«Tərəzi haqqı»

 

Mənəvi dəyərlər

 

 Gəncədə məşhur bir ziyarətgah var - "Göy İmamzada". Görənlər bilir, ziyarətgaha gedən yolun üstündə çiy kərpicdən tikilmiş bir məqbərə də var. Camaat bu məqbərəni düzlük, halallıq rəmzi kimi ziyarət edir. Deyilənə görə, vaxtilə burada Comərd adlı haqqı nahaqqa verməyən bir qəssab yaşayırmış. Heç vaxt tərəzisi olmayıb Comərd kişinin. Əti əli, gözü ilə tarazlayarmış. Ət alanlara deyərmiş ki, Əli haqqı, nə almaram, nə də vermərəm.

Bir dəfə də olsun "tərəzi"sində ağır-yüngül basması olmayıb. Əli də, dilidüz olub cənnətliyin. Ona görə də neçə əsrdir insanlar adi bir qəssabın məzarını düzlük, halallıq rəmzi kimi ziyarətgaha çevirib. Tərəzisinə şübhə ilə yanaşan alıcını inandırmaq üçün əli, dili düz olan satıcı "Bu daş-tərəzi haqqı, düzü əyməmişəm", - deyər, bununla da artıq sorğu-suala ehtiyac qalmazmış. Çünki o zamanlar bazarda düzlüyü tarazlayan daş-tərəzi var idi.

Qurani-Kərimdə də Allah-taala insanlara haqq-ədalət ölçülərini keçməməyi buyurub. Tərəzidə düzlük isə ədalət meyarı kimi insanlara əmanət edilib. Allah haqqı, çörək haqqı, Quran haqqı kimi, tərəzi haqqı da var. Bu haqqı tapdamağın cəzası daha ağırdır. "Göyü O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu! Ona görə ki, çəkidə həddi aşmayasınız (insafı əldən verməyəsiniz). Tərəzini düz tutun, çəkini əskiltməyin (çəkidə insanflı olun, tərəzini korlamayın". ("Ər-Rəhman", 7, 9). "Vay halına çəkidə və ölçüdə aldadanların. O kəslərin ki, özləri xalqdan bir şey aldıqları zaman tam ölçüb alar, xalq üçün çəkib və ya ölçdükləri zaman onu əskildərlər". ("Mutəfifun", "Ənam" surələri).

Dinimizdə ticarət halal buyurulub və bəyənilir, ancaq onun da şərtləri var. Gərək əlin və nəfsin təmiz olsun, kisənə haram qatmayasan. Tərəzidə, ölçüdə ədalətli olmaq, çox qazanc məqsədilə insanları aldatmamaq. Tərəziyə xəyanətin hər iki dünyada cəzası ağırdır, deyirlər. Bunun mənasını anlamayan və anlayıb da qulaqardına vuran satıcılar dərk etmirlər ki, tərəzini ağır basmaqla qazanmır, bərəkətlərinə haram qatırlar.  

Bakı bazarlarında tərəzidə insanları aldatmaq adi hala çevrilib. Aldanan insanlar buna etiraz etsələr də, satıcılar çığır-bağırla "Biz buna cavabdeh deyilik, elektron tərəzidir, necə qoyublarsa, elə işləyir" deyirlər. Beləcə, alverçilər birbaşa girirlər insanların cibinə. Oğurluq təkcə birinin evinə girib əşyalarını götürmək və ya çantasından pul çıxarmaq deyil. Çəkidə, ölçüdə aldatmaq da oğurluğun bir növüdür. Bilmək olmur, tərəzinin yayını boşaldır, əyir, hər arşında 2-3 sm kəsir, ya hansı əməli edirlər ki, 2 kilo almanı çəkəndə 3 kilo gəlir. Oğurluq cəmiyyətimizdə və dinimizdə qadağan əməl olsa da, təəssüflə etiraf edək ki, bu gün dükan-bazarlarımızda oğurluğun bütün "növ" və "janr"ları sürətlə inkişaf edir, "çiçəklənir".      

Bir neçə ildir ki, həftənin şənbə-bazar günləri paytaxın rayonlarında münasib yerlərdə kənd təsərrüfatı mallarının satış-yarmarkası təşkil edilib. Bu bazarlar onun üçün nəzərdə tutulub ki, kəndli-fermerlərin əzab-əziyyətlə becərdiyi məhsul şəhər əhalisinə dəllalların əli ilə çatmasın, özləri satsın. Bu, alıcı üçün də, satıcı üçün də sərfəlidir. Di gəl ki, axtarsan yarmarkalarda bir nəfər də olsun öz bostanının məhsulunu satan kəndli tapmazsan. Onları bazara yaxın qoyan kimdir?! Satıcıların əksəriyyəti alverçilərdir. Becərdiyi bostan məhsullarını, mer-meyvəni rayonlardan gətirən zəhmətkeşlərdən su qiymətinə alır, od qiymətinə satırlar. Tərəziləri də yalan olmasın, yarım kilonu bir kilo çəkir. 

Vəziyyət o yerə çatıb ki, bazarlığa gedənlər, xüsusilə də qadınlar özləri ilə əl tərəzisi aparırlar. Alış-verişə gələn ortayaşlı Arifə xala deyir ki, bu yay od qiymətinə 3 kiloqram gilas aldım ki, mürəbbə bişirim. Evə gətirib çəkdik, 2 kilo 300 qram idi. Ondan sonra bazara gedəndə özümlə tərəzi aparıram. Satıcıların çoxu, xüsusən də alverçilər kimdə tərəzi görürlərsə, ona mal satmırlar, mən də onlardan almıram. Öz tərəzimlə çəkməyə kim razılaşırsa, ondan alıram, xüsusən də mürəbbə bişirmək üçün meyvə alanda özüm çəkirəm ki, şəkər tozu ilə bərabər olsun.

Satıcılar arasında razılaşdırılmış gizli bir qayda da var ki, heç bir satıcı o biri həmkarının çəkdiyi malı yoxlamaq üçün öz tərəzisinə qoymur. Onsuz da elektron tərəzilərin hamısı bir gündədir. Ona görə də bazarlarda tez-tez satıcılarla alıcılar arasında dava-dalaş düşür, alınan mallar geri qaytarılır.

Tərəzidə aldatmaq Bakı bazarlarında, xüsusən də yarmarkalarda baş alıb gedir. İnsanlar vəziyyətdən çıxış yolunu özləri ilə cib tərəzisi gəzdirməkdə görür. İnsanların çoxu deyir ki, ən halalı dədə-baba daş tərəzilərdir. Onlardan istifadə olunsa, alıcılarla satıcılar arasında baş alıb gedən didişmələrə son qoyular, ya da elektron tərəzilər elə kodlaşdırılmalıdır ki, alverçilər "əməl" edə bilməsinlər.

Müvafiq qurumlarla əlaqə saxlamaq istədik, cəhdlərimiz baş tutmadı. Lakin bu işin ciddiyyəti nəzərə alınmadıqca vəziyyət daha da gərginləşir, bazarlarda tez-tez münaqişələr yaranır. Yaxşı olardı ki, aidiyyəti qurumlar elektron tərəzilərə nəzarəti gücləndirsin, ya da bazarlara əlavə nəzarət tərəziləri qoyulsun.

Tərəzi ilə taraz sözü yaxınmənalı ifadələrdir. Tərəzimiz o vaxt tarazlaşacaq ki, haqqını verib, haqqını alasan. Əks təqdirdə, həm vətəndaşların cibi boşalacaq, həm də tərəzi haqqını pozanların sayı artacaq.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.7.