Paytaxtımız qısa
müddətdə dünyanın qabaqcıl
şəhərlərindən birinə çevrilib
Azərbaycan xalqı əlamətdar
bir tarixin - dövlətimizin müstəqilliyinin bərpa edilməsinin
20-ci ildönümü ərəfəsindədir. Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il
tarixli sərəncamına əsasən müstəqilliyimizin
bərpasının yubiley tarixi dövlət səviyyəsində
təntənəli şəkildə qeyd olunacaqdır. Sərəncama
uyğun olaraq Tədbirlər Planı da təsdiq edilib.
Keçirilən tədbirlərdə müstəqilliyimizin
möhkəmləndirilməsi istiqamətində görülən
işlərdən söz açılır, ölkəmizin
keçdiyi inkişaf yolunda qazandığı nailiyyətlərə
nəzər salınır.
"Azərbaycan" qəzetinin
müstəqilliyimizin bərpasının 20 illiyi ilə
bağlı təşkil etdiyi "dəyirmi masa"larda
şəhər və rayonlarımızın timsalında
respublikamızda qazanılan uğurlar geniş təbliğ
olunur. Bu günlərdə Yasamal Rayon İcra Hakimiyyəti ilə
birgə baş tutan "dəyirmi masa"da rayonun müstəqillik
illərində keçdiyi sosial-iqtisadi inkişaf
yollarından söz açıldı.
"Dəyirmi masa"nı
giriş sözü ilə "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV
açdı:
- Hörmətli
"dəyirmi masa" iştirakçıları!
20 il insan ömrü üçün
böyük zaman kəsiyidir. Lakin dövlət və tarix
üçün 20 il böyük dövr deyil. Bizim
üçün son dərəcə sevindiricidir ki, tarix
üçün uzun olmayan bu zaman müddətində Azərbaycan
çox böyük inkişaf yolu keçib. Müstəqilliyimiz
və dövlətçiliyimiz möhkəmlənib, mütərəqqi
dövlət quruculuğu, cəmiyyət həyatının
bütün sahələrində mükəmməl islahatlar həyata
keçirilib. Nəhayət, ölkəmizdə keçid
dövrü tam başa çatıb. Bu gün beynəlxalq aləmdə
özünün layiqli yerini tutan Azərbaycan həm də
ayrı-ayrı ölkələrin sosial-iqtisadi inkişaf
yolunda örnək götürdüyü bir dövlətdir.
Lakin bu 20 ilin heç də bütün
dövrləri müstəqil Azərbaycan dövlətinin
çağdaş tarixində xalqımızın və
respublikamızın milli maraqlarına xidmət edən siyasi və
iqtisadi proseslərlə, xoş
emosiyalarla yadda qalmayıb. Çünki 1991-ci il
oktyabrın 18-də "Azərbaycan Respublikasının
Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulu,
respublikamızın Azərbaycan Xalq Cümhuriyyətinin varisi
olduğunun bəyan edilməsi, habelə dövlət müstəqilliyinin
və suverenliyinin beynəlxalq aləmə bildirilməsi
bütün cəmiyyətimiz tərəfindən nə qədər
böyük razılıq hissi ilə qarşılansa da,
sonrakı illərdə ölkəmizdə baş verən
xoşagəlməz siyasi və iqtisadi proseslər
xalqımızın azadlıq ideyalarının sonadək
gerçəkləşməsini şübhə altına
almışdı. O dövrdə ölkəyə rəhbərlik
edənlər müstəqil dövlətçiliyin nə demək
olduğunu dərk edə bilmirdilər. Elə buna görə
də Konstitusiya Aktı kağız üzərində
qalmışdı. Bu mühüm sənədin Azərbaycanda
müstəqil dövlət quruculuğuna yol açan müddəalarının
həyata keçirilməsi üçün səy göstərilmirdi.
Buraxılan kobud səhvlərin
nəticəsi idi ki, Ermənistanın Azərbaycana
qarşı ərazi iddiaları getdikcə genişləndi. Qarşıda duran önəmli vəzifələrdən
biri ordunun yaradılması olsa da, bu istiqamətdə işlər
olduqca ləng və dövlətin prinsiplərilə
uzlaşmayan formada aparıldı. Dağlıq Qarabağda azərbaycanlı
yaşayış məntəqələrinin ermənilərdən
etibarlı müdafiəsi təşkil olunmadı.
Məhz o dövrkü ölkə rəhbərliyinin məsuliyyətsizliyinin
məntiqi nəticəsi olaraq baş verən Qaradağlı
və Xocalı soyqırımları Qarabağ müharibəsinin
ən faciəli səhifələri kimi həm də müstəqillik
tariximizə qara hərflərlə düşdü.
1992-ci ildə zor gücü ilə
hakimiyyəti ələ keçirən AXC-Müsavat
cütlüyü isə yaratdığı "hakimiyyətsizliklə"
Azərbaycanın müstəqil dövlət kimi taleyini sual
altına qoydu. İqtidarda təmsil olunanların siyasi səriştəsinin
yoxluğu ucbatından ölkə faktiki olaraq idarə
olunmurdu, dövlət aparatı iflic duruma
düşmüşdü. Yüksək vəzifə tutan hər
bir məmur yalnız öz ambisiyası uğrunda
çalışır, qanunların və dövlətin
maraqlarının fövqündə dayandığını
düşünürdü. Reketçilik, kütləvi cinayətkarlıq,
separatçılıq baş alıb gedir, naşı
insanların rəhbərlik etdiyi hüquq-mühafizə
orqanları kriminogen duruma nəzarət edə bilmirdilər. Həmin
dövrdə iqtidardakı dairələrin öz aralarında
baş verən çəkişmələrinin nəticə
olaraq cəbhədə döyüşən hərbi hissələrin
ayrı-ayrı siyasi partiyaların və şəxslərin nəzarətinə
keçməsi prosesi daha da gücləndi. 1993-cü ilin
iyununda baş verən Gəncə hadisələri isə Azərbaycanı
uçuruma və parçalanmağa doğru aparan siyasi-hərbi
proseslərin pik nöqtəsi idi.
Bir sözlə, Azərbaycan müstəqilliyinin
ilk illərində dəryada batmaqda olan gəmini
xatırladırdı. Lakin anarxiya və xaotik proseslər onu
da göstərirdi ki, yalnız qətiyyətli, iradəli
siyasi lider başımızın üstünü
almış bütün təhlükələri aradan
qaldıra, kövrək müstəqilliyimizi yaşada bilər.
Bu lider isə xalqımızın dahi oğlu Heydər Əliyev
idi. Hakimiyyətdə olanlar da yaxşı anlayırdılar
ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin,
anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə
başlanmış qardaş qırğınının
qarşısını yalnız Heydər Əliyev ala bilər.
Heydər Əliyev 1993-cü ildə
xalqın çağırışına cavab verərək
Azərbaycanın idarəçilik sükanı arxasına
keçəndən sonra ilk növbədə ölkədə
vətəndaş qarşıdurmasının
qarşısını aldı, nizami ordunun yaradılması
ilə bağlı təcili tədbirlər həyata
keçirdi. Qısa müddətdə seraratçı
qüvvələr zərərsizləşdirildi, Azərbaycanın
dövlətçiliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə qəsdlər hazırlayan cinayətkar
ünsürlər cəmiyyətdən təcrid edildi. Beləliklə,
ulu öndərin sayəsində Azərbaycan dünyanın
siyasi xəritəsindən silinmək təhlükəsindən,
Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən
qurtuldu. Müstəqil dövlətimizin daimi
mövcudluğunun təməl daşı qoyuldu. Dövlət
quruculuğu başladı, yeni neft strategiyası
hazırlandı, azad bazar iqtisadiyyatı prinsiplərinin bərqərar
edilməsi nəticəsində yeni iqtisadi sistem
yaradıldı. Vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi dövlət siyasətinin prioritet
istiqamətlərindən biri elan edildi. Prezident İlham Əliyevin
"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü haqqında"
sərəncamında bu barədə deyilir: "Müstəqilliyimizin
ilk illərindəki hərc-mərclik və
xalqımızın maraqlarına zidd siyasət,
iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin
talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi.
1993-cü ilin iyun ayından ölkədə
formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş
müharibəsi təhlükəsini aradan qaldırdı,
separatçılıq meyillərinə son qoydu və Heydər
Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə
gətirib çıxardı".
