Bakıda QİƏT PM-in mədəniyyət, təhsil və sosial məsələlər
komitəsinin 37-ci iclası keçirilmişdir
Azərbaycan parlamentinin deputatı
komitənin sədri seçilmişdir
Sentyabrın 28-də Bakıda Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Məclisinin (QİƏT PM) mədəniyyət, təhsil və
sosial məsələlər komitəsinin 37-ci iclası
keçirilmişdir.
İclasda Türkiyə, Ukrayna, Rusiya,
Gürcüstan, Rumıniya və digər üzv ölkələrin
parlamentlərinin deputatları, eləcə də Mərmərə
Fondunun nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin müavini Valeh Ələsgərov qonaqları
parlament rəhbərliyi adından salamlamış, tədbirin
Bakıda keçirilməsini yüksək qiymətləndirmişdir.
O demişdir ki, Azərbaycanın artan iqtisadi gücü, imici
daha böyük tədbirlərə ev sahibliyi etməyimizə
imkan verir.
V.Ələsgərov Azərbaycanda
iqtisadiyyat, təhsil, mədəniyyət və sosial sahələrdə
həyata keçirilən islahatlar barədə məlumat
vermişdir. Bildirilmişdir ki, son 7-8 ildə Azərbaycan
iqtisadiyyatı çox sürətlə inkişaf
etmişdir. Azərbaycan dövləti xoşbəxt gələcəyin
elmin, təhsilin inkişafında olduğunu bilir və buna
görə də ən böyük sərmayələr insan
kapitalına yönəldilmişdir. Vətəndaşların
təhsil, mədəniyyət, səhiyyə və digər
sosial problemləri daim diqqət mərkəzindədir. Bunu
dövlət büdcəsindən həmin sahələrə
ayrılan vəsaitlərdən də görmək olar. Təkcə
bu ilin dövlət büdcəsindən təhsilə
ayrılan xərclər bəzi qonşu ölkələrin
ümumi dövlət büdcəsinə bərabərdir.
Milli Məclis Sədrinin müavini
xüsusi vurğulamışdır ki, Azərbaycanda təhsilə,
mədəniyyətə göstərilən diqqət və
qayğı digər ölkələr üçün
nümunə ola bilər.
V.Ələsgərov komitənin işinə
uğurlar arzulamış, qəbul olunacaq qərarların
QİƏT-ə üzv olan ölkələr arasında əməkdaşlığın
daha da genişlənməsinə və ümumi məqsədlərə
xidmət edəcəyinə əminliyini ifadə etmişdir.
Komitə sədrinin müavini, Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Jalə Əliyeva
komitənin fəaliyyəti, bugünkü iclasın gündəliyi
barədə məlumat verdikdən sonra iclasın gündəliyi
və 36-cı iclasın protokolu təsdiq edilmişdir.
Sonra Rumıniya Senatının
üzvü Aleksandru Mazere "QİƏT-ə üzv olan
dövlətlərdə fasiləsiz təhsil" adlı məruzə
ilə çıxış etmişdir.
Məruzə ətrafında Türkiyə,
Rusiya, Ukrayna və Azərbaycan nümayəndə heyətlərinin
üzvləri çıxış etmişlər. Qeyd
edilmişdir ki, son illər dünyada baş verən qlobal
maliyyə böhranı təhsil sahəsində də ciddi
problemlər yaratmışdır. Bəzi ölkələrdə
fasiləsiz təhsil sistemi pozulmuş, ibtidai, ali təhsildə
boşluqlar yaranmışdır. Uşaqların əməyə
cəlb olunması halları artmışdır.
Çıxışlarda bu cür hallara qarşı
mübarizənin gücləndirilməsinin, təhsilin
inkişafı ilə bağlı xüsusi strategiyanın
hazırlanmasının vacibliyi vurğulanmışdır.
Sonda məruzə nəzərə
alınmış, səslənmiş rəy və təkliflər
də ümumiləşdirildikdən sonra sənədin QİƏT
PM-nin bu ilin noyabrında Tiranada keçiriləcək Baş
Assambleyasında müzakirəyə
çıxarılması qərara alınmışdır.
Aleksandru Mazere Baş Assambleyada məruzəçi təyin
olunmuşdur.
Sonra gündəliyə uyğun olaraq təşkilatı
məsələlərə baxılmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin
deputatı Jalə Əliyeva komitənin sədri
seçilmişdir.
Türkiyədən və Rumıniyadan
olan deputatlar isə komitə sədrinin müavinləri
seçilmişlər.
Tədbirin sonunda komitənin 38-ci
iclasının gələn ilin martında Sofiyada keçirilməsi
qərara alınmışdır.
Bununla da iclas öz işini başa
çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2011.-29
sentyabr.-S.2.