Məktəblilər üçün töhfə

 

 Ümumtəhsil məktəblərin IV sinifləri üçün də "Musiqi-4" dərslik dəsti (Azərbaycan və rus dillərində), nəhayət, işıq üzü gördü. Bu nəşrlər ondan əvvəlki dərsliklərdən həm məzmun, həm forma, həm də dizayn cəhətdən tamamilə fərqlidir. Əvvəlki üç ildə olduğu kimi, "Musiqi" dərslik dəsti üç kitabdan ibarətdir: dördüncülər üçün "Musiqi-4" dərsliyi, müəllim üçün "Metodik vəsait" və yenə də məktəblilər üçün "İş dəftəri".

"Musiqi-4" dərsliyi Təhsil Nazirliyinin qəbul etdiyi "Musiqi kurrikulumunun məzmun standartlarına tam uyğun gəlir. Dərslikdə ilboyu keçiriləcək 32 dərs (həftədə 1 saat olmaqla) mövzululuq prinsipinə əsaslanmışdır. Yəni, hər bir dərsin öz mövzusu vardır. Dərslik ümumilikdə 4 bölmədən ibarətdir və ora daxil olan dərslər bölmənin əsas mövzusunun açıqlanmasına xidmət edir. Dörd bölmənin əsas mövzularının adı belədir: "Azərbaycan xalq musiqisi", "Azərbaycan və dünya xalqlarının musiqisi", "Dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur", "Bəstəkar, ifaçı, dinləyici". "Azərbaycan xalq musiqisi" bölməsi 8 dərsdən ibarətdir. Bu dərslərdə şagirdlər Azərbaycan xalq musiqisinin janrları, xalq mahnıları, milli rəqslər, aşıq musiqisi, Azərbaycan muğamları və zərb-muğamları haqqında IV siniflərin yaş xüsusiyyətlərinə və səviyyəsinə uyğun qısa, dolğun bilgilər alırlar. Bu bilgilərlə bərabər, məktəblilər, eyni zamanda, xalq musiqimizi dünyada tanıtdıran məşhur musiqiçilərimiz, xanəndə və müğənnilərimiz, aşıqlarımız, rəqs sənətinin məşhur ustaları ilə də tanış olurlar. Onlar haqqında verilən qısa məlumatlarla yanaşı, dərslikdə bu sənətkarların şəkilləri də öz əksini tapmışdır.

"Azərbaycan və dünya xalqlarının musiqisi" adlanan bölmə də 6 dərsdən ibarətdir. Bu bölmədə Azərbaycan və Şimali Qafqaz xalqlarının rəqsləri arasındakı oxşar cəhətlər, bizim musiqidən rus bəstəkarlarının yaradıcılığında istifadə olunması, Azərbaycan bəstəkarlarının yaradıcılığında ərəb musiqisindən bəhrələnmə, Orta Asiya səhralarının təsviri, Azərbaycan bəstəkarının yaradıcılığında "Çin Ladi"dan təsiri və s. sadə şəkildə məktəblilərə çatdırılır.

III və IV bölmələr də 9 dərsdən ibarətdir.

"Musiqi-4" "İş dəftəri" adlanan nəşr isə məktəblilərin dərs prosesində əldə etdikləri bilikləri tətbiq etmək üçün nəzərdə tutulmuşdur. Bunun üçün müəlliflər müxtəlif testlərdən, krasvordlardan yetərincə istifadə ediblər. "Musiqi-4" "Müəllim üçün metodik vəsait"də hər bir dərsin müəllim tərəfindən həyata keçirilməsi üçün müxtəlif metod, forma və üsullardan istifadə etmək yolları çox maraqlı şəkildə öz əksini tapmışdır.

Bütün sivil ölkələrdə "Musiqi" fənni üçün qeyd etdiyimiz vəsaitlərdən əlavə, içərisində musiqi materialı yazılmış disklər də, yəni "fonomüntəxəbat" müəllimlərə verilir. "Musiqi" dərslərində musiqi dinlənilməli, mahnılar oxunmalı, musiqili-ritmik hərəkətlər həyata keçirilməlidir. Yəni, musiqisiz musiqi dərsləri ola bilməz. Təəssüflər olsun ki, son üç ildə "Musiqi" fənninin bu sahədə hazırlığı olmayan ibtidai sinif müəllimlərinə tapşırılması, musiqi materialları yazılmış disklərdən istifadə edilməməsi ona gətirib çıxarıb ki, ibtidai siniflərdə bu fənn demək olar ki, tədris olunmurçox halda başqa fənlərlə əvəzlənir. Yəni, məktəblilərimiz musiqi mədəniyyətindən kənarlaşdırılır.

Güman edirik ki, bu sahədə qeyd olunan qüsurlar tezliklə aradan qaldırılacaq və məktəblərimizdə "Musiqi" fənni mükəmməl tədris olunacaq. Əldə dərsliklər də var. Bu gözəl "Musiqi" dəsti "Təhsil" nəşriyyatı tərəfindən çap olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, dərs vəsaitlərinin müəllifləri bəstəkar, professor Oqtay Rəcəbov, professorlar Kazım Kazımov, Yeganə Axundova və respublika İncəsənət Gimnaziyasının müəllimi Ofelya İmanova milli dəyərlərimizə və Avropa standartlarına tam uyğun gələn kitablar yaratmışlar.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.-2011.-27 sentyabr.-S.7.