Heydər Əliyev Azərbaycanın
taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan
başlamış müstəqil dövlətimizin
yaradılması, möhkəmləndirilməsi və
inkişafı kimi şərəfli missiyanı uğurla,
uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi. Bu
gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev
tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi
kursun daha da zənginləşdirilməsi nəticəsində
müstəqil Azərbaycan bütün sahələrdə
yüksək sürətlə inkişaf edir, dünya dövlətləri
arasında öz yerini daha da möhkəmləndirir. Prezident
İlham Əliyevin təbirincə desək, bu gün bizim ən
böyük nailiyyətimiz müstəqilliyimizdir,
azadlığımızdır.
Bildiyiniz kimi, Prezident İlham Əliyevin
"Azərbaycanın dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamına
əsasən təsdiqlənmiş Tədbirlər Planına əsasən
müstəqilliyimizin bərpasının 20-ci
ildönümü ölkəmizin hər yerində təntənəli
şəkildə qeyd olunur. "Azərbaycan"
qəzetinin Yasamal rayon icra hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa" da bu qəbildəndir.
"Dəyirmi masa"da paytaxtımızın mərkəzi
rayonlarından olan Yasamal rayonunun müstəqillik illərində
keçdiyi inkişaf yolu ilə bağlı məsələlərdən
söz açılacaq. Bəzi nazirliklər, komitələr,
müxtəlif dövlət qurumları, ali təhsil müəssisələri
bu rayonun ərazisində yerləşir. Son illərdə
Yasamal rayonu sosial-iqtisadi baxımdan böyük inkişaf yolu
keçib. "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafı Proqramı"nın icrasının
başlanmasından sonra isə Yasamal rayonunda aparılan tikinti
və quruculuq işlərinin miqyası daha da artıb.
Görülən bütün işlər Yasamal rayonunun,
bütövlüklə paytaxtımızın simasını
gözəlləşdirir. Yəqin ki,
çıxışlarda bu barədə ətraflı söz
açılacaq.
Əvvəlcə söz Yasamal Rayon
İcra Hakimiyyətinin başçısı İbrahim
Mehdiyevə verilir.
İbrahim MEHDİYEV:
- Hər bir xalqın müstəqil
dövlətinin olması, təbii sərvətlərinə
özünün sahib çıxması, müqəddəratını
özü həll etməsi, müstəqil ölkə kimi
beynəlxalq aləmdə layiq olduğu yeri tutması onun hərtərəfli
inkişafında müstəsna əhəmiyyət kəsb
edir. Azərbaycan xalqı da bütün dövrlərdə
öz müstəqilliyi uğrunda mübarizələr
aparmış, istiqlalına qovuşmaq üçün
çətinliklərdən keçmişdir. Tale elə gətirib
ki, xalqımız 1918-ci ildə öz müstəqilliyinə
qovuşa bilmişdir. Lakin bu istiqlalın sevincini əbədi
yaşaya bilməmişdir. Müsəlman Şərqində
ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan
Xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblərdən
cəmi 23 ay müstəqil dövlət kimi mövcud
olmuşdur. Buna baxmayaraq, Xalq Cümhuriyyəti və adları
müstəqillik tariximizə əbədi həkk olunmuş
xalqımızın görkəmli şəxsiyyətləri
bir çox sahələrdə mühüm işlər
görmüş, demokratik dövlət quruculuğu sahəsində
tədbirlər həyata keçirmişlər.
Xalq Cümhuriyyətinin süqutundan
sonra xalqımız uzun müddət Sovetlər birliyinin tərkibində
yaşamasına baxmayaraq, bir millət olaraq öz milli-mənəvi
dəyərlərinə sadiq qalmış, müstəqil
dövlətçilik amalını daim öz qəlbində
yaşatmışdır. Ötən əsrin sonlarında
Sovetlər birliyinin dağılması, 70 illik kommunist rejiminin
süqutundan sonra digər respublikalar kimi, Azərbaycan da yenidən
öz müstəqilliyinə qovuşdu. Amma başqa xalqlardan
fərqli olaraq, bu dəfə də müstəqilliyin bərpa
olunması, xalqımızın azadlığına
qovuşması asan başa gəlmədi. Azadlığı və
suverenliyi uğrunda mübarizəyə qalxan xalqımıza
qarşı sovet imperiyası tərəfindən təcavüz
edildi, 1990-cı ilin 20 yanvarında qanlı faciə törədildi.
Xalqımız şəhidlər verdi. Müstəqilliyini
qanı, canı bahasına bərpa etmiş qəhrəman
xalqımız ilk illərdə çox ciddi sarsıntılar
keçirsə də, mübarizlik əzmini itirmədi.
Bununla yanaşı, təəssüflə
qeyd etməliyik ki, müstəqilliyin ilk illərində
hakimiyyətdə olan dairələrin səbatsızlığı
nəticəsində ölkəmizdə xaos hökm
sürürdü. Eyni zamanda, Ermənistanın Azərbaycana hərbi
təcavüzünün genişlənməsi, erməni
separatçıları tərəfindən bəşəriyyətin
ən dəhşətli faciələrindən biri olan
Xocalı soyqırımının törədilməsi, bu
hadisənin ardınca Dağlıq Qarabağın və ona
bitişik rayonların bir-birinin ardınca işğal edilməsi,
ölkədə ictimai-siyasi sabitliyin olmaması, qanunların
addımbaşı pozulması, siyasi qarşıdurmaları
son nəticədə dövlətin özünün gələcəyini
təhlükə altında saxlayırdı. Ölkəmizin
müstəqilliyi və suverenliyi sanki formal xarakter
daşıyırdı. Xüsusən AXC- Müsavat
iqtidarının 1 illik səriştəsiz fəaliyyəti nəticəsində
bütün sahələrdə hərc-mərclik baş
alıb gedirdi, dövlət idarəetməsi iflic vəziyyətə
düşmüşdü. Ayrı-ayrı siyasətbazların
qanunsuz silahlı dəstələr yaratması vəziyyəti
daha da mürəkkəbləşdirirdi. İqtisadiyyat tamamilə
dağıdılmışdı. Gənclərimiz
ayrı-ayrı silahlı birləşmələrə və
bir-biri ilə barışmaz mövqedə olan siyasi partiyalara
cəlb edilərək üz-üzə qoyulmuşdu.
Dağlıq Qarabağda isə torpaqlarımız tamamilə
müdafiəsiz qalmışdı. Azərbaycan dövlətçiliyi
və müstəqilliyi tamamilə məhv olmaq təhlükəsi
ilə üz-üzə idi. Bu azmış kimi, respublika vətəndaş
müharibəsi vəziyyətində idi.
Belə bir olum, ya ölüm məqamında
müdrik xalqımız nicat yolunu böyük oğlu Heydər
Əliyevin hakimiyyətə gəlməsində
görürdü. Xalq gözəl bilirdi ki, yaranmış bu
mürəkkəb şəraitdə ölkəni
düçar olduğu bəladan yalnız Heydər Əliyev
qurtara bilər. Belə də oldu. Xalqın bu çətin vəziyyətinə,
dövlətin gələcək taleyinə biganə qalmayan
müdrik rəhbər Heydər Əliyev 1993-cü ilin iyun
ayının 9-da Bakıya gələrək respublikada
yaranmış böhranlı vəziyyəti aradan qaldırmaq
üçün əməli fəaliyyətə
başladı. Ölkəni qısa müddət ərzində
xaos və anarxiya bataqlığından çıxarmağa
nail oldu. Bu, yalnız ulu öndər Heydər Əliyevin
hakimiyyətə qayıdışı deyil, eyni zamanda Azərbaycan
xalqının varlığının, müstəqilliyinin,
dövlətçiliyinin qorunub saxlanması idi. Heydər Əliyevin
siyasi hakimiyyətə qayıdışı ölkəmizi
parçalanmaqdan qorudu, vətəndaş müharibəsinin
qarşısını aldı, torpaqlarımızı
işğaldan xilas etdi.
