KİV nümayəndələri üçün Şamaxıda seminar keçirilmişdir
Vergilər Nazirliyinin
Şamaxı rayonunda yerləşən Tədris
Mərkəzində KİV nümayəndələri üçün "Müstəqil Azərbaycanın
vergi sistemi" mövzusunda seminar keçirilmişdir.
Əvvəlcə
KİV nümayəndələri mərkəzin yeni inşa edilmiş tədris kompleksi
ilə tanış olmuşlar. Mərkəzin rəhbəri Yaşar
Kəlbiyev media nümayəndələrini
salamlayaraq seminarın bu
müasir kompleksdə ilk
tədbir olduğunu nəzərə
çatdırmış, mərkəzin fəaliyyəti və
onun iş prosesi ilə bağlı KİV nümayəndələrini
məlumatlandırmış, onun vəzifələri,
tədris metodları barədə
danışmışdır.
Seminarda çıxış edən Vergilər Nazirliyinin Vergi Siyasəti
və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev media
nümayəndələrinə müstəqillik
dövründə ölkəmizin vergi sisteminin formalaşdırılması mərhələləri,
aparılan islahatlar barədə məlumat
vermişdir.
Kommersiya Hüquqi Şəxslərin
Dövlət Qeydiyyatının Təşkili və İqtisadi Təhlil Baş
İdarəsinin rəisi Natiq Şirinov isə "Müasir
vergi sistemi və
perspektivlər" mövzusunda
çıxış edərək vergi
inzibatçılığının təkmilləşdirilməsi,
mütərəqqi informasiya
texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə
danışmışdır. Vergi Ödəyicilərinə Xidmət İdarəsinin
rəisi Elçin Məmmədov da, öz növbəsində,
seminar iştirakçılarına vergi ödəyicilərinə göstərilən
xidmətlər, bu sahədə nazirlik tərəfindən qəbul olunmuş "Vergi ödəyicilərinə
xidmətin təkmilləşdirilməsi Konsepsiyası",
eləcə də vergi sistemində
yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə
tutulan yeniliklər barədə məlumat
vermişdir.
Sonra Vergilər Nazirliyinin
rəsmiləri media nümayəndələrinin
suallarını cavablandırmışdır. Seminar
iştirakçılarına sertifikatlar təqdim
olunmuşdur.
Məlumat üçün bildirək ki,
Vergilər Nazirliyi sistemində
kadrların bilik və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsi
istiqamətində işlər nazirliyin Tədris
Mərkəzində həyata keçirilir.
Mərkəz ixtisasartırma və yenidən
hazırlama tədris müəssisəsi statuslu
elm və təhsil ocağı olmaqla dövlət vergi
orqanlarının vəzifəli şəxslərinin peşə
hazırlığının təkmilləşdirilməsini
və ixtisaslarının artırılmasını, habelə
vergi siyasətinə dair
elmi tədqiqatların
aparılmasını təmin edir.
Tədris
Mərkəzi "Dövlət vergi
orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Prezidentin 2001-ci il 19 iyul tarixli Fərmanına əsasən
yaradılmış və bu ilin sentyabr ayında
dövlət başçısının iştirakı ilə Şamaxı rayonunda onun yeni tədris kompleksi
istifadəyə verilmişdir. Yeni bina memarlıq üslubuna, texniki və texnoloji cəhətdən avadanlıqlarla təchizatına,
otaqlarda əlverişli iş
şəraitinə və infrastrukturuna
görə beynəlxalq standartlara cavab verir. Burada
təlim-təhsil üçün əlverişli
şərait və bu məqsədə xidmət edən infrastruktur sahələri
yaradılmışdır. Mərkəzin ekoloji
baxımdan əlverişli məkanda yerləşdirilməsi də
beynəlxalq təcrübə nəzərə alınmaqla həlledici
amillərdən biridir.
Kompleksin texniki
imkanları genişdir. Onun tərkibinə
üçmərtəbəli tədris, ikimərtəbəli
inzibati, üçmərtəbəli yataqxana, əməkdaşlar üçün
üçmərtəbəli iki yaşayış
binası və dəvət olunan ekspertlər
üçün ikimərtəbəli iki kottec, qapalı
idman-sağlamlıq kompleksi, qazanxana, elektrik
yarımstansiyası və digər xidmətedici tikililər
daxildir. Burada seminar və məşğələlərin
aparılması üçün kompyuterlərlə
tam təmin edilmiş
və hər birində proyektor olan auditoriyalar, konfrans zalı, iclas
zalı, kompyuterlərlə təmin olunmuş
kitabxana, İntranet və
internetə qoşulmuş kompyuterlə təmin
olunmuş oxu zalı,
akt zalı, üzgüçülük
hovuzu, idman-sağlamlıq kompleksi,
camaşırxana, yeməkxana, kafe və
digər xidmət sahələri yaradılmışdır.
Azərbaycan.-2011.-27
sentyabr.-S.6.