Bu gün informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq  üçün bütün dünya birliyinin fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir".

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev Yekaterinburqda Türkiyənin Təhlükəsizlik Şurasının katibi Sərdar Kılıc ilə görüşmüşdür. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, iki ölkənin Təhlükəsizlik şuralarının gələcək planları və əməkdaşlığı barədə fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Polşanın dövlət katibi, Milli Təhlükəsizlik Bürosunun rəhbəri Stanislav Kozey ilə də görüşmüşdür. S.Kozey azərbaycanlı həmkarını Polşaya dəvət etmiş, həmçinin iki ölkənin müvafiq qurumları arasında müqavilə imzalanmasını və əməkdaşlıq planının təsdiq olunmasını təklif etmişdir. Həmçinin akademik Ramiz Mehdiyev Polşanın Milli Təhlükəsizlik Bürosunun katibini Azərbaycana dəvət etmişdir. Tərəflər Azərbaycanın Təhlükəsizlik Şurası və Polşanın Milli Təhlükəsizlik Bürosu arasında əməkdaşlıq haqqında müqavilə hazırlanmasına dair razılığa gəlmişlər. Görüşün sonunda Stanislav Kozey Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalını təqdim etmişdir.

Xalqın və dövlətin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması Azərbaycanda həyata keçirilən siyasi kursun prioritet istiqamətlərindən biridir. Ölkə rəhbərliyi bu sahəyə xüsusi diqqət ayrılmasını milli inkişafın vacib şərti kimi qəbul edir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi də olduqca əhəmiyyətlidir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin məruzələrində də ölkəmizin təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa önəm verməsi vurğulanır.

Dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ərəfəsində olan Azərbaycan xalqının bu illər ərzində qazandığı ən böyük nailiyyətlərdən biri milli təhlükəsizliyimizi təhdid edən meyillərin qarşısının alınmasıdır. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizin malik olduğu mükəmməl təhlükəsizlik sistemi qarşısında ekstremizmin və təhdidin istənilən forması acizdir.

 

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.3.