Heydər Əliyev hakimiyyətə
qayıtdığı ilk günlərdən Azərbaycanın
gələcək inkişaf perspektivlərini müəyyən
etdi, müstəqilliyimizin əbədi və dönməzliyinin
təmin olunması istiqamətində təxirəsalınmaz
addımlar atdı. Ordu quruculuğu, sosial-iqtisadi inkişaf
istiqamətində ciddi nailiyyətlər əldə edildi. Azərbaycanın
demokratik yolla inkişafını təmin edəcək əməli
fəaliyyət proqramının həyata keçirilməsinə
başlanıldı. Xarici siyasətdə uğurların təməli
qoyuldu. Ölkəmiz qısa müddətdə həm regionda,
həm də dünyada möhkəm mövqeləri olan
dövlətə çevrildi. Cəmiyyət həyatının
bütün sahələrində genişmiqyaslı islahatlar
aparıldı. "Əsrin müqaviləsi"nin
imzalanması ilə xalqın və dövlətin
maraqlarına cavab verməklə Azərbaycanın iqtisadi
inkişafının əsası qoyuldu. Bugünkü dinamik
inkişafımız da o vaxtdan başladı. Məhz Heydər
Əliyevin uzaqgörənliyi ilə müstəqil Azərbaycanın
özündə bəşəri dəyərləri əks
etdirən Konstitusiyası qəbul edildi. Azərbaycan bir
sıra mötəbər beynəlxalq qurumların bərabərhüquqlu
üzvlüyünə qəbul edildi.
Ümummilli lider Heydər Əliyevin
siyasi kursunun Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməsinin, bu kursun daha da zənginləşdirilməsinin
nəticəsidir ki, Azərbaycan son 8 ildə böyük
inkişaf yolu keçib, əldə etdiyimiz uğurların
miqyası daha da genişlənib. Prezident İlham Əliyevin
uğurlu siyasəti sayəsində Azərbaycanın dinamik tərəqqisində
yeni mərhələ başlanmışdır. Azərbaycan nəinki
regionda, həmçinin MDB və Şərqi Avropa məkanında
siyasi və iqtisadi cəhətdən inkişaf edən
öncül dövlətə çevrilmişdir.
Hazırda ölkəmizdə həyata
keçirilən islahatlar iqtisadi inkişafın sürətləndirilməsi
ilə müşayiət olunur. Ölkə
iqtisadiyyatının ən müxtəlif sahələrinin
dövlət proqramı təminatı paytaxtın və
regionların tarazlı və davamlı inkişafını təmin
edir. Bir-birini tamamlayan həmin dövlət
proqramlarının icrası daim Prezident İlham Əliyevin
diqqət mərkəzindədir. Dövlət
başçısının ölkənin bütün
bölgələrinə tez-tez səfərlər edərək
proqramların icrası ilə yerindəcə tanış
olması bunun bariz göstəricisidir.
Dinamik sosial-iqtisadi inkişafa xidmət
edən siyasətin nəticəsidir ki, 2004-2010-cu illərdə
ölkədə ümumi daxili məhsulun həcmi 3, o cümlədən
qeyri-neft sektorunda 2 dəfə çoxalmışdır. Sənaye
məhsulunun istehsalı 2,8 dəfə, əsas kapitala qoyulan
investisiyalar 2,9, əhalinin gəlirləri 4,5, orta aylıq əməkhaqqı
7,1, pensiyaların orta məbləği isə 4,7 dəfə
artmışdır.
Sosial-iqtisadi nailiyyətlərin
qazanılmasında və ən mühüm siyasi tədbirlərin
müvəffəqiyyətlə həyata keçirilməsində
Yasamal rayonunun da özünəməxsus payı vardır.
Yasamal rayonu da paytaxtımızın mərkəzi
rayonlarından biri olduğundan hər zaman xüsusi diqqət
mərkəzindədir. Son illərdə rayonda coxsaylı təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin,
yol qovşaqlarının, yeraltı piyada keçidlərinin,
yeni inzibati binaların tikintisi, tarixi memarlıq abidələrinin,
dini-mənəvi dəyərləri özündə əks
etdirən obyektlərin bərpası və yenidən
qurulması sahəsində genişmiqyaslı işlər
görülmüşdür. Bizim üçün
sevindiricidir ki, ötən 5 ildə Prezident İlham Əliyev
36 dəfə rayonumuzda olmuş, 34 obyektin
açılışında iştirak etmişdir.
Artıq bir neçə ildir ki, Yasamal
rayonunun iqtisadi göstəriciləri xeyli yüksəlib. Sənaye
məhsulunun istehsalı 2010-cu ildə 2003-cü ilə
nüsbətən 7 dəfə, əsas kapitala yönəldilmiş
investisiya 12 dəfə, tikinti-quraşdırma işləri 21
dəfə, nəqliyyat xidməti 6 dəfə, rabitə xidməti
3 dəfə artmışdır. İşləyən vətəndaşların
orta aylıq əməkhaqqı 2003-cü illə müqayisədə
4 dəfə artmışdır. 2003-2011-ci illər ərzində
rayonda 20790 daimi iş yeri açılmışdır. Son 8
ildə ölkə Prezidentinin daimi diqqəti və sosial
yönümlü siyasəti sayəsində rayonun imtiyazlı
kateqoriyadan olan ailələrinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması
üçün 138 ailəyə yeni mənzillər
verilmişdir. Təkcə bu faktın özü əyani
şəkildə sübut edir ki, ölkə Prezidenti tərəfindən
sosial müdafiəyə ehtiyacı olan insanlara qayğı
hansı səviyyədədir.
Yasamal rayonunda 2003-2010-cu illərdə
2976 şagird yerlik 3 yeni məktəb binası, 4 məktəbdə
isə 1500 şagird yerlik əlavə tədris korpusları
tikilib istifadəyə verilmişdir. 7 məktəb binası və
uşaq yaradıcılıq mərkəzi əsaslı təmir
edilmişdir. Xatırlatmaq istərdim ki, "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Proqramı"na Yasamal rayonu
üzrə 67 tədbir salınmışdır. Artıq
proqramda qarşımıza qoyulmuş vəzifələrin
icrası ilə əlaqədar 3 orta məktəbdə əsaslı
təmir və yenidənqurma işləri yüksək səviyyədə
başa çatdırılaraq yeni dərs ilində istifadəyə
verilmiş, 8 körpələr evi-uşaq
bağçasında isə təmir işləri başa
çatmaq üzrədir.
Son 5 ildə rayonumuzun ərazisində
yerləşən və paytaxtımızın ən görkəmli
gəzinti yerlərindən olan Hüseyn Cavid, İzmir, Elmlər
Akademiyası, Nəriman Nərimanov, Mehdi Hüseynzadə
adına parklarda, Füzuli, Mikayıl Müşfiq
küçəsi ilə H.Cavid küçəsinin kəsişməsindəki
meydanlarda ən müasir səviyyədə əsaslı təmir
və yenidənqurma işləri aparılaraq sakinlərin
istifadəsinə verilmişdir. Mətbuat prospekti ilə Nazim
Hikmət küçəsinin kəsişməsində yerləşən
(keçmiş Musabəyov heykəlinin yerləşdiyi sahədə),
uzun illərdən bəri baxımsız vəziyyətdə
qalmış ərazidə ən müasir standartlara cavab verən
yeni istirahət parkı salınmışdır. Həmin ərazinin
görkəminə xələl gətirən 7
yaşayış binasının fasad hissəsi tamamilə
yenidən qurulmuşdur. Bundan başqa, ölkəmizin müstəqillik
tarixində ilk dəfə olaraq Yasamal Rayon İcra Hakimiyyətinin
inzibati binası və Heydər Əliyev məktəb-muzeyinin
binası yüksək səviyyədə tikilib istifadəyə
verilmişdir. Ümummilli liderin əziz xatirəsinin əbədiləşdirilməsi,
onun zəngin irsinin öyrənilməsi baxımından
böyük əhəmiyyəti olan məktəb-muzeydə
Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən fotoşəkillər və
eksponatlar nümayiş olunur. Fəaliyyətə
başladığı gündən bu günə kimi məktəb-muzeyə
30 mindən çox tələbə, şagird və digər
təbəqələrdən olan insanlar gələrək ulu
öndərin zəngin irsi ilə yaxından tanış
olmuşlar. Məktəb-muzeydə müxtəlif mövzularda
konfranslar, "dəyirmi masa"lar, açıq dərslər
və digər tədbirlər keçirilir. Burada müxtəlif
tədbirlərin keçirilməsi ənənə
halını almışdur və Heydər Əliyev məktəb-muzeyi
öz fəaliyyəti ilə rayonumuzun ideoloji mərkəzinə
çevrilmişdir.
