Arıçı da razıdır, alıcı da

 

 Bakı şəhərində 11-ci dəfədir bal sərgi-satış yarmarkası keçirilir. Artıq ənənə halını alan bu tədbirə ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən arıçılar gələrək öz məhsullarını paytaxt sakinlərinə nümayiş etdirməklə bərabər, bal satışını da həyata keçirirlər.

Son məlumata görə, Azərbaycanda 163 min 991 arı ailəsi mövcuddur. Hər arı ailəsindən orta hesabla 10-11 kiloqram bal alınır. Lakin bu il havaların həddindən artıq yağışlı keçməsi nəticəsində bal istehsalı xeyli azalmışdır. Nəticədə cari ildə təxminən 900 ton bal istehsalı gözlənilir. Ölkəmizdə arıçılıqla 6 mindən çox adam məşğul olur. Respublikada arı ailəsinin sayını təqribən 5 dəfə, məhsuldarlığı isə 2 dəfə artırmaq mümkündür. Son 5 ildə Azərbaycanda arı ailələrinin sayının 68 min 276 ədəd artması bunu söyləməyə əsas verir.

Sentyabrın 20-də start verilən respublika bal satış-sərgi yarmarkası öz fəaliyyətini oktyabrın 5-dək davam etdirəcək.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işiotlaqlar şöbəsinin müdiri, respublikanın əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov sərgi barədə məlumat verərək deyir ki, hazırda dünyada təbii baldan istifadəyə üstünlük verilir. Çünki bal və digər arı məhsulları insanın sağlamlığında mühüm rol oynayır. Təbii bal təkcə qida dedi, həm də əvəzsiz müalicə vasitəsidir. Son illərdə MDB məkanında da arıçılığın inkişafına xüsusi önəm verilir. Respublikamızın kənd təsərrüfatı işçiləri təcrübə mübadiləsi aparmaq üçün Rusiyada keçirilən analoji bal satış-sərgi yarmarkalarında iştirak edir.

Nazirliyin rəsmisi vurğuladı ki, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində bal sərgi-satış yarmarkaları şəhərin mərkəzində ən yaxşı şəraiti olan qapalı yerlərdə təşkil edilir. Biz də bu il yarmarkanı şəhərin mərkəzində qapalı şəraitdə keçirmək üçün Nazirlər Kabinetinə müraciət etdik. Əfsuslar olsun ki, həmin dövlət qurumundan müsbət cavab ala bilmədik. Buna görə də bildiyiniz kimi, sərgi-satış yarmarkasının şəhərin mərkəzindən aralı, Xətai rayonu ərazisində keçirməyə məcburuq.

Ç.Fərəcov qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyinin bu sərgini keçirməkdə əsas məqsədi bal satmaq deyil. İstəkləri Azərbaycanda arıçılıqda istifadə olunan yeniliklərlə ölkəmizdə fəaliyyət göstərən bütün arıçıları tanış etməkdir. Bu, satış-sərgi yarmarkası ilə bərabər bir növ elmi mübadilə tədbiridir. Tədbirin gedişində Türkiyənin məşhur arıçısı Əhməd İnci Azərbaycan arıçılarına dünyada arıçılıq sahəsində olan elmi yeniliklər barədə məlumat verəcək. Çünki Türkiyənin arıçılıq sahəsində zəngin təcrübəsi var. Əhməd İnci isə Türkiyədə bu sahədə ən yaxşı mütəxəssis sayılır. Vaxtilə o, Türkiyə Arıçılar Cəmiyyətinə sədrlik də etmişdir.

Sərgi-satış yarmarkasında satışa 400 ton bal, 1 kiloqram 800 qram arı südü, 50 kiloqram vələmum, 40 kiloqram çiçək tozu satılması nəzərdə tutulub. Artıq sərgiyə gətirilən məhsulun çox hissəsi satılıb. Hesablamalara görə, gündə yarmarkaya təxminən 3-4 min alıcı gəlir. Bunun da səbəbi yarmarkada satılan balın yüksək keyfiyyəti ilə bərabər qiymətinin münasib olmasıdır. Qiymətin aşağı olmasının səbəbi isə arıçılar üçün yaradılan şəraitlə bağlıdır. Belə ki, onlar bal satdıqları ərazidə yer pulu vermir. 250 arıçıya pulsuz stol verilib, qalanları isə 21 manata aldığı stoldan sərgi müddətində istifadə edirlər. Nazirlik bu yolla arıçıları əlavə xərclərdən azad edib ki, onlar da öz məhsullarını aşağı qiymətə satmaqla çox gəlir əldə edə bilsinlər.

