«Yeniləşən mədəniyyət - yeniləşən məkanda» layihəsi çərçivəsində nəşr edilmiş beş kitabın təqdimatı olmuşdur

 

 Sentyabrın 28-də Bakı İdman Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təmir olunan mədəniyyət ocaqlarından bəhs edən "Heydər Əliyev Sarayı", "Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı", "Azərbaycan Dövlət Kukla Teatrı", "Azərbaycan Dövlət Film Fondu", "Azərbaycan Dövlət Rus Dram Teatrı" kitablarının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Yeniləşən mədəniyyət - yeniləşən məkanda" adlı layihəyə uyğun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr edilmiş bu kitabların təqdimat mərasimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş II Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində reallaşmışdır.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış bu kitabların mədəni irsimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləmişdir. Nəşrlərin hər birində yeni, müasir formada təmir edilmiş mədəniyyət ocaqlarımız haqqında geniş məlumatlar yer almış, həmçinin həmin teatrların tarixi keçmişi və bu günü öz əksini tapmışdır. Bu kitablarda ölməz sənətkarlarımız haqqında, onların Azərbaycan səhnəsində yaddaşlardan silinməyən bənzərsiz ifaları barədə dolğun məlumatlar vardır.

Tədbirdə çıxış edənlər son illər Azərbaycanda dövlət səviyyəsində mədəniyyətə və mədəniyyət adamlarına göstərilən diqqət və qayğıdan, bərpa olunaraq tam müasir avadanlıqla təchiz edilmiş teatrlarımızda yaradılmış əlverişli şəraitdən geniş söz açmışlar.

Vurğulanmışdır ki, bu cür nəşrlər vasitəsilə gələcək nəsillər maddi-mənəvi sərvətlərimiz və onu yaşadan insanlar haqqında tam və dolğun məlumat əldə edəcəklər.

 

 

Azərbaycan.-2011.-29 sentyabr.-S.6.