Son beş ildə Yasamal rayonunda
genişmiqyaslı abadlıq və yaşıllaşdırma
tədbirləri də görülmüşdür. 50-dən
çox müxtəlif yaşayış məhəlləsində
nümunəvi "abad məhəllə"
yaradılmışdır. Həmin məhəllələrdə
sakinlərin istirahəti üçün zəruri olan
bütün şərait tam təmin edilmişdir. Yeniyetmə
və gənclərin asudə vaxtlarının səmərəli
təşkili, idmanla məşğul olmaları
üçün Murtuza Muxtarov və Süleyman Dadaşov
küçələrində müasir standartlara cavab verən
süni ot örtüklü mini- futbol meydançaları
tikilib gənclərimizin istifadəsinə verilmişdir.
"20 Yanvar" faciəsinin 20-ci ildönümü
ilə əlaqədar faciə qurbanlarının xatirəsinə
20 Yanvar dairəsində "20 Yanvar" memorial abidə
kompleksi yaradılmışdır. Bu möhtəşəm
abidə kompleksinin yaradılması cənab Prezidentin bilavasitə
təşəbbüsü ilə həyata
keçirilmişdir.
Tarixi və mədəni abidələrimiz
də daim diqqət mərkəzində olmuşdur. Rayon ərazisində
yerləşən N.Nərimanovun, Məhəmməd
Füzulinin, Sovet İttifaqı Qəhrəmanı Mehdi
Hüseynzadənin, Mikayıl Müşfiqin, Hüseyn Cavidin
abidələri əsaslı bərpa olunmuşdur. Milli Dram
Teatrının binası əsaslı təmir və yenidənqurmadan
sonra ən müasir standartlara cavab verən səviyyədə
istifadəyə verilmişdir.
Yasamal rayonunda abadlıq-quruculuq və
humanitar yönümlü tədbirlərin həyata
keçirilməsində Heydər Əliyev Fondunun və onun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
xüsusi xidmətləri vardır. Bu günlərdə
yüksək səviyyədə əsaslı təmirdən
sonra pedaqoji kollektivin və şagirdlərin istifadəsinə
verilən 13 saylı orta məktəbdə aparılan yenidənqurma
işləri Heydər Əliyev Fondunun təşəbbüsü
və maliyyə dəstəyi ilə həyata
keçirilmişdir. Milli Konservatoriyanın yeni binası da
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunur.
Bu gün Yasamal rayonu sürətlə
abadlaşır və paytaxtımızın ən gözəl
guşəsinə çevrilir. Söz açdığım
faktlar isə son illər rayonda aparılan genişmiqyaslı
işlərin yalnız bir hissəsinin qısa
xronikasıdır. Yasamal rayonunun hər bir sakini Prezident
İlham Əliyevin rəhbərliyi altında qazanılan
uğurların bəhrəsini öz gündəlik həyatında
bariz şəkildə hiss edir, ölkədəki ümumi
yüksəliş və tərəqqi xəttini ürəkdən
dəstəkləyir.
Qarşıda isə bizi daha
böyük işlər gözləyir. Hər zaman
çalışacağıq ki, fəaliyyətimizlə vətənimizin
inkişafına xidmət edək. Bu, Prezident İlham Əliyevin
qarşımıza qoyduğu ən ümdə vəzifədir.
Bəxtiyar SADIQOV:
- Bakı şəhəri üzrə həyata
keçirilən iqtisadi layihələr, azad sahibkarlıq
üçün münbit şəraitin
formalaşdırılmasının nəticəsi olaraq Yasamal
rayonunda son illərdə çoxlu sayda yeni istehsal və xidmət
sahələri yaranıb. O cümlədən vaxtilə fəaliyyət
göstərmiş müəssisələrin işi bərpa
edilib. Yasamal rayonunda həm də tikinti işləri sürətlə
gedir. Rayon ərazisində tikilən yeni yaşayış
binalarının sayı yüzlərlədir. Bu barədə
danışmaq üçün söz rayonda fəaliyyət
göstərən "Şəfəq" MMC-nin İdarə
Heyətinin sədri, Yasamal Bələdiyyəsinin üzvü
Vasif İsmayılova verilir:
Vasif İSMAYILOV:
- Azərbaycan dövlət müstəqilliyinə
nail olduqdan sonra ölkəmizdə bütün sahələrdə
yeni siyasi-ictimai formasiyanın diktə etdiyi islahatlar
aparılmalı idi. O cümlədən iqtisadi sahədə
islahatlar qaçılmaz idi. "Azərbaycan
Respublikasının Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı"nda da bu barədə müddəalar yer
almışdı. Həmin ərəfədə keçid
dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi
modelə üstünlük verəcəyi ilə bağlı
müxtəlif fikirlər söylənsə də,
1991-1993-cü illərdə hakimiyyətdə olan dairələr,
ümumiyyətlə, hər hansı bir sahədə islahat həyata
keçirməyə təşəbbüs belə göstərmədilər.
Yalnız Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Azərbaycanda bütün sahələrdə
islahatlar həyata keçirildi, iqtisadi sahədə tənəzzülün
qarşısı alındı. Ulu öndər
respublikamızın özünəməxsus cəhətlərini,
coğrafi mövqeyini, təbii resurslarını hərtərəfli
nəzərə alaraq azad bazar iqtisadiyyatı prinsiplərini əsas
götürdü və beləliklə, Azərbaycanın yeni dövr
üçün inkişaf xəttini müəyyənləşdirdi.
Aydındır ki, hər bir ölkənin
iqtisadi inkişafı, xalqın maddi rifah halının
yaxşılaşması müxtəlif amillərlə
yanaşı, azad sahibkarlıq fəaliyyəti
üçün yaradılan şəraitlə də
bağlıdır. Məhz buna görə ulu öndər Heydər
Əliyev sahibkarlığın inkişafına əngəl
yaradan bütün maneələri aradan qaldırdı. Ölkəmizdə
sərbəst biznes mühitinin yaradılması
üçün zəruri sənədləri imzaladı. O illərdən
etibarən əlverişli sahibkarlıq mühitinin
formalaşması istiqamətində həyata keçirilən
ardıcıl islahatların nəticəsi olaraq ölkəmizdə
güclü iqtisadi resurslara və potensiala malik sahibkarlar sinfi
yarandı.
Ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyən edilmiş sosial-iqtisadi inkişaf
strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən
yeni keyfiyyət mərhələsinə qaldırılaraq
uğurla həyata keçirilir. Dövlətimizin
başçısı azad sahibkarlığın
inkişafı məsələlərini daim diqqət mərkəzində
saxlayır.
Bakının iri rayonlarından olan
Yasamal rayonu 1993-cü ildən sonra böyük inkişaf yolu
keçib. Xüsusən son illərdə həyata
keçirilən irimiqyaslı layihələrin nəticəsi
olaraq rayonumuzun iqtisadi göstəriciləri artan dinamika ilə
inkişaf etmişdir. Hazırda "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"
Yasamal rayonunda uğurla icra edilir. Rayonumuz üzrə bu
müddət ərzində icrası nəzərdə tutulan
53 bənddən ibarət tədbirlər planı həlli tələb
olunan bütün sahələri əhatə edir.
Bizim üçün sevindiricidir ki,
hazırda Yasamal rayonunda aparılan quruculuq və abadlıq
işlərində özəl sektorun, iş adamlarının
böyük rolu var. Xüsusilə tikinti sektorunda
ayrı-ayrı iş adamları tərəfindən rayonda
aparılan işlər daha nəzərəçarpandır.
Belə ki, 2003-cü illə müqayisədə təkcə
keçən il tikinti sahəsinə yönəldilmiş sərmayə
20 dəfə çox olmuşdur.
Təmsil etdiyim "Şəfəq"
MMC də tikinti və layihələndirmə işləri ilə
məşğuldur. Ölkəmizdə sahibkarlığın
inkişafı üçün yaradılmış şəraitin
nəticəsidir ki, 1998-ci ildən fəaliyyət göstərən
şirkətimiz tərəfindən bu müddət ərzində
təkcə Yasamal rayonunda 64 min kvadratmetr fərdi yaşayış
mənzilləri inşa edilmiş, 600-ə yaxın yeni iş
yeri açılmışdır.
Azərbaycanın bütün
regionlarında, xüsusilə Bakıda aparılan yenidənqurma
işlərinin keyfiyyəti və sürəti qonşu
respublikalarda da bizim şirkətlərə maraq yaradır və
fəaliyyət sərhədlərimizi genişləndirir.
