Təhsilin və elmin inkişafına böyük
töhfə
Azərbaycanda elmin,
təhsilin tərəqqisi istiqamətində aparılan uğurlu dövlət siyasəti bu gün öz
bəhrəsini verməkdədir. Məqsədyönlü təhsil
strategiyasının nəticəsidir ki,
Naxçıvanda möhkəm milli əsaslara
malik, güclü maddi-texniki bazası olan müasir tipli universitet formalaşmışdır.
45-ci
tədris ilinə qədəm qoymuş,
32 mindən çox məzunu olan, 11 fakültədə 47 ixtisas
üzrə ali təhsilli mütəxəssislər
hazırlayan Naxçıvan Dövlət Universitetinin
108 hektarlıq ərazini əhatə edən, yeni
tipli universitet şəhərciyi
bir-birinin ardınca istifadəyə verilən
yeni tədris binaları ilə günbəgün daha
da gözəlləşir. Təkcə
2011-ci ildə istifadəyə verilmiş,
mükəmməl şəraitə, füsunkar
görünüşə malik tələbə
evi, qonaq evi, Tələbə Sosial
Xidmət Mərkəzi buna parlaq sübutdur.
Naxçıvan Dövlət Universitetinin
magistratura üzrə
dekanlığının tədris binası da
əsaslı şəkildə yenidən qurularaq
istifadəyə verilmışdir. Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin Sədri Vasif Talıbov
açılış mərasimində iştirak
etmişdir.
Universitetin rektoru akademik, Milli Məclisin
deputatı İsa Həbibbəyli tədbirdə
çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikada elmin, təhsilin
inkişafına göstərilən diqqət və
qayğıdan, universitetdə təhsilin və tədrisin səviyyəsinin
yüksəldilməsi, elmin
inkişafı istiqamətində qazanılan müvəffəqiyyətlərdən
danışmışdır. Rektor
bildirmışdir kı, hazırda Azərbaycan MEA-nın 2 həqiqi,
5 müxbir üzvünün
çalışdığı bu ali təhsil ocağında 40-a yaxın elmlər
doktoru, 192 fəlsəfə doktoru fəaliyyət göstərir. Beynəlxalq
əlaqələr sahəsində də böyük
uğurlar əldə olunmuşdur.
Dünyanın 4 qitəsində yerləşən,
50-dən çox universitet
ilə tərəfdaşlıq edən bu
təhsil ocağı Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, İpək
yolu və Qafqaz
Universitetləri cəmiyyətlərində, Qara
Dəniz Ölkələri Birliyində milli
ali təhsilimizi layiqincə təmsil edir. Burada
dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbə
təhsil alır. Bu ali
təhsil müəssisəsi Şərq mənəviyyatlı,
Avropa təfəkkür tərzinə malik, yüksək intellektli,
vətənpərvər gəncliyin yetişməsinə əzmlə
xidmət göstərir.
Rektor universitetin bakalavr və magistratura
pilləsinin tamamlanmasında və doktoranturanın
inkişafındakı rolundan
danışmışdır. Qeyd olunmuşdur ki, 1997-ci ildə
9 ixtisas üzrə 24 tələbə ilə
fəaliyyətə başlayan magistraturada 21 istiqamət, 40 ixtisas
üzrə kadr hazırlığı
aparılır. Tədris prosesində 200-dən
artıq professor-müəllim heyətinin iştirak
etdiyi magistraturanı indiyədək 812 nəfər
bitirmişdir ki, onlardan 67-si xarici ölkə
vətəndaşıdır. 2011-ci ildə bu
təhsil pilləsi üzrə 38 ixtisas
üzrə 119 tələbə məzun olmuşdur
ki, bunlardan 35 nəfəri
xarici ölkə nümayəndəsidir.
Hazırda universitetdə 241 magistrant təhsil
alır. Magistr məzunların işlə təmin olunmasına muxtar respublika rəhbərliyinin
xüsusi diqqət və
qayğısından söz açan rektor
xatırlatmışdır kı, onların 112 nəfəri bu gün məhz
universitetdə, öz müəllimləri
ilə çiyin-çiyinə fəaliyyət göstərir.
Akademik İsa Həbibbəyli
çıxışının sonunda əsaslı
şəkildə yenidən qurulan, ən müasir texnologiya və tədris
avadanlıqları ilə təmin olunan yeni binanın istifadəyə verilməsini Azərbaycanın
dövlət müstəqilliyinin 20 illiyinə sanballı
töhfə kimi dəyərləndirmiş,
Ali Məclisin Sədrinə universitet kollektivinin
dərin minnətdarlığını
çatdırmışdır.
