«Azərbaycan xalçaları»
kitabı Qahirədə ərəb dilində nəşr
edilmişdir
Azərbaycan Respublikasının
Misir Ərəb Respublikasındakı səfirliyindən AzərTAc-a
daxil olmuş məlumatda bildirilir ki, YUNESKO-nun qeyri-maddi mədəni
irs siyahısına daxil edilmiş, xalqımızın zəngin
daxili aləmini, mədəniyyətini,
dünyagörüşünü və gözəllik duyumunu
əks etdirən Azərbaycan xalçaları haqqında
dolğun və elmi-tədqiqat əsaslı məlumat verən
Azərbaycan Dövlət Xalçaçılıq və Tətbiqi
Sənət Muzeyinin direktoru Röya Tağıyevanın
"Azərbaycan xalçaları" kitabı misirli alim Əbdülrəhman
əl-Xəmisinin redaktəsində səfirlik tərəfindən
ərəb dilinə tərcümə olunmuş və nəfis
tərtibatla nəşr edilmişdir.
Dörd fəsildən
ibarət kitabda Azərbaycanın
rəngarəng təbiətinin gözəlliklərini vəsf
edən xalçalarımızın təkrarolunmaz zərifliyi,
yaradıcılıq təxəyyülünün gücü
və yüksək sənətkarlığı ilə fərqləndiyi
qeyd olunmuş və Azərbaycan xalça mədəniyyətinin
tarixi inkişaf dövrləri, xalçaların növləri
və çeşniləri, hazırlanma texnologiyası, mənşəyi,
üzərində əks olunan rəmzi işarələrin mənası,
Azərbaycan xalçalarının yerli tipləri, Bakı,
Quba, Gəncə, Qazax və Qarabağ xalçaları
haqqında geniş məlumat və elmi baxımdan əsaslandırılmış
faktlar əksini tapmışdır.
Oxucunun diqqətini
cəlb etmək və Azərbaycan xalçalarının xarakterik
xüsusiyyətləri barədə oxucuda aydın və əyani
təsəvvür yaratmaq məqsədilə kitabda Azərbaycan
xalçalarının çoxsaylı fotoşəkilləri
də verilmişdir.
Kitab İsgəndəriyyə
Kitabxanasına, Misirin Dövlət Kitabxanasına və
aparıcı elmi-tədqiqat və mədəniyyət mərkəzlərinə,
universitetlərinə verilmiş, aparıcı ictimai-siyasi
xadimlərə və mədəniyyət nümayəndələrinə
hədiyyə edilmişdir.
Yaxın vaxtlarda Misirin aparıcı mədəniyyət
mərkəzlərində kitabın təqdimatının
keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan.-2011.-27
sentyabr.-S.7.