"Şəfəq" MMC də artıq 3 ildir ki, Belarusun
Moqilyov vilayətində fəaliyyət göstərir. Bu
müddət ərzində Belarusda 20 min kvadratmetr fərdi
yaşayış evi tikib istifadəyə vermişik, 70 min
kvadratmetr mənzil sahəsinin layihələndirmə işləri
isə yekunlaşmaq üzrədir.
Ölkəmizdə azad
sahibkarlığın inkişafına yaradılan şəraitin
nəticəsidir ki, iş adamları müxtəlif sahələrə
sərmayələr yatırır. Bu da öz növbəsində,
ölkə üzrə ümumi daxili məhsulun
artımına, yeni iş yerlərinin yaradılmasına, əhalinin
sosial rifahının yüksəlişinə öz töhfələrini
verir. Biz gələcək fəaliyyətimizdə də
respublikamızın və Yasamal rayonunun sosial-iqtisadi
inkişafı istiqamətində səylərimizi əsirgəməyəcəyik.
Bəxtiyar SADIQOV:
- Bu, bir həqiqətdir ki, iqtisadi
inkişaf sosial sahəyə diqqətin artırılmasına
da təkan verir. Yeni yaranan müəssisələr həm də
iş yerləri, ailələrin gəlir mənbəyi deməkdir.
Son illərdə dövlətimizin maliyyə
imkanlarının çoxalması əməkhaqlarının,
pensiyaların artımına ciddi təsir göstərib.
Sosial məsələlər, xüsusən əlillərin,
müharibə veteranlarının, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin yoluna
qoyulması Yasamal rayonunda da diqqət mərkəzindədir.
Bu barədə danışmaq üçün söz Yasamal
rayon sakini, şəhid atası, "20 Yanvar" fondunun sədri
Yusif Bünyadzadəyə verilir:
Yusif
BÜNYADZADƏ:
- Dövləti qurmaq siyasi bacarıq və
dünyagörüş, titanik əmək tələb edir.
Lakin müstəqilliyimizin ilk illərində iqtidarda olanlar bu
missiyanın öhdəsindən gələ bilmədilər.
1993-cü ilə qədər ölkədə gedən hakimiyyət
dartışmaları, bunun nəticəsində yaranan hakimiyyətsizlik,
baş qaldıran separatçılıq meyilləri,
tüğyan edən cinayətkarlıq və cəbhədəki
uğursuzluqlar müstəqilliyimizin gələcəyini təhlükə
altına qoymuşdu.
Ona görə həmin ağır
günlərdə səriştəsiz iqtidarın "idarəçiliyindən"
cana doyan, yeritdiyi siyasətin müstəqilliyimizi məhvə
apardığını görən Azərbaycan xalqı
ölkəni düşdüyü böhrandan xilas etmək
üçün Heydər Əliyevə müraciət etdi.
Zaman göstərdi ki, xalq öz seçimində
yanılmayıb.
Bu mənada Azərbaycanın dövlət
müstəqilliyinin yaşadılması və əbədi
olması xalqımızın böyük oğlu Heydər Əliyevin
adı ilə qırılmaz surətdə bağlıdır.
Çünki 1991-1993-cü illərin təhlili göstərir
ki, əgər ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə
gəlməsəydi, müstəqilliyimizi qoruyub saxlamaq
mümkün olmazdı.
Ulu öndər Heydər Əliyevin
siyasi kursunu, onun iqtisadi inkişaf strategiyasını uğurla
davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin
dövlət müstəqilliyinin möhkəmləndirilməsi
və daha da inkişaf etdirilməsi üçün əzmkar
siyasət həyata keçirir. Son illərdə icra olunan
dövlət proqramları nəticəsində Azərbaycanın
iqtisadi potensialı tam hərəkətə gətirilib,
iqtisadiyyatımız üç dəfə artıb.
Ölkəmizin sürətli
sosial-iqtisadi inkişafına paralel olaraq vətəndaşların
sosial rifahı yüksəlir, maddi gəlirləri mütəmadi
olaraq artır.
Bütün bunlar ölkəmizin
inkişaf strategiyasını inamla davam etdirərək yeni
dövrün tələblərinə uyğun müasirləşdirən
Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
siyasətinin nəticəsidir. Əhalinin maddi rifah
halının davamlı şəkildə yüksəlməsi,
insanların layiqli həyat tərzinin təmin olunması
baxımından Azərbaycan dünyanın ən nümunəvi
dövlətləri sırasında yer almaqdadır.
Ölkəmizin hər yerində
olduğu kimi, Yasamal rayonunda da şəhid ailələrinin,
müharibə əlilləri və veteranlarının, o
cümlədən aztəminatlı əhalinin sosial müdafiəsi
prioritet məsələlərdən biridir. Hazırda Yasamal
rayonunda 10327 nəfər ailə üzvünü əhatə edən 2648 aztəminatlı
ailə dövlətdən
ünvanlı sosial yardım alır, 368 nəfər tənha
və kimsəsizə sosial xidmət göstərilir. Şəhid
ailələrinə, əlillərə, digər aztəminatlı
ailələrə mütəmadi olaraq maddi və ərzaq
yardımları edilir.
Yeni Yasamal yaşayış massivində
Qarabağ müharibəsi əlilləri, şəhid ailələri
və digər imtiyazlı
insanlar üçün inşa edilmiş 81 mənzilli 9 mərtəbəli
yaşayış binasında rayonumuzun 50-dən çox
imtiyazlı ailəsinə yeni mənzil verilmişdir.
Ümumiyyətlə isə, 2003-2011-ci illər ərzində
138 mənzil verilmişdir. Beləliklə, rayonumuzda əlil və
şəhid ailələrinin mənzillə təminatı məsələsi
əsasən öz həllini tapmışdır. Dövlətin
qayğısı onu göstərir ki, yaxın 2-3 ildə bu cür insanların mənzil
problemi qalmayacaqdır.
Ölkəmizdə sosial rifah
halının yüksəlişi, insanların həyat səviyyəsinin
yaxşılaşması,
doğma torpaqlarının nisgili ilə yaşayan bir
milyondan artıq qaçqın və məcburi
köçkünün timsalında özünü aydın
büruzə verir. Ölkə rəhbərliyinin xüsusi diqqət
və qayğısının nəticəsidir ki,
qaçqın və məcburi köçkünlərin həyat
səviyyəsi, mənzil-məişət şəraitləri
əhəmiyyətli dərəcədə
yaxşılaşmışdır. Hazırda Yasamal rayonu ərazisində
23427 nəfər məcburi köçkün yaşayır.
Onların böyük əksəriyyəti rayon ərazisindəki
ali və orta ixtisas məktəblərinin yataqxanalarında,
uşaq bağçalarında və digər inzibati binalarda məskunlaşmışdır.
Məcburi köçkünlərin sosial və məişət
problemləri daim rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir,
onlara hər zaman lazımi kömək göstərilir. Fərəhli
haldır ki, son dövrlərdə məcburi
köçkünlərin bir qismi dövlət proqramına əsasən
inşa edilmiş mənzillərlə təmin olunmuşlar.
Onu da nəzərinizə çatdırmaq
istəyirəm ki, ötən il "20 Yanvar" faciəsinin
20-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə
20 Yanvar dairəsində - Həsən bəy Zərdabi və
Müzəffər Həsənov
küçələrinin kəsişməsində
"20 Yanvar" memorial abidə kompleksi
yaradılmışdır. Kompleksin arxa hissəsində 2000
kvadratmetr sahədə abadlıq işləri
aparılmışdır.
Bütövlükdə, Yasamal rayonunda
ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi diqqət mərkəzində
saxlanılır. Respublikamızın inkişafı və
maliyyə imkanlarının ildən-ilə artması
rayonumuzda da xüsusi qayğıya ehtiyacı olan vətəndaşların
sosial müdafiəsinin daha keyfiyyətlə həyata
keçirilməsinə yol açır.
Bəxtiyar
SADIQOV:
- Gənclik istənilən cəmiyyətdə
böyük qüvvədir. Hər bir ölkənin gələcəyi
gənclərin sosial-siyasi fəallığından əhəmiyyətli
dərəcədə asılıdır. Ümummilli lider Heydər
Əliyev tərəfindən müəyyənləşdirilmiş
və Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilən dövlət gənclər siyasətinin
aparıcı xəttini həm də bu mühüm konsepsiya təşkil
edir. Bunun nəticəsidir ki, Yasamal rayonunda qazanılan
uğurlarda gənclərin rolu artır. Yasamal rayonunun gəncləri
adından danışmaq üçün söz Yeni Azərbaycan
Partiyasının Yasamal rayon təşkilatının
Gənclər Birliyinin sədr müavini Vüsalə Niftəliyevaya
verilir:
Vüsalə
NİFTƏLİYEVA:
- Müstəqillik tariximizin ən
şanlı səhifələrinin yazılmasında Azərbaycan gənclərinin mühüm rolu
var. Gənclər hər zaman xalqımızın azadlıq
mübarizəsinin önündə
olmuşlar. Ölkəmizin ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə, dövlətçiliyimizə
qarşı yönəlmiş qəsdlərin
qarşısının alınmasında yüzlərlə gənc şəhidlik zirvəsinə
ucalmışdır.