Dünyada balın satış qiyməti 3-4 avro arasındadır. Rusiya Federasiyasının Başqırdıstan Muxtar Respublikasında istehsal olunan bal ən bahalı bal sayılır. Bu da 250 rubla, yəni bizim pulla 8 manata satılır. Rəqəmlərin müqayisəsindən göründüyü kimi, bu satış yarmarkada öz məhsullarını satmaqla arıçılar heçitirmir, əksinə, qazanırlar. Eyni zamanda, sərgiyə gələn alıcılar da qazanırlar. Qeyd edək ki, adi vaxtlarda keyfiyyətli bal 25-30 manatadaha baha qiymətə satılır. Buna görə də yarmarkaya gələn alıcılar belə bir tədbirin keçirilməsindən çox razıdırlar. Təqaüdçü Əli Məmmədov bizimlə söhbətdə deyir ki, özüm də, yoldaşım da təqaüdçüyük. Bilirsiniz ki, yaşlı adamların təmiz bala daha çox ehtiyacı var. Bizim isə 30 manata bal almağa imkanımız yox idi. Amma yarmarkadan adi vaxtlarda satılan 1 kiloqram balın əvəzinə, 2 kiloqram keyfiyyətli bal aldıq. Bu sərginin keçirilməsində zəhməti olanların hamısına minnətdarlığımı bildirirəm və arzulayıram ki, belə sərgi-satış yarmarkaları hər il keçirilsin. Yaxşı olardı ki, Bakıda daimi fəaliyyət göstərən  bal bazarı olsun. Bu bal bazarına da ciddi nəzarət olsun ki, işbazlar gətirib orada saxta bal sata bilməsinlər.

Onu da öyrəndik ki, yarmarkada satılan bütün ballara dövlət baytarlıq laboratoriyasında yoxlamadan keçdikdən sonra sertifikat verilir. Balın yoxlamadan keçirilməsi üçün adi vaxtlarda 25-40 manat tələb olunur. Lakin  sərgi-satış yarmarkasında satılan ballara bu sertifikatlar pulsuz verilir.

Laboratoriyalarda aparılan yoxlamalar nəticəsində məlum olub ki, ən yüksək keyfiyyətli balı sərgiyə Qax rayonundan Natiq Xəlilov və Nəzir Nəzirov gətiriblər. Onların ballarının (fermenti) diastas ədədi 17-dən yüksəkdir. Natiq Xəlilovdan bunun səbəbini soruşduqda bildirdi ki, o, balyığma mövsümündə arı ailələrinin yerini beş dəfə dəyişir. Bir növ həmişə arılar üçün əlverişli yem bazası yaradıb. Nəticə də göz qabağındadır: yüksək məhsuldarlıq və əla keyfiyyət əldə olunub.

Zaqatala rayonundan olan arıçı, "Eko-Zaqatala" MMC-nin direktoru Mövluddin Qurbanəliyev deyir ki, respublika bal sərgi-satış yarmarkası ölkəmizdə arıçılığın inkişafına böyük təkan verir. Buraya gələn arıçılar bir-birləri ilə fikir mübadiləsi aparır, əldə etdikləri təcrübələri, bilik və vərdişləri aralarında bölüşürlər. Deyir ki, Azərbaycanın müxtəlif bölgələrində arıçılıqda özünəməxsus ənənələr formalaşıb. Bu yarmarkada bütün bölgələrdə arıçılıq sahəsində əldə olunan müsbət təcrübəni öyrənirik. Qeyd edir ki, yarmarkada Naxçıvan Muxtar Respublikasından, cənub bölgəsindən gələn arıçılarla fikir mübadiləsi aparıb. O, arıçıları mehriban ailə adlandırır. Yarmarkada arıçıların arasında heç bir narazılıq, artıq söz-söhbətin olmadığını bildirir.

M.Qurbanəliyev həmçinin deyir ki, o, ekoloji cəhətdən təmiz bal əldə etmək üçün arıçılıqda kimyəvi maddələrdən istifadə etmir. Bunun əvəzində bioloji preparatlardan istfadə edərək pətəklərdən yüksək keyfiyyətli bal götürməyə nail olur. Əsas arzusu da əldə etdiyi təcrübəni digər arıçılarla bölüşməkdir. Sərgi ona bu arzusunu da həyata keçirməyə imkan verir.

 

 

 Rüstəm KAMAL

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.7.