Ərəb
dili ixtisası üzrə II kurs magistri Leyla
İsmayılova tələbə həmkarları adından
çıxış edərək yaradılan yüksək
şəraiti, göstərilən hərtərəfli
qayğı və etimadı elmdə və təhsildə
qazanacaqları nailiyyətlərlə
doğruldacaqlarını bildirmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov
çıxış edərək ümummilli
lider Heydər Əliyevin təhsil siyasətindən,
milli elmin, təhsilin inkişaf strategiyasının bu
gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsindən
danışmışdır. Qeyd olunmuşdur
ki, Naxçıvan Dövlət Universiteti Azərbaycan ali
təhsil sistemində özünəməxsus yer
tutaraq, milli təhsil
tariximizə yaddaqalan uğurlarla
imza atmaqdadır. Ali Məclisin
Sədri universitetdə magistratura pilləsinin
regionda elmi-pedaqoji potensiala olan tələbatın
ödənilməsi, müvafiq elmi qurumların məqsədyönlü fəaliyyətlərinin
təmin olunması məqsədilə
yaradıldığını vurğulamışdır. Ali Məclisin
Sədri universitetin elmi-pedaqoji
kadrların hazırlanmasındakı, yüksək
ixtisaslı mütəxəssislərin yetişməsindəki,
elmi-pedaqoji, elmi-tədqiqat sahəsində
peşəkar səviyyəli gənclərin
formalaşmasındakı rolundan bəhs etmiş, magistr tələbələrə
dəyərli tövsiyə və tapşırıqlar vermişdir.
Açılışı
bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur. 1908-ci ildə tikilmiş
bina klassik memarlıq üslubunu saxlamaqla ən müasir, dünya
standartlarına cavab verəcək şəkildə
yenidən qurulmuş, tədris
avadanlıqları, son nəsil texnologiyalarla təchiz olunmuşdur.
Binanın foyesində İncəsənət
fakültəsinin müəllim və tələbələrinin
əl işlərindən ibarət rəsm sərgisi ilə
tanışlıq olmuş, beşillik tarixə malik,
ayrıca kanalda yayımlanan, tədris yönlü universitet
televiziyasının, yenicə yaradılmış
"Nuhçıxan" universitet radiosunun proqramları izlənilmişdir.
Ali Məclisin Sədri
magistraturanın nəzdində yaradılmış Azərbaycanşünaslıq
Mərkəzi və Tələbə Turizm
Assosiasiyasının fəaliyyəti ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, "Azərbaycanşünaslıq"
seçmə fənninin tədrisində əhəmiyyətli
rol oynayacaq Mərkəz
azərbaycançılıq ideologiyasının təbliğinə,
Azərbaycanın kompleks şəkildə
öyrənilməsinə, Azərbaycan diasporu
ilə əlaqələr qurulmasına, dünya
universitetlərinə Azərbaycan həqiqətlərinin
operativ catdırılmasına xidmət edəcək.
Bu mərkəzdə azərbaycanşünaslığın
ən aktual problemləri - milli
tarixin, ədəbiyyatın, mədəniyyətin
təşəkkül tarixi ilə
bağlı elmi-tədqiqat işləri aparılacaq. Tələbə Turizm
Assosiasiyasının yaradılmasında məqsəd hotelçilik və turizm işini inkişaf etdirmək,
Azərbaycanın təbiətini, coğrafiyasını, turizm əhəmiyyətli ərazilərini, tarixi və təbiət abidələrini
öyrənmək, tələbələrin bu
sahədəki elmi-tədqiqat fəaliyyətlərini
genişləndirmək və dünyagörüşlərini
artırmaqdır. Tələbə Turizm Assosiasiyasının üzvləri bu məqsədlə
Naxçıvan-Bakı-Naxçıvan istiqamətində ilk tur layihəsini həyata
keçirmiş, Bakı şəhərinə,
Qəbələ və İsmayıllı rayonlarına səfər
etmiş, Türkiyə Cümhuriyyətinin
Doğu Bayazid və Qars bölgələrində olmuşlar.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin Sədri Vasif Talıbov
universitetdə aparılan tikinti-quruculuq
işləri ilə də tanış olmuş,
yeni tədris obyektlərinin tikintisi ilə bağlı
tapşırıqlar vermişdir.
Mehriban SULTAN
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.