Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının 29-cu iclası işə başlamışdır

 

 Sentyabrın 28-də Bakının Mərdəkan qəsəbəsindəki "Xəzər Qolden Bic" hotelində MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının (HFRKŞ) 29-cu iclası işə başlamışdır.

AzərTAc xəbər verir ki, iclasda Şura üzvləri - MDB ölkələrinin feldyeger xidmətlərinin rəhbərləri, Şura üzrə müşahidəçi, Rusiya Federasiyasının Dövlət Feldyeger Xidmətinin, eləcə də MDB İcraiyyə Komitəsinin və Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının nümayəndələri iştirak etmişlər.

İclası Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi, Şuranın sədr müavini Ədalət PAŞAYEV açaraq tədbirin əhəmiyyətindən danışmış və demişdir ki,  Sovet İttifaqı dağılandan sonra mövcud problemlərə baxmayaraq, Hökumətlərarası Feldyeger Rabitəsi Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında korrespondensiyanın çatdırılmasında mühüm rol oynamışdır. Bu gün də fəaliyyətini uğurla davam etdirən Şuranın işindən danışan Ə.Paşayev bu xidmətin, ilk növbədə iqtisadi baxımdan əhəmiyyətini vurğulamışdır. Azərbaycan Dövlət Feldyeger Xidmətinin rəisi Şuranın 29-cu iclasının MDB-nin yaradılmasının 20 illiyi ərəfəsində Bakıda keçirildiyini bildirmişdir. O demişdir ki, tədbir məhsuldar keçəcək, gündəlikdəki məsələlərlə bağlı səmərəli dialoq aparılacaqdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İSMAYILOV tədbirin iştirakçılarını salamlayaraq bildirmişdir ki, Koordinasiya Şurasının iclası Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə təsadüf edir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan bu illərdə misli görünməmiş inkişaf yolu keçmişdir. Cəsarətlə demək olar ki, son 20 ildə respublikada aparılan quruculuq işləri təkcə Bakı şəhərinin deyil, bütün Azərbaycanın simasını tamamilə dəyişmişdir.

 Qeyd edilmişdir ki, müstəqilliyin ilk illərində böyük çətinliklərlə qarşılaşan Azərbaycan ulu öndər Heydər Əliyevin böyük səyləri ilə sabit və dinamik inkişaf edən bir ölkəyə çevrilmişdir. İyirmi il əvvəl Azərbaycanın büdcəsi heç 1 milyard ABŞ dollarına çatmadığı halda, bu gün dövlət büdcəmiz 23 milyard ABŞ dollarından çoxdur. Cari  il sentyabrın 1-nə respublikanın valyuta ehtiyatları 40 milyard ABŞ dolları təşkil etmişdir ki, bu da ölkənin xarici borcundan 8 dəfə çoxdur. 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan iqtisadiyyatına 44 milyard ABŞ dolları məbləğində xarici investisiya yatırılmışdır. Azərbaycan dünyanın enerji mərkəzlərindən birinə çevrilmiş, respublikaya ən yeni texnologiyalar gətirilmiş, inşa edilən 7 kəmər vasitəsilə Azərbaycan  enerji ehtiyatlarını xarici ölkələrə, o cümlədən Avropaya ixrac etməyə başlamışdır. Hazırda Azərbaycanın dünyaya inteqrasiyasının sürətlənməsində böyük rol oynayan mühüm kommunikasiya xətləri çəkilir. Respublikanın elektrik enerjisinə tələbatı daxili imkanlar hesabına tam ödənilir, ölkə ərazisinin 85 faizdən çoxu qazlaşdırılmışdır.

Şöbə müdiri bildirmişdir ki, xüsusilə son 7 ildə  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi və sosial inkişafı hamını heyrətə gətirir. Bu illər ərzində əhalinin həyat səviyyəsi də xeyli yüksəlmiş, respublikada yoxsulluq səviyyəsi 49 faizdən 9 faizə enmiş, qeyri-neft sektoruna böyük diqqət göstərilməsi sayəsində sahibkarlıq geniş vüsət almışdır. Hazırda ölkədə istehsal olunan məhsulların 80 faizdən çoxu özəl sektorun payına düşür. Son 10 ildə ümumi daxili məhsul 4 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə artmışdır. Cənubi Qafqaz ölkələrinin ümumi daxili məhsulunun 70 faizi Azərbaycanın payına düşür.

Respublikanın dövlət büdcəsinin sosialyönümlü olduğunu diqqətə çatdıran Süleyman İsmayılov demişdir ki, son illərdə sosial obyektlərin tikintisinə çox böyük diqqət yetirilmiş, 2500-dən artıq yeni məktəb binası, 400-dən çox səhiyyə müəssisəsi, o cümlədən 14 ən müasir müalicə-diaqnostika mərkəzi, 29 olimpiya idman kompleksi  tikilib istifadəyə verilmiş, Bakı şəhərinin içməli su təchizatını yaxşılaşdırmaq üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir. Təkcə bu kəmərin inşasına 2 milyarda yaxın vəsait qoyulmuşdur ki, bunun da hamısı Azərbaycanın öz vəsaitidir. Bu gün Azərbaycan başqa ölkələrin iqtisadiyyatına da investisiya yatırmaq imkanındadır.

Bütün beynəlxalq təşkilatlar, o cümlədən iqtisadi qurumlar Azərbaycanın sürətli inkişafını təsdiq edir və onun dünya ölkələri arasında reytinqi gündən-günə yüksəlir. Davos İqtisadi Forumu çərçivəsində elan olunan "Qlobal rəqabət indeksi"nin 2011-2012-ci illər üçün tərtib olunmuş cədvəlində Azərbaycan 142 ölkə arasında 55-ci yerdə qərarlaşmışdır. İnkişaf templərinə görə son 7 ildə Azərbaycan iqtisadiyyatı, o cümlədən sənaye istehsalı 3 dəfə yüksəlmiş, yoxsulluq həddi 5 dəfə azalmış, büdcə xərcləri 12 dəfə artmışdır.