Lakin müstəqilliyimizin ilk
çağlarında gənclər siyasəti
başlı-başına buraxılmış, cəmiyyətin
aparıcı qüvvəsinin
potensialından səmərəli
istifadə olunmamışdır. Əksinə,
ayrı-ayrı başabəla
liderlər, "siyasi qüvvələr"
həyat təcrübəsi az olan gənclərdən öz məkrli
niyyətlərini həyata keçirmək üçün bəhrələnmişlər.
Azərbaycan dövlətçiliyi
tarixində ilk dəfə olaraq müstəqillik dönəmində ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə 1994-cü ildə gənclərlə
iş sahəsində dövlət
qurumu olan Gənclər və İdman Nazirliyinin
yaradılması mühüm əhəmiyyət kəsb edirdi. Nazirliyin
yaradılması böyük sayda gənclər ordusunun potensialının Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsi işinə yönəltmək,
onlar arasında dövlətçilik ənənəsinin
formalaşması üçün mühüm vasitə oldu.
Son illər respublikamızda hər bir
sahədə inkişafla yanaşı, gənclər siyasətində
də mühüm irəliləyişlər müşahidə
edirik. Ulu öndər Heydər Əliyevin siyasi xəttini
uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən gənclər siyasəti bu gün gənclərimizin
hərtərəfli inkişafını, ölkənin
ictimai-siyasi həyatında fəal iştirakını təmin
edir. Ümumiyyətlə, gənclər siyasəti dövlət
siyasətinin mühüm tərkib hissəsinə
çevrilib. Qəbul edilmiş bütün normativ hüquqi sənədlər,
o, cümlədən 2005-2009-cu illəri əhatə etmiş
Azərbaycan Gəncliyi Dövlət proqramı dövlət gənclər
siyasətinə olan diqqət və qayğının
bariz nümunəsidir. Gənclərlə düzgün iş
strategiyasının qurulması sayəsində Azərbaycan gənci
idman, elm, təhsil, mədəniyyət, incəsənət və
s. sahələrdə böyük nailiyyətlər əldə
edir, dövlətçilik ənənələrini
daim uca tutur, islahatların həyata keçirilməsində
yaxından iştirak edir.
Prezident İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan Gəncliyi 2011-2015 -ci illərdə"
Dövlət Proqramı dövlət gənclər siyasətinin
davamlılığını və bu sahədə yeni mərhələnin
başlandığını ehtiva edir. Bu proqram qəbul
olunmazdan öncə ictimai müzakirəyə
çıxarılmışdır. Müzakirədə
Yasamal rayon gəncləri də fəal iştirak etmişlər.
Toplanmış təkliflər dövlət proqramı üzərində
çalışan işçi
qrupuna təqdim edilmişdir. Rayon gənclərinin
müraciətinə əsasən Yeni Yasamal yaşayış
massivində idman və sağlamlıq kompleksinin tikilməsi
dövlət proqramında öz əksini tapmışdır.
Proqramın Yasamal rayonunda geniş şəkildə həyata
keçirilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti
başçısı tərəfindən müvafiq sərəncam imzalanmışdır.
Yasamal rayonu əhalisinin 35 faizini gənclər
təşkil edir. Eyni zamanda, rayon ərazisində yerləşən
ali və orta təhsil müəssisələrində
təqribən 40 minə yaxın gənc təhsil alır. Dünyanın
nüfuzlu ali məktəblərində təhsil alan Yasamal rayon gəncləri həm də Azərbaycan
həqiqətlərini təbliğ edirlər. Bu sahədə
dövlətimiz gənclərə güclü dəstək verir.
Yasamal rayon Gənclər və İdman
İdarəsi dövlət proqramlarını əldə rəhbər
tutaraq yeniyetmə və gənclər arasında sağlam həyat
tərzinin təbliği, asudə vaxtın səmərəli təşkil
olunması istiqamətində tədbirlər həyata
keçirir. Son illər respublikamızın hər
yerində olduğu kimi, rayonumuzda da abadlıq və səliqə-sahman işlərinin aparılması,
idman qurğularının bərpası və yenilərinin
quraşdırılması
böyüməkdə olan gənc nəslin
sağlamlığının möhkəmləndirilməsində
xüsusi rol oynayır. Rayon ərazisində onlarla nümunəvi
məhəllələrin abadlaşdırılması və həmin məhəllələrdə
idman qurğularının quraşdırılmasının hər
birimiz şahidiyik. Eyni zamanda
son 3 il ərzində rayonun daxili
imkanları hesabına müasir standartlara uyğun süni ot
ortüklü 2 mini-futbol meydançasının istifadəyə
verilməsi gənclərin idmana kütləvi cəlb
olunmasına səbəb olmuşdur. Bu, bir daha dövlətimizin gəncliyimizə olan diqqət
və qayğısının təcəssümüdür.
Ölkəmizin sağlam düşüncəli
vətəndaşları kimi Yasamal rayon gəncləri də Prezident
İlham Əliyevin dövlətçiliyimizin inkişafı
və çiçəklənməsi naminə həyata
keçirdiyi siyasətə öz əməlləri ilə dəstək
verirlər. Gənclərimiz Prezident İlham Əliyevin
uğurlu fəaliyyətindən, Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsi naminə
göstərdiyi xidmətlərdən qürur duyurlar.
Bəxtiyar SADIQOV:
- Dinamik inkişaf yolunda aparılan
abadlıq-quruculuq işləri də əsas fəaliyyət
istiqamətidir. Bu gün rayonun bütün
küçə və prospektləri, park və xiyabanları
yenidən qurulur, yaşayış binalarının
fasadları yenilənir. Biz də Yasamal
rayonu ərazisində fəaliyyət göstərdiyimiz
üçün bütün bunların əyani şahidiyik.
Rayonda aparılan abadlaşdırma və quruculuq işləri
barədə fikirlərini bölüşmək
üçün söz Yasamal rayon sakini, Bakı Dövlət
Universitetinin professoru, kimya elmlər doktoru İsmayıl Əliyevə
verilir:
İsmayıl ƏLİYEV:
- Milli iqtisadi modeli, makroiqtisadi
uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin
diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə
xidmət edən qlobal infrastruktur layihələrini inamla həyata
keçirən, sosial məsələlərə geniş diqqət
ayıran Azərbaycan, eyni zamanda, böyük tikinti
meydanını xatırladır. Prezident
İlham Əliyev inzibati mərkəz statusu daşıyan
Bakının Şərq və Qərb arxitekturasının
uğurlu sintezi əsasında yenidən qurularaq modern Avropa
şəhərinə çevrilməsi üçün
müəyyənləşdirdiyi kompleks tədbirlərin
icrasını gündəlik nəzarətdə saxlayır.
Prezident İlham Əliyevin 4 may 2011-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" da dövlət
başçısının verdiyi hər bir vədə
sadiqliyini nümayiş etdirir. Bakı şəhərinin
və ətraf qəsəbələrin problemlərinin həllini
önə çəkən məqsədyönlü və
ardıcıl tədbirlər sistemi paytaxtın qədim tarixi ənənələrə,
mədəni-mənəvi irsə malik rayonlarından olan
Yasamalın da simasını əsaslı şəkildə dəyişib.
20 il əvvəllə müqayisədə
Yasamal rayonu tanınmaz dərəcədə müasirləşib
desək, hansısa mübaliğəyə yol vermiş
olmarıq. Hələ Sovetlər birliyi
dövründən Bakının ziyalı, alim və tələbə
kontingentinin sıx yaşadığı bu rayon müstəqilliyin
ilk illərində ciddi problemlərlə üzləşmişdi.
