Argentinalı deputatlar Milli Məclisdə
olublar
Sentyabrın 27-də ölkəmizdə səfərdə olan Argentina - Azərbaycan
parlamentlərarası dostluq qrupunun üzvləri Milli Məclisdə
Argentina ilə parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvləri ilə
görüşmüşlər. Qrupun rəhbəri Rüstəm Xəlilov
demişdir ki, respublikamız müstəqilliyini bərpa etdikdən
sonra digər ölkələrlə olduğu kimi, Argentina ilə
də sıx əlaqələr qurmuşdur.
İnanırıq ki, argentinalı deputatların bu səfərindən
sonra parlamentlərarası əməkdaşlığımız
daha da genişlənəcəkdir.
Rüstəm Xəlilov
qonaqlara Azərbaycanın sosial-iqtisadi inkişafı,
regiondakı mövqeyi, nüfuzu barədə ətraflı məlumat
vermiş, Argentina ilə təkcə siyasi deyil, iqtisadi əlaqələrin,
eləcə də ticarət dövriyyəsinin
artırılması üçün geniş imkanlar
olduğunu bildirmişdir. O, Bakıda Argentinanın səfirliyinin
açılmasının hər iki tərəf
üçün səmərəli olacağını
vurğulamışdır.
Daha sonra
işçi qrupunun rəhbəri Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünün acı nəticələrindən
söz açmış, münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında, ölkəmizin
ərazi bütövlüyü çərçivəsində
həllini tapacağına və Argentinanın rəsmi
Bakının ədalətli mövqeyini dəstəkləyəcəyinə
ümidvar olduğunu bildirmişdir.
Argentina-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri deputat Roberto
Mario Mouilleron Azərbaycana səfərlərindən məmnun
qaldıqlarını bildirmişdir.
O demişdir ki, səfər çərçivəsində
çox səmərəli görüşlər
keçirmiş, Azərbaycan ilə bağlı geniş məlumatlar
əldə etmişlər. Qonaq respublikamızın zəngin mədəniyyətə,
təbii sərvətlərə malik, tolerant ölkə
olduğunu vurğulamışdır.
Sonda Roberto Mario Mouilleron bildirmişdir ki,
Argentinada Azərbaycana böyük maraq var. Parlamentlərarası
dostluq qrupu yaradılarkən Argentina parlamentinin hər iki
palatası tərəfindən dəstək
alınmışdır. Biz çalışacağıq ki,
tez bir zamanda Bakıda Argentinanın səfirliyi
açılsın.
Azərbaycan.-2011.-28
sentyabr.-S.3.