Birləşmiş Ərəb Əmirliklərində
«Explorer Publishing & Distribution» nəşriyyatında çap edilmiş «Azerbaijan-Live Work Explore» və «Baku Mini Visitors\' Guide» bələdçi kitablarının təqdimat
mərasimi olmuşdur
27 sentyabr
- Dünya Turizm
Gününə həsr olunmuş tədbirlər
çərçivəsində Birləşmiş Ərəb
Əmirliklərinin "Explorer Publishing & Distribution"
nəşriyyatı tərəfindən çap
edilmiş "Azerbaijan-Live
Work Explore" və
"Baku Mini Visitors' Guide" bələdçi
kitablarının təqdimat mərasimi keçirilmişdir.
Mədəniyyət
və Turizm Nazirliyinin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri nazir Əbülfəs
Qarayev açaraq Azərbaycanın
zəngin mədəniyyətini, tarixini,
adət-ənənələrini və turizm
potensialını əks etdirən bu bələdçi
kitabların ölkəmizin beynəlxalq aləmdə təbliği üçün
faydalı vasitə olacağına əminliyini bildirmişdir. Nazir qeyd etmişdir
ki, bu layihənin həyata
keçirilməsi üçün
dünyanın müxtəlif nəşriyyat evlərinə
göndərilən müraciətlərə ilk
olaraq müsbət cavab
verənlərdən biri məhz "Explorer Publishing & Distribution" nəşriyyatı olmuşdur.
Ə.Qarayev həmçinin bildirmişdir
ki, başlanan işin davamı olaraq ərəb
dilində "Baku Mini
Visitors' Guide"
kitabının hazırlanması üçün
"Explorer Publishing
& Distribution" nəşriyyatı ilə
müzakirələr aparılacaqdır.
"Explorer Publishing & Distribution"
nəşriyyatının icraçı direktoru
Alisteyr Makkenzi bu layihənin həyata keçirilməsi üçün təmsil etdiyi
şirkətin seçilməsinə görə Mədəniyyət
və Turizm Nazirliyinə dərin təşəkkürünü
bildirmişdir. Qonaq müvafiq danışıqlardan sonra bağlanmış müqavilə əsasında
iki ilə yaxın müddətdə
müxtəlif işlərin görüldüyünü
diqqətə çatdırmışdır. Bu müddətdə kitabın müəlliflərinin,
fotoqraflarının, xəritəçəkənlərin Azərbaycana
səfər etdiklərini və həmin işlərin nəticəsi
olan nəfis tərtibatlı bələdçi
kitabların nəşr edildiyini
vurğulamışdır.
Sonra tədbir
iştirakçıları təqdim edilən "Azerbaijan-Live Work Explore" və "Baku Mini Visitors' Guide" bələdçi kitabları ilə
yaxından tanış olmuşlar.
Bu iş Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat
evlərinin iştirakı ilə "Azərbaycanı kəşf
edək" layihəsi çərçivəsində həyata
keçirilməkdədir. Layihə çərçivəsində
indiyədək Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə Rusiyanın "Vokruq sveta", Fransanın
"Mondeos", Birləşmiş Krallığın
"Bravo Ltd" və "Filmer Limited" nəşriyyatları
tərəfindən Azərbaycanı təbliğ edən bələdçi
kitablar hazırlanmış və müxtəlif ölkələrdə
satışa çıxarılmışdır.
Azərbaycan.-2011.-29 sentyabr.-S.6.