Bütün respublikada olduğu kimi, bu rayonda da
iri müəssisələr fəaliyyətini dayandırmaq məcburiyyətində
qalmış, istehsal prosesi zəifləmiş, işsizliyin səviyyəsi
dözülməz həddə çatmış, əhalinin
sosial vəziyyəti pisləşmişdi. Rayonun sosial-mədəni infrastrukturu tamamilə
yararsız hala düşmüş, ekoloji problemlərin kəskinləşməsi
insanların sağlamlığı üçün ciddi təhlükəyə
çevrilmişdi. Qısası,
bütövlükdə respublikada hökm sürən
sosial-iqtisadi tənəzzül prosesinin doğurduğu ciddi
problemlər və depressiv ovqat Yasamalda da özünün kəskinliyi
ilə duyulurdu.
1993-cü ildə xalqın tələbi
ilə respublikada hakimiyyətə qayıdan ulu öndər
Heydər Əliyev bu rayonun problemlərinə xüsusi diqqət
və qayğı ilə yanaşdı. Yasamal rayonu tədricən iqtisadi potensialını bərpa
etdi, əvvəlki şöhrətini özünə
qaytardı. İnsanların rifahında,
yaşayış tərzində əsaslı keyfiyyət dəyişiklikləri
baş verdi.
Son illərdə Azərbaycanın təkcə
dövlət büdcəsinin gəlirlərinin deyil, ümumən
valyuta ehtiyatlarının dinamik artımı Yasamal rayonunun da
problemlərinin həllinə imkanlar yaradıb. Yasamaldakı real sosial-iqtisadi inkişaf əsla quru,
cansız rəqəmlərdə deyil, rayon sakinlərinin
gündəlik həyatında, məişətində, maddi rifah
halında əksini tapır. Ötən 8
ildə Prezident İlham Əliyevin dəfələrlə
Yasamal rayonunda olması, onun inkişaf perspektivləri ilə
bağlı dəyərli tövsiyə və
tapşırıqlarını verməsi görülən
işlərin səmərəsini və keyfiyyətini
artırıb. Ümumiyyətlə, bu illər ərzində
mövcud potensialın səmərəli realizə edilməsi,
rayonun malik olduğu əmək ehtiyatlarının və digər
resursların konkret məqsədlərə yönəldilməsi,
ən başlıcası, Azərbaycan Prezidentinin
imzaladığı dövlət proqramlarından, fərman və
sərəncamlarından irəli gələn vəzifələrin
əzm və bacarıqla həyata keçirilməsi Yasamal
rayonunun bugünkü uğurlarını şərtləndirən
başlıca məqamlar sırasındadır.
Xüsusilə də son aylarda buraya
yolu düşənlər rayondakı genişmiqyaslı
abadlıq və quruculuq, yenidənqurma işlərinə heyrətlərini
gizlədə bilmirlər. Ən müasir
şəhərlərə xas arxitektura əsasında
abadlaşdırılan rayonun əksər küçə,
meydan, park və xiyabanlarında, sosial-mədəni, inzibati
obyektlərində, o cümlədən çoxsaylı
yaşayış binalarında aparılan təmir və yenidənqurma
işləri, həqiqətən, göz oxşayır. İlk baxışdan aydın görünür ki,
görülən işlər kampaniyaçılıqdan,
kosmetik dəyişikliklərdən tamamilə uzaq olub rayonun
uzun illərdən bəri həllini gözləyən problem
və qayğılarının kompleks həlli məqsədinə
hesablanıb.
Yasamal sakinlərinin rahat, firavan
yaşayışının təmin edilməsi baxımından
müxtəlif sahələr üzrə
infrastrukturun yeniləşdirilməsinə, kommunal xarakterli
problemlərin həllinə xüsusi diqqətlə
yanaşılır. Ötən dövrdə
rayonda elektrik təchizatı, su və kanalizasiya sisteminin yenidənqurulması,
yolların əsaslı bərpası, sosial infrastrukturun
müasirləşdirilməsi istiqamətində mühüm
tədbirlər görülüb.
Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü
əsasında aidiyyəti strukturlarla birgə rayonda qəza vəziyyətində
olan binaların təmiri, fasadların yenidən qurulması,
yaşayış binalarının həyətlərində
abad məhəllələrin yaradılması, idman
meydançalarının tikilməsi, ərazinin ekoloji cəhətdən
sağlamlaşdırılması və
abadlaşdırılması işlərinə
başlanılmışdır. Qısaca demək olar ki,
ötən 8 il müddətində 60-dan çox məhəllə
abadlaşdırılmış, o cümlədən
yaşadığım A.Abbasov küçəsi, 11 saylı
binanın həyətində nümunəvi məhəllə
yaradılmışdır. 2 mini - futbol meydançası tikilmiş, 2 yeni park salınmış, mövcud 10 parkda isə əsaslı yenidənqurma işləri
görülmüşdür.
Rayonun daxili imkanları hesabına
reallaşdırılan mühüm layihələr
sırasında müstəqilliyimizin memarı Heydər Əliyevin xatirəsinin ədədiləşdirilməsi
tədbirlərini xüsusi vurğulamaq lazımdır. 2009-ci ildə Prezident İlham Əliyev Yasamal Rayon
İcra Hakimiyyətinin yeni inzibati binasının və Heydər
Əliyev Məktəb-Muzeyinin, habelə yaxınlıqda yeni
salınmış parkın açılış mərasimlərində
iştirak edib, görülən işlərdən
razılığını bildirib.
Bəli, Azərbaycanın 20 illik
müstəqillik tarixinin möhtəşəm izləri bu
gün Yasamal rayonunda da özünü qabarıq göstərir. Rayonun son illərdə əldə etdiyi nailiyyətlər
isə ünvanlı və məqsədyönlü olmaqla, hər
bir sakinin sosial rifah halının yüksəldilməsi, mənafeyinin
qorunması məqsədini önə çəkir. Yasamal sakinləri inanırlar ki, dövlət
başçısı İlham Əliyevin diqqət və
qayğısı nəticəsində rayonun narahatlıq
doğuran bütün problemləri ən qısa zamanda
uğurlu həllini tapacaqdır.
Bəxtiyar
SADIQOV:
- 2004-cü ildə yaradılan Heydər Əliyev
Fondu möhtəşəm fəaliyyəti ilə qısa
zamanda nəinki ölkəmizdə, bir sıra xarici ölkələrdə
də xeyirxahlıq və mərhəmət ünvanına
çevrilib. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Fond ulu öndərin irsinin təbliği və öyrənilməsi
ilə yanaşı, xeyriyyəçiliyi, müxtəlif
humanitar aksiyalar, sosial layihələr gerçəkləşdirməyi
fəaliyyətinin prioritet istiqamətlərindən hesab edir.
Heydər Əliyev Fondu Yasamal rayonunda da xeyirxahlığın
və quruculuğun əsas ünvanına çevrilib və bu
mövzuda danışmaq üçün söz 13 nömrəli
məktəbin direktoru
Rəfiqə Məmmədovaya verilir:
Rəfiqə MƏMMƏDOVA:
- Şərqlə Qərbin
qovuşduğu məkanda Azərbaycanda iki sivilizasiyanın
konseptual parametrlərini özündə birləşdirən
dövlət modelini ümummilli lider Heydər Əliyev
yaratmışdır. Heydər Əliyevin
sayəsində Azərbaycanın dövlət müstəqilliyi
bərqərar edilmiş, demokratik dövlət qurulmuş,
onun təsisatları formalaşmışdır.
Ümummilli liderin zəngin dövlətçilik
irsinin öyrənilməsi, onun ölməz ideyalarının
təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək
nəsillərə
çatdırlması müasir qloballaşma
dövründə xüsusi əhəmiyyət kəsb edir.
Yarandığı gündən məhz bu ali
məqsədi qarşısına məqsəd qoyan Heydər Əliyev
Fondu öz fəaliyyətilə cəmiyyətin ümid, nicat
ünvanına çevrilmişdir. Azərbaycanın birinci
xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi
etdiyi Heydər Əliyev Fondu yarandığı gündən
dahi öndərin mərhəmət, nəciblik və yüksək
humanizmə əsaslanan saf ideallarının ictimai
şüurda möhkəmlənməsi,
xalqımızın gələcəyi naminə müxtəlif
sosial layihələri inamla həyata keçirir. Respublikamızda aparılan quruculuq işlərində,
təhsil, elm, mədəniyyət, səhiyyə və digər
sahələrdə Heydər Əliyev Fondunun səmərəli
fəaliyyəti xalqa qayğı və diqqətin,
xeyirxahlığın bariz nümunəsidir. Qəlbən vətənə, xalqa bağlı
Prezident İlham Əliyevlə çiyin-çiyinə
çalışan ölkəmizin birinci xanımının fəaliyyəti
cəmiyyətimizdə humanizm ənənələrinin
yaşamasına, xeyriyyəçiliyə yönəlmişdir
ki, bu da xalqın sabaha, ölkə hakimiyyətinə olan
inamını və etimadını artırır.
