Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır

 

Dünən Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri  ilə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri arasında görüş keçirildi.

Komitənin üzvü Asim Mollazadə demişdir ki, bu gün Azərbaycan ilə Argentina arasında münasibətlər müxtəlif  sahələrdə inkişaf edir. Azərbaycanın qədim dövlətçilik tarixi olduğunu vurğulayan A.Mollazadə demişdir ki, dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz sürətli inkişaf  yolu keçmişdir.

O, həmçinin qonaqlara ölkəmizin sosial-iqtisadi inkişafı, regiondakı mövqeyi, eləcə də bölgədə həyata keçirilən irimiqyaslı layihələrdəki birbaşa iştirakı barədə ətraflı məlumat vermişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə üzvü terrorun işğalçı ölkədə dövlət səviyyəsində dəstəkləndiyini konkret faktlarla diqqətə çatdırmışdır. A.Mollazadə Argentinanın bu məsələdə rəsmi Bakının ədalətli mövqeyini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirmişdir.

Daha sonra Argentina-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri deputat Roberto Mario Mouilleron demişdir ki, argentinalı deputatlar səfər çərçivəsində çox səmərəli görüşlər keçirmiş, Azərbaycan ilə bağlı zəngin məlumatlar əldə etmişlər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə - 20 ildə əldə etdiyi uğurlar həqiqətən də təqdirəlayiqdir. İnanırıq ki, bizim qarşılıqlı səfərlərimiz, keçirdiyimiz görüşlər təkcə parlamentlər deyil, xalqlarımız arasında da münasibətlərin genişlənməsinə təkan verəcəkdir.

R.Mouilleron Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalı olduğunu qeyd etmişdir: "Biz Azərbaycanın üzləşdiyi problemi başa düşürük, torpaqlarının işğalı faktını pisləyirik. Argentinanın da torpaqlarına qəsd edilmişdir. Ona görə də biz hesab edirik ki, bu cür münaqişələr yalnız və yalnız dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır".

Sonda tərəflər arasında digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2011.-28 sentyabr.-S.3.