Biləsuvarda
pambıqçılıq yenidən dirçəlir
Biləsuvar Muğan
rayonudur. Bərəkətli, bol məhsullu Şəhriyar
düzü də buradadır. Biləsuvarlılar əsasən
əkinçiliklə, heyvandarlıqla məşğul
olurlar. Qazancları ilə ailələrini dolandırır,
xeyir-şərlərini yola verir, özlərinə
gün-güzəran qururlar. Torpaq deyir: "Öldür məni,
dirildim səni". Yəni zəhmət çək, tər
tök, şumla, ək, becər. Bu halda isə ana torpaq
heç vaxt əkinçini əliboş qoymur.
Bunu
yaxşı bilən biləsuvarlılar Sovetlər birliyi
dağılandan, kolxoz və sovxozlar ləğv olunandan sonra
çaşbaş qalmadılar. Əvvəlki qayda ilə yenə
torpaqdan bərk-bərk yapışdılar. Həyata
keçirilən torpaq islahatı isə onlara daha geniş
şəkildə qol-qanad açmağa imkan yaratdı.
İstədikləri kənd təsərrüfatı məhsullarını
yetişdirdilər. Rayonda pambıqçılıq sahəsində
yaranmış ənənə davam etdirildi. Təkcə
2003-cü ildə 35 min ton məhsul istehsal olundu. Lakin sonralar
ilbəil istehsal xərclərinin artması, maya dəyərinin
yüksəlməsi torpaq mülkiyyətçilərini
pambıqçılıqdan xeyli uzaqlaşdırdı. Onlar
günəbaxan, qarğıdalı və digər bitkilər əkməyə
başladılar.
Təcrübəli
adamlar bol məhsul götürmək üçün növbəli
əkinin vacibliyini, pambığın isə digər bitkilər
üçün sələf olduğunu yaxşı bilirlər.
Uzun illər pambıqçılıqla məşğul olan
Lətif Cəfərov deyir: "Pambıq böyük zəhmət
tələb edən bitkidir. Körpə uşaq kimi gərək
nazını çəkəsən, qayğısına
qalasan. Eyni zamanda növbəliyə əməl etmək
lazımdır. Belə olduqda sənin də üzünü
özününkü kimi ağ edir. Pambıq əkdiyim
üçün heç vaxt peşmançılıq
çəkməmişəm. Ailə üzvlərimlə sahələrə
nümunəvi qulluq edərək yüksək məhsul
götürürəm. Qazancımız da pis olmur. Allahın
köməyi ilə geninə-boluna dolanırıq". Amma
hamı L.Cəfərov kimi pambıqçılığa
sadiq qalmayıb. Çoxları onun yaxşı gəlir vermədiyini
görüb başqa bitkilərə üstünlük veriblər.
Bununla
belə, ölkə başçısının kənd təsərrüfatı
məhsulları istehsalçılarına yanacaq və
sürtkü materialları üçün subsidiyaların
verilməsi, habelə mineral gübrələrin güzəştli
şərtlərlə satılmasına dair sərəncamları
aqrar sahədə, o cümlədən
pambıqçılıqda canlanmaya səbəb oldu.
Respublikada pambıq istehsalı, tədarükü, emalı ilə
məşğul olan MKT şirkətinə alternativ olaraq
"CTS-Aqro" MMC və onun rayonlarda filialları
yaradıldı. Rəqabətsə inkişaf deməkdir. Xam
pambığın alış qiymətində müəyyən
artım xeyli irəliləyişə səbəb oldu. Milli Məclisin
pambıqçılığın inkişafı ilə
bağlı qəbul etdiyi qanun da fermerlərin, torpaq
mülkiyyətçilərinin ümidlərini xeyli
artırdı.
Bütün
bunları Biləsuvarın timsalında da aydın görmək
olar. Cari ildə rayon üzrə 10 min 600 hektarda pambıq əkilmişdir
ki, bu da keçənildəkindən 4 min 300 hektar çoxdur.
Artım əsasən "CTS-Aqro" MMC-nin hesabına
olmuşdur. MKT şirkətinin "Biləsuvar-Pambıq"
Səhmdar Cəmiyyəti də keçən ilə nisbətən
əkin sahələrini xeyli genişləndirmişdir. Bundan
başqa, "Leqno-İmişli" adlı müəssisə
Biləsuvarda pambıq əkməyə
başlamışdır.
