Azərbaycan-Fransa İqtisadi Komissiyasının VI iclasında mühüm vəzifələr
müzakirə olunmuşdur
Parisdə Azərbaycan-Fransa biznes forumu keçirilmişdir
Birgə səylər nəticəsində əlaqələr
hərtərəfli genişlənmiş
və dərinləşmiş,
Azərbaycan-Fransa münasibətləri
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, bu bəyanatla
Parisdə Azərbaycan-Fransa
İqtisadi Komissiyasının
VI iclasında komissiyanın
Azərbaycan tərəfdən
həmsədri maliyyə
naziri Samir Şərifov çıxış
etmişdir. İclasda
Fransanı bu ölkənin ticarət naziri, komissiyanın həmsədri Pyer Leluş təmsil etmişdir.
İki ölkə
arasında müxtəlif
sahələrdə əlaqələrin
mövcud vəziyyətinin
və əməkdaşlıq
perspektivlərinin müzakirə
olunduğu iclasda Azərbaycanın maliyyə
naziri Samir Şərifov çıxış
edərək bildirmişdir
ki, qarşılıqlı
səfərlər ölkələr
arasında siyasi və iqtisadi əlaqələrin daha da yaxınlaşmasında
mühüm rol oynayır.
S.Şərifov demişdir ki, birgə səylər nəticəsində əlaqələr
hərtərəfli genişlənmiş,
Azərbaycan-Fransa münasibətləri
strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmişdir.
Fransanın Azərbaycanla
dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafına böyük
əhəmiyyət verdiyini
deyən komissiyanın
Fransa tərəfindən
həmsədri P.Leluş
isə iqtisadi komissiyanın ölkələr
arasında qarşılıqlı
faydalı iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində
mühüm rol oynadığını qeyd
etmişdir.
İclasda Avropa
İttifaqının enerji
təhlükəsizliyinin təmin
olunmasında Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin aparıcı
rol oynadığı
vurğulanmış, TOTAL və
"GDF SUEZ" şirkətləri ilə SOCAR şirkəti arasında əməkdaşlığın
möhkəmləndirilməsi və daha da
genişləndirilməsi qərara
alınmışdır.
Müzakirələrdə təklif olunmuşdur ki, Azərbaycan və Fransa şirkətlərinin ixrac,
ticarət və investisiya ilə bağlı təşkil olunan konfrans, seminar, biznes forumu, sərgi və yarmarkalarda iştirakı təmin edilsin. Azərbaycanda qeyri-neft və qaz sektorunun
inkişaf etdirilməsi
və bu sahədə investisiya layihələrinin həyata
keçirilməsi məqsədilə
Azərbaycan Respublikasının
ərazisində Fransa
maliyyə institutlarının
"Azərbaycan İnvestisiya
Şirkəti" ASC ilə
birgə investisiya fondunun yaradılması imkanının müzakirə
edilməsinin vacibliyi ifadə olunmuşdur.
Azərbaycan tərəfi
ətraf mühit və su sahəsində
mühüm layihələrin
həyata keçirilməsində
Fransa şirkətlərinin
əməkdaşlığını qeyd edərək, ölkədə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində beynəlxalq
maliyyə qurumları
ilə birgə həyata keçirilən
layihələr çərçivəsində
davam edən tenderlərdə fransız
şirkətlərini fəal
iştirak etməyə
dəvət etmişdir.
Bundan əlavə, komissiya üzvləri tərəfindən yaxın,
orta və uzaq məsafələrə
uçuşlar edən
təyyarələrin gələcəkdə
təchizatı ilə
bağlı "Azərbaycan
Hava Yolları" QSC
və "Airbus" şirkəti
arasında mövcud əməkdaşlıq dəstəklənmişdir.
İclasda Azərbaycan
tərəfi İqtisadi
Əməkdaşlıq və
İnkişaf Təşkilatında
(İƏİT) həmin bu
qurum tərəfindən
eksport kredit çərçivəsində kredit resurslarının ayrılması mexanizmini daha aşağı faiz dərəcəsi ilə tətbiq etdiyi daha yüksək
ölkələr qrupuna
daxil edilməsi məsələsini qaldırmış,
fransız tərəfi
isə son beş ildə Azərbaycanın beynəlxalq kredit reytinqlərinin artmasını
nəzərə alaraq
bu işə öz töhfəsini verməyi öhdəsinə
götürmüşdür.
