Söz
mülkünün kərpicləri
XX əsr Azərbaycan ədəbiyyatının
elə bir tanınmış siması yoxdur ki, akademik
Bəkir Nəbiyev onun fəaliyyətini, ömür yolunu
araşdırmasın. Firudin bəy
Köçərlidən başlanan bu estafet bugünə kimi ardıcıllıqla davam
etməkdədir. Azərbaycan ədəbiyyatının
ilk tarixçisi kimi şöhrət qazanmış Firudin bəy Köçərlinin üzərinə
düşən missiyanı XXI əsrdə yerinə yetirən
Bəkir Nəbiyev həm milli ədəbiyyatın,
həm də ədəbi tənqidin ağsaqqalıdır.
İllər boyu kərpic-kərpic hördüyü söz
mülkünün inciləri oxuculara təqdim edildikcə bir
daha onun mükəmməl,
cəfakeş əməyi qarşısında heyrətlənməyə
bilmirsən.
Bu yaxınlarda "Çaşoğlu" nəşriyyatında
işıq üzü görmüş
"Elmlə şeir qovuşanda"
adlı kitabında müəllifin məqalə, rəy, nitq və xatirələri toplanıb. Filologiya elmləri doktoru
Vilayət Quliyevin ön
söz əvəzi yazdığı
"Bizim Bəkir müəllim" məqaləsində
oxuyuruq: "Bəkir Nəbiyev
filologiya elmimizin
flaqmanı sayılan Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
çoxcildlik "Azərbaycan ədəbiyyatı
tarixinin" baş redaktoru, müxtəlif elmi
şuraların, ictimai təşkilatların,
qəzet və jurnalların redaksiya heyətinin
üzvü, ədəbi həyat
faktlarına anında həssaslıqla münasibət bildirən
fəal mövqeli tənqidçi, ədəbiyyatşünas
və ictimai xadimdir".
Dörd bölmədən ibarət olan
kitabda müəllif ədəbi irsimizin tədqiqində
önəmli məsələlərə toxunaraq
çağdaş humanitar düşüncə axarında
klassik Azərbaycan poeziyası və muğam, Avropa mədəniyyətinə
açılan pəncərə, müstəqillik
dövrünün ədəbiyyatı istiqamətində qələmə
aldığı məqalələri oxuculara təqdim edir.
Üzeyir Hacıbəyli, Mir Cəlal, Rəsul
Rza, Mehdi Hüseyn, Bəxtiyar Vahabzadə, Elçin və digərləri
haqqında qələmə alınan portret-cizgilərdə Bəkir
Nəbiyevin öz qəhrəmanlarına olan rəğbəti
səmimiyyətlə ifadə edilib. O, azərbaycançılıq,
türkçülük məfkurəsinə dərindən
bağlı olan insanlar haqqında həmişə təbii və
cəlbedici, eləcə də sevgi ilə yazmağı və
danışmağı bacaran düşüncə sahibidir. Bu
səbəbdən də mövqeyini bildirdiyi,
yaradıcılığı ilə əlaqədar söz
dediyi qəhrəmanların ünvanına müəllifin pərəstişi
açıq duyulur.
Kitabda müxtəlif illərdə qələmə
alınan rəylər də toplanmışdır. Bəkir Nəbiyevin
Nərgiz xanım Paşayevanın doktorluq əsərinə
yazdığı rəydə Azərbaycan ədəbiyyatşünaslıq
elminə istedadı, düşüncə sərbəstliyi ilə
seçilən bir alimin gəlişi alqışlanır.
"Məruzə və nitq, xatirə
yarpaqları" adlanan sonuncu bölmədə müəllif
Azərbaycan ədəbiyyatı ilə yanaşı, dünya
ədəbi prosesinin diqqət mərkəzində dayanan
yazıçılar barəsində öz xatirələrini
toplamışdır. Burada biz istər Azərbaycan
poeziyasının, istərsə də dünya ədəbiyyatının
zirvəsində dayanan çox tanınmış, şöhrətli
insanların bədii portreti ilə üzləşirik. Mirzə
Ələkbər Sabirdən başlayaraq yazıçı Əlfi
Qasımova kimi, eləcə də xalq yazıçısı
İlyas Əfəndiyev, xalq şairi Məmməd Araz, əruzşünas
Əkrəm Cəfər, filosof-alim Fuad Qasımzadə və
başqaları ilə əlaqədar Bəkir Nəbiyevin qələmə
aldığı yazılarda biz bu unudulmaz insanların
çoxumuza bəlli olmayan məziyyətlərindən xəbər
tuturuq.
Kitabın redaktoru AMEA-nın müxbir
üzvü, Dövlət mükafatı laureatı Teymur Kərimlidir.
Yeni nəşr kütləvi oxucular üçün nəzərdə
tutulsa da, ondan ali məktəblərin filologiya fakültəsində
təhsil alan tələbələr xüsusilə istifadə
edə bilərlər. Çünki hər bir məqalənin,
rəyin və xatirənin həm də öyrədici
xüsusiyyəti var. Böyük məharətlə
hörülən söz "mülkü"nün hər
bir kərpici qiymətlidir.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 28 sentyabr.-
S.7.