Lakin
rayonda ən böyük məhsul istehsalçısı
"CTS-Aqro"dur. Bu da müəssisə ilə fermer və
torpaq mülkiyyətçiləri arasında yaradılan
iş birliyi, qarşılıqlı anlaşma nəticəsində
mümkün olmuşdur. Cari mövsüm müqavilə
bağlanmış 839 nəfər mülkiyyətçiyə
pambığın əkilib-becərilməsi üçün
1 milyon 362 min manat həcmində avans verilib. Müəssisənin
Biləsuvar filialına təkcə bu il 10 şum, 31 becərmə
traktoru, 24 ağır, 128 ziqzaq mala, 8 çiyidsəpən
aqreqat, 21 kultivator, 8 pambıqyığan, ziyanvericilərə
qarşı mübarizə aparmaq üçün 7 çiləyici
aparat, 4 yükləyici, 2 texniki xidmət maşını,
işçiləri daşımaq üçün 2 avtobus, 44
qoşqulu lafet, sahə mütəxəssisləri
üçün 5 ədəd "Niva" markalı minik
maşını və s. texnika verilib. Bunlar isə sahələrdə
aqrotexniki tədbirləri optimal müddətdə və
keyfiyyətlə aparmağa şərait yaradır. Qiymətlər
də mülkiyyətçiləri razı salır. Digərləri
1 hektarda kultivasiyanı 12 manata apardıqları halda, müəssisə
bunu öz icarədarları üçün 5,5 manata
görür. Şum, mala, səpin işi də bu nisbətlə
həyata keçirilir.
Hazırda
pambıqçılıqda mühüm dövrdür. Aylardan
bəri ağır zəhmətlə yetişdirilən məhsul
yığılır. Düzdür, havalar şıltaqlıq
edir, amma əkinçilər ruhdan düşmürlər. Əlverişli
keçən hər saatdan, gündən səmərəli
istifadə etməyə çalışırlar. Artıq
pambıq toplanışında texnikanın öz
sözünü demək vaxtı çatmışdır.
İşçi qüvvəsinin azlığı, vaxtdan səmərəli
istifadə, qiymət baxımından (əllə
yığım baha başa gəlir) pambıqçılar məhsulu
maşınlarla yığmağa təşəbbüs
göstərirlər. "CTS-Aqro" MMC Biləsuvar
filialının 10 pambıqyığan maşını var.
Mütəxəssislərin dediyinə görə, bir
maşınla hər gün 8-10 ton məhsul yığmaq olur.
Bu isə çox sərfəlidir. Belə ki, 1 hektar sahənin
məhsulunu əl ilə yığmaq 360-370, maşınla isə
65 manat tutur. Göründüyü kimi, fərq
böyükdür. Ona görə də "CTS-Aqro"
üzrə bu il 3 min hektarın pambığını
maşınlarla yığmaq nəzərdə tutulub.
Bəli,
Biləsuvarda pambıqçılığa meyil artır.
Mülkiyyətçilərdən Əli Abıyev 69,
Pöhrüz Quliyev 50, Sakit İsgəndərov 43 hektarda
pambıq becəriblər. Böyükağa Ağayev, Əbülfət
Əliyev, Bəyalı Xankişiyev də keçən illə
müqayisədə xeyli artıq pambıq əkmişlər.
Hazırda "CTS-Aqro" MMC üzrə hər gün 80-90
ton məhsul yığılır. Toplanılan məhsul lafetlərlə
rayondakı tədarük müəssisəsinə
daşınır. Nəmliyi, keyfiyyəti müəyyənləşdirildikdən
sonra müvafiq tayalara vurulur. Tədarük müəssisəsində
114 nəfər işçi çalışır.
Ümumiyyətlə, MMC-də 5 min 700 hektarı becərmək
üçün 1700 nəfərdən çox adam
mövsümi işlə təmin edilmişdir. Tədarük
olunan məhsul hələlik Şirvan şəhərindəki
emal müəssisəsinə göndərilir. Növbəti
mövsümə qədər isə rayonun Aşağı
Cürəli kəndində pambıq emalı zavodunun tikilməsi
planlaşdırılıb.
Artıq
payız gəlib. Günlər get-gedə qısalmağa
başlayıb. Pambıq isə yağışlı hava ilə
heç cür "saziş bağlamır". Yağmurlu
günlərdə pambıq itkiyə gedir, keyfiyyəti
aşağı düşür. Odur ki, adamlar məhsulu
yığmaq üçün dan yeri söküləndən
qaranlıq düşənə kimi sahələrdən
çıxmırlar.
Seyran
CAVADOV
Azərbaycan.-
2011.- 28 sentyabr.- S.6.