Azərbaycanla Argentina arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var

 

 Sentyabrın 27-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşmüşdür.

Oqtay Əsədov dedi ki, Argentinanın parlament nümayəndələrini Azərbaycanda gördüyümüz üçün çox şadıq. İnanırıq ki, bu müddət ərzində ölkəmiz haqda sizlərdə çox xoş təəssüratlar yaranıb.

Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi vurğulayan Oqtay Əsədov onu da qeyd etmişdir ki, bu səfər hər iki ölkənin parlamentləri arasında deyil, eləcə də bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinə yeni təkan verəcək. Məhz buradakı görüşlərdən sonra ümidvarıq ki, Argentina dövlətinin də ölkəmizdə səfirliyi yaradılacaq.

Görüşdə Ermənistanın hərbi təcavüzü, etnik təmizləmə siyasəti barədə də ətraflı məlumat verən Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qonaqlara  minnətdarlıq etmişdir.

Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri deputat Roberto Mario Mouilleron isə ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi. O bildirdi ki, bu səfər ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf perspektivlərinə, qarşılıqlı səfərlərin sayının artırılmasına, beynəlxalq əməkdaşlıq və digər məsələlərə öz töhfəsini verəcək.

Sonda tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

 

Azərbaycan.-2011.-28 sentyabr.-S.2.