Azərbaycan və
Fransa arasında təhsil sahəsində əlaqələrin müvəffəqiyyətlə
inkişaf etdiyini vurğulayan komissiya üzvləri bu istiqamətdə iki ölkənin əməkdaşlığı
çərçivəsində prioritet kimi Azərbaycanda fransız dilinin, Fransada isə Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi və
genişləndirilməsi, kadr
mübadiləsi, tələbə
hazırlığı məqsədilə
təqaüd proqramlarının
təsis edilməsini qeyd etmişlər. Bildirilmişdir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə
təsdiq edilmiş
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində 34 nəfər gənc Azərbaycan dövlətinin
maliyyə dəstəyi
ilə Fransanın müxtəlif ali təhsil müəssisələrində
təhsil alır. Bundan əlavə, Azərbaycanın 7 ali təhsil müəssisəsində
fransız dili və ədəbiyyatı
ixtisas fənni tədris olunur, orta məktəblərdə
70 mindən çox şagird fransız dilini öyrənir. Bu əlaqələrin davamı
olaraq 2011-ci il martın 1-də Heydər
Əliyev Fondu, Təhsil Nazirliyi, Fransanın Azərbaycandakı
səfirliyi və Dövlət Neft Şirkəti tərəfindən
Bakı şəhərində
fransız dili məktəbinin təsis edilməsi haqqında Niyyət Bəyannaməsi
imzalanmışdır.
İclasda həmçinin
Azərbaycan və Fransa arasında ticarət əlaqələrinin
uzunmüddətli inkişafı,
infrastruktur layihələri,
mülki aviasiya və hava yolları,
dəmir yolu, şəhər və yol nəqliyyatı, kosmik və telekommunikasiya texnologiyaları,
fövqəladə hallar
riskinin azaldılması,
maliyyə əməkdaşlığı
və digər sahələr üzrə əlaqələrin inkişafı
və daha da genişləndirilməsi
ilə bağlı da müzakirələr aparılmışdır.
Bundan başqa,
Avropa İttifaqı institutları ilə Azərbaycan arasında mövcud əməkdaşlığın
daha da genişləndirilməsi
və Azərbaycanın
Dünya Ticarət Təşkilatına üzv
qəbul edilməsi üçün Fransanın
gələcəkdə təkmilləşdirilməsi
tələb olunan bütün digər sahələrdə ölkəmizlə
əməkdaşlığına dair fikir mübadiləsi
də aparılmışdır.
İclasın sonunda Azərbaycan Respublikası hökuməti
və Fransa Respublikası hökuməti
arasında İqtisadi
Komissiyanın VI iclasının
yekunlarına dair Protokol imzalanmışdır.
Sonra maliyyə
naziri Samir Şərifov və Fransanın ticarət naziri Pyer Leluş
jurnalistlərə müsahibə
vermişlər.
* * *
Daha sonra
İqtisadi İnkişaf
Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın
və İnvestisiyaların
Təşviqi Fondunun təşkilatçılığı ilə (AzPROMO) Fransa Respublikası və Azərbaycan Respublikası Hökumətlərarası
İqtisadi Komissiyasının
iclası çərçivəsində
Azərbaycan-Fransa biznes
forumu keçirilmişdir.
Tədbirdə rəsmi şəxslərlə
yanaşı, Fransa və Azərbaycan tərəfdən neft və qaz, sənaye,
nəqliyyat, enerji, maliyyə, tikinti və digər sahələrdə fəaliyyət
göstərən 70-dən çox iş adamı iştirak etmişdir.
Biznes forumunda
çıxış edən
Azərbaycan-Fransa Hökumətlərarası
İqtisadi Komissiyanın
həmsədri, maliyyə
naziri Samir Şərifov iki ölkə arasında mövcud iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, iş adamları arasında əməkdaşlığın
genişləndirilməsinin əhəmiyyəti barədə
məlumat vermiş, münasibətlərin dərinləşməsində
biznes forumlarının,
işgüzar görüşlərin
əhəmiyyətini vurğulamışdır.
Tədbirdə AzPROMO-nun prezidenti Adil Məmmədov ölkəmizin investisiya və ixrac imkanları,
"Azərbaycan İnvestisiya
Şirkəti"nin icraçı
direktoru Əfqan İsayev və "Təmiz Şəhər"
ASC-nin idarə heyətinin sədri Zakir İbrahimov təmsil etdikləri qurumların fəaliyyəti
və həyata keçirilən layihələr
barədə təqdimatlarla
çıxış etmişlər.
Biznes forumu
çərçivəsində iş adamları arasında ikitərəfli
görüşlər keçirilmiş,
əməkdaşlığın perspektivləri müzakirə
olunmuşdur.
AzərTAc
Azərbaycan.-2011.-27
sentyabr.-S.5.