Bakıda
«İnzibati ədalət mühakiməsi: təcrübə və
problemlər» mövzusunda XVIII Beynəlxalq seminar keçirilir
Sentyabrın 27-də Bakıda müasir ədalət
mühakiməsinin aktual problemlərinə həsr olunmuş
"İnzibati ədalət mühakiməsi: təcrübə
və problemlər" mövzusunda XVIII Beynəlxalq seminar
işə başlamışdır.
AzərTAc xəbər verir ki, seminar Azərbaycan
Respublikasının Məhkəmə-Hüquq
Şurasının, Azərbaycan Hüquqşünaslar
Konfederasiyasının (AHK), Beynəlxalq
Hüquqşünaslar İttifaqının (BHİ), Almaniya
Federal Ali Məhkəməsinin Hakimlər və Prokurorlar
Assosiasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq
Təşkilatının (GİZ) və Amerika
Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ)
Bakı ofisinin birgə təşkilatçılığı
ilə keçirilir.
Məqsəd inzibati məhkəmələr
sahəsində milli və beynəlxalq təcrübəni
bölüşmək və ədalət mühakiməsinin
aktual problemlərini müzakirə etməkdir.
Seminarı Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin və Azərbaycan
Hüquqşünaslar Konfederasiyasının (AHK) sədri Əli
Hüseynli açaraq tədbirin əhəmiyyətindən
danışmışdır. Bildirmişdir ki, AHK Beynəlxalq
Hüquqşünaslar İttifaqının Koordinasiya
Şurasının üzvüdür və biz qərara almışdıq ki, Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümü ərəfəsində Bakıda belə
böyük bir beynəlxalq tədbir keçirilsin.
Seminarın mövzusunun inzibati ədalət mühakiməsi
olduğunu deyən Əli Hüseynli qeyd etmişdir ki,
artıq yanvar ayından Azərbaycanda hüquq sistemi
üçün yeni olan bir qurum - inzibati məhkəmələr
fəaliyyətə başlamışdır. Ölkəmizin
iqtisadi baxımdan inkişafının indiki mərhələsində
inzibati məhkəmələrin fəaliyyət göstərməsi
çox əhəmiyyətlidir.
Beynəlxalq Hüquqşünaslar
İttifaqının sədri Andrey Trebkov, Məhkəmə-Hüquq
Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət
Baş İdarəsinin rəisi Azər Cəfərov, Almaniya
Federal Ali Məhkəməsinin vitse-prezidenti Volfqanq Şlik və
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle
seminarın Bakıda keçirilməsini yüksək qiymətləndirmişlər.
Qeyd edilmişdir ki, seminarda inzibati ədalət
məhkəməsi sahəsi üzrə olan məsələlər
müzakirə edilir. Lakin bundan əvvəlki seminarlarda isə
daha çox hüquqi məsələlərə nəzər
yetirilmişdir. Bu beynəlxalq tədbir həm nəzəri cəhətdən,
həm də praktiki cəhətdən səmərəli
olacaqdır.
Tədbirdə Belarus Respublikası Ali Məhkəməsinin
sədri, BHİ-nin Əlaqələndirmə
Şurasının üzvü Valentin Sukalo, Almaniya Federativ
Respublikası Ali Məhkəməsinin hakimləri və
prokurorları, Rusiya Ali Məhkəməsinin, Ukrayna Ali
İnzibati Məhkəməsinin, Moskva Arbitraj Məhkəməsinin
hakimləri, eyni zamanda, Müstəqil Dövlətlər
Birliyindən bir çox tanınmış
hüquqşünaslar iştirak edirlər. Ümumilikdə tədbirdə
xarici və yerli hakimlər də daxil olmaqla 80-ə yaxın
hüquqşünas iştirak edir.
Seminarda "Almaniya Federativ
Respublikasında məhkəmə sisteminin, xüsusilə
ümumi inzibati məhkəmələrin inkişafının
icmalı", "Ukraynada inzibati ədalət mühakiməsinin
təşkili: inzibati hüquqpozmalara dair işlər üzrə
Ukrayna məhkəmələrinin təcrübəsi",
"Rusiyada inzibati icraat: rəqabət haqqında qanunvericilik
təcrübəsinin məhkəmələr tərəfindən
tətbiq edilməsi", "İnzibati xətalar haqqında
alman qanunu", "Azərbaycan Respublikasında inzibati ədalət
mühakiməsinin formalaşması", "Belarus
Respublikasının qanunvericiliyi və məhkəmə təcrübəsində
inzibati işlər üzrə ədalətli məhkəmə
araşdırması hüququnun realizəsi", "Azərbaycan
Respublikasında inzibati ədliyyə təcrübəsi"
və "Alman inzibati-prosessual hüququnun icmalı"
mövzularında məruzələr dinlənilmişdir.
Sonra məruzələr ətrafında
müzakirələr aparılmışdır.
İki gün davam edəcək seminarda
həmçinin "Hüququn aliliyi üzrə Bakı
Forumu"nun 2012-ci ildə keçirilməsi məsələsi
də müzakirə olunacaqdır.
Azərbaycan.-2011.-28
sentyabr.-S.3.