Prezident Adminstrasiyasının rəsmisi diqqətə çatdırmışdır ki, Azərbaycanın inkişafı daha sürətli, nailiyyətləri daha böyük, əhalisinin həyat səviyyəsi daha yüksək ola bilərdi. Bu işdə Azərbaycan qarşısında ən  böyük maneələrdən biri respublikamızın ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal  edilməsi, hazırda 1 milyondan çox məcburi köçkün və qaçqının olması, Azərbaycanın təbii sərvətlərinin, minlərlə tarix və mədəniyyət abidəsinin ermənilər tərəfindən dağıdılıb talan edilməsidir. Bu işğalın hələ də Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən iyirmi  ildən artıqdır ki, davam etməsi, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının bu barədə qəbul etdiyi 4 qətnaməyə tam etinasızlıq göstərilməsi bizi çox narahat edir. Bununla bərabər, Azərbaycan hələ də atəşkəsə əməl edir, məsələnin sülh yolu ilə həllinə ümid bəsləyir. Ancaq Azərbaycan Prezidenti  İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də respublikada keçirilən müxtəlif görüşlərdə, forumlarda qeyd etdiyi kimi, belə vəziyyət uzun müddət davam edə bilməz. 

Ölkəmizin güclü iqtisadiyyat yaratması ilə  bərabər, demokratik, hüquqi dövlət quruculuğunda da böyük müvəffəqiyyətlər əldə etdiyini vurğulayan S.İsmayılov  demişdir ki, müstəqil dövlətin əsasını təşkil edən yeni idarəetmə sistemi qurulmuş, Azərbaycanın bir çox dövlət qurumları yenidən təşkil edilmiş və mükəmməl idarəetmə mexanizmi artıq formalaşmışdır. Belə qurumlardan biri də Dövlət Feldyeger Xidmətidir. Azərbaycanda "Feldyeger rabitəsi haqqında" Qanun qəbul edilmiş, əvvəllər Rabitə Nazirliyi yanında fəaliyyət göstərən bu xidmətin statusu yüksəldilərək  Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti kimi yenidən təşkil edilmiş, onun əsasnaməsi və strukturu təsdiq olunmuşdur. Azərbaycan rəhbərliyi bu Xidmətin fəaliyyətinə xüsusi əhəmiyyət verir. Biz sevinirik ki, bu gün Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının növbəti iclası məhz Bakıda keçirilir.

Son illər Azərbaycanın müxtəlif beynəlxalq konfranslara, forumlara və yüksək səviyyəli görüşlərə, idman turnirlərinə, musiqi festivallarına  və digər tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran S.İsmayılov bildirmişdir ki,  gələn il ölkəmizdə keçiriləcək "Eurovision-2012" beynəlxalq musiqi müsabiqəsinə ciddi hazırlıq görülür.

Şöbə müdiri demişdir ki, son illər MDB-nin iştirakçısı olan dövlətlər arasında əlaqələr daim inkişaf edir. Əlaqələrin genişlənməsi ölkələrimizin dövlət orqanları arasında korrespondensiya dövriyyəsinin də artmasına səbəb olur. Artıq uzun illərdir MDB ölkələrinin feldyeger xidmətləri bütün çətinliklərə baxmayaraq, onlara həvalə edilmiş vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə gəlirlər.

Hökumətlərarası Feldyeger Rabitəsinin Əlaqələndirmə Şurasının qarşısında duran bütün vəzifələri tam yerinə yetirdiyini qeyd edən  S.İsmayılov əmin olduğunu bildirmişdir ki, Əlaqələndirmə  Şurasının 29-cu iclası da çox səmərəli keçəcək, qəbul olunan qərarlar ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da genişlənməsinə, bütövlükdə ölkələrarası feldyeger rabitəsi əlaqələrinin yeni səviyyəyə yüksəlməsinə böyük töhfə verəcəkdir.

Hökumətlərarası Feldyeger Rabitəsinin Əlaqələndirmə Şurasının sədri Gennadi Kornienko 2010-cu ildə  MDB-nin sahələr üzrə əməkdaşlıq edən orqanlarının fəaliyyətinin nəticələri və 2007-ci il oktyabrın 5-də MDB ölkələrinin dövlət başçılarının  qərarı ilə təsdiq olunmuş MDB-nin gələcək inkişafı konsepsiyasının əsas tədbirlər planının yerinə yetirilməsi ilə bağlı qarşıya  qoyulan vəzifələr barədə məlumat vermişdir.  Şura sədri hökumətlərarası feldyeger rabitəsi haqqında razılaşmanın iştirakçısı olan dövlətlərin feldyeger xidmətlərinin Gürcüstanın feldyeger xidməti ilə qarşılıqlı əməkdaşlıq məsələlərindən, hökumətlərarası feldyeger rabitəsi haqqında razılaşmanın iştirakçısı olan dövlətlərin feldyeger xidmətlərin fəaliyyətində "QLONASS" peyk rabitə sisteminin istifadə olunmasından danışmış və bu məsələyə MDB ölkələrində baxıldığını diqqətə çatdırmışdır.

İclasda dövlətlərarası feldyeger marşrutları ilə daşınan rəsmi korrespondensiyanın tərtibatı və ünvanlanması məsələlərinə də baxılmışdır.

Şuranın iclası öz işini Qəbələ şəhərində davam etdirəcəkdir. İclasda HFRKŞ tərəfindən qəbul edilmiş qərarların imzalanması nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.-2011.-29 sentyabr.-S.2.