Mən təhsil işçisi
olduğum üçün Heydər Əliyev Fondunun bu sahədə
gördüyü işlərə toxunmaq istəyirəm. Fondun təhsillə bağlı fəaliyyəti
genişmiqyaslıdır. Ali və orta məktəblər,
uşaq evləri, uşaq bağçaları daim Fondun diqqət
mərkəzindədir. Mehriban xanım Əliyevanın
təşəbbüsü, göstərişi, diqqət və
qayğısı ilə respublikanın şəhər, rayon,
kənd və qəsəbələrində tikilmiş,
abadlaşdırılmış yüzlərlə məktəb,
uşaq bağçaları, uşaq evləri xalqın
ixtiyarındadır.
Heydər Əliyev Fondu sosial problemlərin
həlli ilə yanaşı, təhsilin inkişafına da
sanballı töhfələrini verir. Son
7 ildə rayonda Fondun təşkilatçılığı
və dəstəyi ilə çox mühüm humanitar tədbirlər
keçirilmişdir. Buna misal olaraq Heydər Əliyev Məktəb-Muzeyində
"Diabet xəstəlikləri" mövsuzunda həkim terapevtlər
üçün treninq kurslarının, şəkərli
diabet xəstələri olan uşaqlar üçün
seminarların keçirilməsini göstərmək olar.
Heydər Əliyev Fondu Yasamal rayonunda
məskunlaşan qaçqın və məcburi
köçkün ailələrinə, o cümlədən
şəhid ailələrinə daim qayğı göstərir. Bundan
başqa, Fond tərəfindən uşaqlar üçün
keçirilən "Novruz bayramı", "Yeni il"
şənliklərinə Yasamal məktəblilərinin dəvət
alması, yeni dərs ilinin əvvəlində
birinci siniflərə və xüsusi qayğıya ehtiyacı
olan uşaqlara məktəb çantalarının və dərs
ləvazimatlarının verilməsi ənənə
halını almışdır. Rayon ərazisində Milli
Konservatoriyanın tikilməkdə olan inzibati binası da Heydər Əliyev
Fondu tərəfindən icra
olunur.
Yasamal rayonundakı Ş.Əfəndizadə
adına 13 nömrəli tam orta ümumtəhsil
məktəbin uzun illər idi ki, təmirə ehtiyacı
vardı. Kollektivimiz tezliklə bu təhsil ocağının
binasının da təmir olunacağına inanırdı. Bizim arzumuz bu il gerçəkləşdi, məktəb Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi
ilə kompleks şəklində əsaslı təmir olunaraq
şagirdlərin ixtiyarına verildi. İndi
burada yaradılan gözəllik, səliqə və sahman hər
kəsi sevindirir. Məktəbdə 1200-dən yuxarı
şagirdin təlim - tərbiyəsi ilə 130 müəllim məşğul
olur. Müəllimlər, valideynlər, ələlxüsus məktəblilər
görülən bütün bu işlərə görə
Mehriban xanım Əliyevaya olan minnətdarlıqlarını
ilk dərs günündə bəyan etdilər.
Bütün bunları nəzərə
alaraq əminliklə söyləmək olar ki, Heydər Əliyev
Fondunun ən müxtəlif layihələrini birləşdirən
bir ortaq xətt var. Bu, millətə layiqli xidmətdir.
Bu ali mərama
xidmət etmək hər bir addımda Heydər Əliyev Fondu
üçün eyni səviyyədə prioritet səciyyə
daşıyır. İstər "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi, istər yeni
tikilən və ya bərpa edilən uşaq evləri, orta və
internat məktəbləri, istərsə də mədəni
irsin təbliği üçün həyata keçirilən
irimiqyaslı layihələr məhz bu məqsədə xidmət
edir. İnsan amilinin yüksəlişinə hesablanan
mühüm layihələr, şübhəsiz, Heydər Əliyev
ideyalarına sədaqətin,
vətənə, millətə məhəbbətin, Azərbaycan
Prezidenti İlham Əliyevin
siyasətinə dəstək vermək istəyinin əməli
təzahürüdür.
Daha sonra
çıxış edən Yeni Azərbaycan Partiyası
Yasamal Rayon Təşkilatının sədri Fikrət
İsmayılov rayon fəallarının iştirakı ilə
müstəqilliyimizin bərpasının 20 illiyinə həsr
olunmuş "dəyirmi masa"nın
keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi:
- Biz Azərbaycan xalqının çox
xoşbəxt nəslinin nümayəndələriyik. Çünki biz müstəqil Azərbaycan dövlətinin
vətəndaşlarıyıq. Bu müstəqilliyin
banisi isə Heydər Əliyevdir. Ulu
öndər hələ sovetlər dövründəki fəaliyyəti
ilə xalqımızın milli kimliyini, mənəvi dəyərlərini
cəsarətlə qoruyur, hətta sovet ideologiyası ilə
uzlaşmayan islahatları, tədbirləri həyata
keçirirdi. Məhz ulu öndərin təşəbbüsü
ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili
olması barədə Konstitusiyaya maddə əlavə olundu.
Bu asan məsələ deyildi. Sovet dövlətinin dünyaya meydan oxuduğu bir
dövrdə bu addımı atmaq çox böyük cəsarət
tələb edirdi. Heydər Əliyevin sayəsində
ölkəmizdə inşa olunan Bakı Dərin Özüllər
Zavodu müstəqillik illərində Azərbaycanın neft
strategiyasının uğurla həyata keçirilməsində
mühüm rol oynadı. C.Naxçıvanski adına hərbi məktəbdə neçə-neçə
azərbaycanlı hərbçilər yetişdi. Dərindən düşünəndə bir daha əmin
oluruq ki, bütün bunlar cəsarətli və son dərəcə
gərəkli addımlar olmaqla yanaşı, həm də məhz
müstəqillik dövrünə hesablanmış strateji tədbirlər
idi.
Bu gün ölkəmiz geniş
miqyasda, hərtərəfli inkişaf edir. Bir
neçə il əvvəl Azərbaycanı
tərk edənlər geri qayıdanda ölkəmizi
tanımırlar. Çünki Azərbaycan artıq tək il, ay ərzində deyil, günbəgün
inkişaf edir, abadlaşır, gözəlləşir,
insanların rifahı yüksəlir. Bu, Heydər
Əliyevin siyasətinin layiqli davamçısı olan
Prezident İlham Əliyevin dövlətimizin və
xalqımızın xoşbəxtliyi naminə əzmkar fəaliyyətinin
nəticəsidir. Biz də müstəqil
dövlətimizin inkişafı naminə üzərimizə
düşən vəzifələri şərəflə
yerinə yetirməliyik. Bu müstəqilliyin qədrini
bilməliyik!
Bəxtiyar SADIQOV:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
"Dəyirmi masa"dakı
çıxışlara, səslənən fikirlərə
görə hər birinizə təşəkkür edirəm.
Burada Yasamal rayonunun timsalında sadalanan bütün uğurlar
bizim dövlət müstəqilliyimizin, ölkəmizdə həyata
keçirilən düşünülmüş və
davamlı kompleks inkişaf
strategiyasının bəhrələridir.
Bir məsələni xüsusilə qeyd
etmək istəyirəm. Əgər Azərbaycan 20 il öncə
dövlət müstəqilliyinə
digər sovet respublikaları ilə müqayisədə
daha əziyyətlə nail olmuşdusa, müstəqilliyinin
20-ci ildönümünü daha böyük nailiyyətlər
və daha xoş əhval-ruhiyyə ilə
qarşılayır. Çünki Azərbaycan, sözün əsl
mənasında, müstəqil dövlətdir. Heç bir sahə
üzrə xarici asılılığı yoxdur.
Xalqımız bir sıra keçmiş sovet
respublikalarından fərqli olaraq, özünün iqtisadi
resurslarının, təbii sərvətlərinin tam sahibidir
və bunlardan xalqın rifahı naminə bacarıqla istifadə
edib.
Azərbaycan.-2011.-29
sentyabr.-S.4-5.