Azərbaycan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüququn normaları və prinsipləri çərçivəsində,
beynəlxalq təşkilatların müvafiq sənədləri
və qərarları əsasında sülh yolu ilə həllinə
tərəfdardır
Azərbaycanın Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin 66-cı
sessiyası çərçivəsində İslam Əməkdaşlığı
Təşkilatının (İƏT) üzvü olan ölkələrin
xarici işlər nazirlərinin illik əlaqələndirmə
görüşündə çıxış etmişdir.
Nazir qeyd
etmişdir ki, hazırda tarixi əhəmiyyəti sosial, mədəni
və siyasi proseslərdə baş verən ziddiyyətlərlə
xarakterizə olunan bir zaman yaşanır: "Analitik
mühakimə bəzən proseslərin dinamikasından geridə
qalır. Qloballaşan dünyamız sürətlə dəyişir.
Bunun davamı olaraq, dünya nizamı və beynəlxalq
münasibətlər sistemi də dəyişir. Bu günlərdə
dünyanın müxtəlif regionlarında baş vermiş
siyasi hadisələr istənilən regionun geosiyasi vəziyyətini
dəyişməyə qadirdir. Bu hadisələr elə
sürətlə baş verir ki, güclü ölkələr
də buna mane ola bilmir və bu, qloballaşmanın
özüdür".
Dünyada
geosiyasi proseslərə çox həssas olan bir sıra
regionların olduğunu deyən E.Məmmədyarov
vurğulamışdır ki, Yaxın və Orta Şərq
ölkələrində baş verən sonuncu siyasi proseslər
beynəlxalq ictimaiyyətə sülh və sabitliyin necə
kövrək olduğunu nümayiş etdirdi. Azərbaycan
bütün üzv ölkələri islam dünyasında
baş verən münaqişələrin həlli istiqamətində
göstərilən səyləri beynəlxalq hüququn
normalarına və prinsiplərinə əsasən davam etdirməyə
təşviq edir. Bizim Fələstindəki vəziyyətlə
bağlı narahatlığımız davam edir. Azərbaycan
qardaş Fələstin xalqına sülh və sabitliyə
nail olunması, paytaxtı Şərqi Qüds olmaqla, suveren və
müstəqil Fələstin dövlətinin
yaradılması istiqamətində atdığı
addımları dəstəklədiyini bir daha bəyan edir və
Fələstinin BMT-nin tam hüquqlu üzv olmaq istəyini tam
dəstəkləyir".
Nazir Azərbaycanın
Somalidəki humanitar vəziyyətlə bağlı
narahatlıq keçirdiyini də qeyd etmişdir: "Dəhşətli
aclıq və quraqlığın ölkə ərazisinin
böyük hissəsini əhatə etməsi nəticəsində
on minlərlə insan həyatını itirmiş və
yüz minlərlə Somali vətəndaşı kütləvi
şəkildə qonşu ölkələrə
köçmüşdür. BMT-nin sonuncu hesabatlarına
görə, 12 milyon insan hələ də böhran içərisindədir
və 750 min insan ölüm riski ilə üz-üzədir. Bu, bəşəriyyətin
son 100 ildə üzləşdiyi və presedenti olmayan bir faciədir.
Bununla əlaqədar, biz, İƏT-in və müsəlman
ölkələrin Somalidəki humanitar fəlakətin
qarşısının alınması üçün zəruri
olan yardımın təmin edilməsi istiqamətində tam
potensialını reallaşdırmalıyıq. Azərbaycan
bu qardaş ölkəyə artıq humanitar yardım göstərmişdir".
E.Məmmədyarov bildirmişdir ki, BMT Təhlükəsizlik
Şurasında (TŞ) islahatların aparılması
bütün üzv ölkələri ciddi narahat edən bir məsələdir:
"İƏT-in BMT TŞ-də təmsil olunmağa və
müsəlman ölkələrin maraqlarını müdafiə
etmək üçün legitim tələb irəli sürməyə
haqqı vardır. Biz TŞ-nin üzv ölkələr
üçün daha təmsilçi, demokratik, səmərəli,
şəffaf və məsul bir quruma çevrilməsi
üçün hərtərəfli islahatların
aparılmasını dəstəkləyirik. Bununla əlaqədar,
hörmətli həmkarlarımı məlumatlandırıram
ki, Azərbaycan BMT Baş Məclisinin 66-cı sessiyası
zamanı keçiriləcək seçkilərdə
2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi
üzvlüyünə öz namizədliyini irəli
sürmüşdür. İƏT-in BMT TŞ-də təmsilçiliyinin
olması zərurətindən çıxış edərək,
üzv ölkələrin Azərbaycana davamlı dəstəyinə
güvənirik".
Nazir Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında
Azərbaycanın haqlı mövqeyini dəstəklədikləri üçün İƏT üzvlərinə
təşəkkürünü bildirmişdir: "Ermənistanın
Azərbaycana hərbi təcavüzü ilə bağlı
İƏT tərəfindən qəbul edilmiş
çoxsaylı qərar və qətnamələr, eyni
zamanda, İƏT-in üzvü olan ölkələrin dəstəyi
beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT Baş Məclisinin
və TŞ-nin Azərbaycanın işğal olunmuş əraziləri
ilə bağlı mövqeyinin formalaşmasında
mühüm rol oynamışdır. Azərbaycan hökuməti bu uzun sürən
münaqişənin beynəlxalq hüququn normaları və
prinsipləri çərçivəsində, BMT TŞ və
İƏT qətnamələrinin yerinə yetirilməsi, eyni
zamanda, ATƏT, Avropa Şurası və Avropa Parlamenti tərəfindən
qəbul edilmiş müvafiq sənədlər və qərarlar
əsasında sülh yolu ilə həllinə sadiq
qalır".
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.