Azərbaycan ABŞ-la əlaqələrə böyük önəm verir

 

 Sentyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ABŞ-ın Kaliforniya Senatının qanunvericilərindən ibarət nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri Azərbaycanın ABŞ-la əlaqələrin inkişafına önəm verdiyini dedi. Qeyd etdi ki, hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu əlaqələr terrorçuluğa qarşı birgə mübarizə, enerji təhlükəsizliyi və digər vacib sahələri əhatə edir. İndiyədək iki dövlət arasında 70-dən artıq sənədin imzalandığını deyən Oqtay Əsədov iqtisadi əlaqələrin də inkişaf  etdiyini, bu ilin 6 ayında ikitərəfli ticarət dövriyyəsinin 1 milyard 200 milyon dollar təşkil etdiyini bildirdi.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın ABŞ-ın ştatları ilə də əlaqələrin inkişafına əhəmiyyət verdiyini qonaqların diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərində Baş Konsulluğu fəaliyyət göstərir. Ölkəmiz ştatların qanunvericilik orqanları ilə də əlaqələrdə maraqlıdır. Belə əlaqələr ikitərəfli münasibətlərin inkişafına təkan verir. Oqtay Əsədov ümidvar olduğunu bildirdi ki, Kaliforniya Senatının qanunvericilərinin ölkəmizə səfəri əlaqələrə öz töhfəsini verəcək.

Azərbaycanın dinamik inkişaf edən və Avratlantik məkana inteqrasiya olunan ölkə olduğunu deyən Oqtay Əsədov bununla belə ölkəmizin ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmadığını bildirdi. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədri olan ABŞ Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. İnanırıq ki, Minsk qrupuna həmsədr dövlətlər səylərini daha da artıracaqlar və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaq.

Görüş üçün təşəkkürünü bildirən nümayəndə heyətinin başçısı, Kaliforniya Senatının Ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri Cozef Simitian dedi ki, Azərbaycanın artan iqtisadi imkanları bütün dünyada onun nüfuzunu gücləndirir. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz ədalətli həllini tapacağına ümid etdiyinibildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.-2011.-28 sentyabr.-S.2.