Rusiyada çıxan populyar «Bakı» jurnalı «sərhədlərini genişləndirir»

 

 AzərTAc xəbər verir ki, İTAR-TASS agentliyinin saytında "Rusiyada çıxan populyar "Bakı" jurnalı "sərhədlərini genişləndirir" sərlövhəsi altında yerləşdirilmiş material Rusiyada nəşr edilən və artıq oxucuların rəğbətini qazanmış "Bakı" jurnalına həsr edilmişdir. Həmin məqalənin mətnini oxuculara təqdim edirik.

"Rusiyada populyar olan "Bakı" jurnalı Avropa bazarına çıxır. Oktyabr ayında Londonda bu nəşrin ingilisdilli versiyasının ilk nömrəsinin təqdimatı keçiriləcəkdir.

Jurnalın baş redaktoru Leyla Əliyeva demişdir: "Yeni jurnal da 2007-ci ildən Rusiyada nəşr edilən rusdilli analoqu kimi, öz oxucularını (bu dəfə artıq ingilisdilli oxucuları) Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və müdrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların müasir həyatı haqqında söhbət açacaqdır. "Bakı" jurnalı Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına", bu xalqın ən ülvi və gözəl cəhətlərini üzə çıxarmağa kömək edəcəkdir. Bu jurnal böyük şəhərin vizit vərəqi, ucsuz-bucaqsız dünya interyerində bu ölkənin jurnal-portreti olacaqdır".

Rübdə bir dəfə nəşr edilməsi planlaşdırılan "Bakı" jurnalı həm də dünyada dəbdə olan trendlər aləmində bələdçi olacaqdır. Jurnalda incəsənət haqqında ən maraqlı materiallar toplanacaq, onun qəhrəmanları müasir şedevrlərin ən məşhur müəllifləri olacaq, "Bakı"nın səhifələrini bədii fotoqrafiya sahəsində tanınmış ustaların işləri bəzəyəcəkdir.

İngilisdilli layihəni həyata keçirən "Conde Nast" nəşriyyat evinin niyyətinə görə, jurnal təkcə Böyük Britaniyada deyil, Fransa, ABŞ, İtaliya və başqa ölkələrdə də yayılacaqdır.

Məhz bu səbəbdən, jurnalın ingilisdilli versiyasının yaradılması işinə dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları cəlb edilmişdir. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər.

Leyla Əliyevanın sözlərinə görə, jurnal Şərq ilə Qərbin qovuşduğu və bir-birini ahəngdar şəkildə tamamladığı heyrətamiz bir məkan olan Azərbaycanın həyat tərzini və fəlsəfəsini bütün dünyaya təqdim edə biləcəkdir. Jurnalın rusdilli versiyasının uğurları buna ümid etməyə əsas verir ki, ingilisdilli versiya oxucuların böyük marağına səbəb olacaqdır.

"Cande Nast" nəşriyyat evində bu layihənin uğurlu olacağına əmindirlər, çünki bu dünya şöhrətli şirkətin təcrübəsi, habelə Leyla Əliyevanın işə yaradıcı yanaşması sayəsində dünya bazarına tamamilə nadir bir nəşr çıxacaq və heç şübhəsiz, bu nəşr geniş oxucu auditoriyasının zövqünü oxşayacaqdır. "Bakı" jurnalı incəsənət və moda aləmində müasir cərəyanların avanqardında olmaq niyyətindədir. O, Qərbdə və Şərqdə, Azərbaycanda və bütün dünyada həmin cərəyanların aparıcı xadimləri arasında yaradıcı ünsiyyət üçün gözəl məkan olacaqdır.

Yalnız uğurlu brendlərlə işləyən "Conde Nast" nəşriyyat evinin nüfuzu bu perspektivlərin ciddiliyinə dəlalət edir.

"Bakı" jurnalı lap əvvəldən bütün bakılıları və onların bu gün dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşr kimi nəzərdə tutulmuşdur. Lakin bütün bu insanları bir-birinə bağlayan amil vaxtilə yaşadıqları və ya olduqları şəhər haqqında xatirələrdir".

 

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.5.