«Azərbaycan Respublikasında maliyyə
nəzarəti sisteminin təkmilləşdirilməsində
Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək»
layihəsinin təqdimatı olmuşdur
Sentyabrın
28-də "Azərbaycan Respublikasında maliyyə nəzarəti
sisteminin təkmilləşdirilməsində Dövlət
Maliyyə Nəzarəti Xidmətinə dəstək"
layihəsinin təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, Avropa
İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin,
Almaniyadakı Tvinninq layihələri üzrə milli əlaqələndiricisi
və Almaniyanın Azərbaycandakı səfirliyinin təmsilçiləri
layihənin məqsəd və səmərəsi barədə
məlumat vermiş, bu işdə tərəflərin rolundan
danışmışlar.
Maliyyə nazirinin müavini Azər
Bayramov layihə barədə məlumat verərək
bildirmişdir ki, məqsəd qabaqcıl Avropa təcrübəsinə
və beynəlxalq səviyyədə tanınmış
standartlara uyğun olaraq Dövlət Maliyyə Nəzarəti
sisteminin inkişafında Azərbaycan idarəçiliyinə
dəstək verməkdir. Layihənin tərəfdaşları
Azərbaycan və Estoniya Maliyyə nazirliklərinin mütəxəssisləri
və Almaniya Federal Maliyyə Nazirliyidir. Layihənin dəyəri
800 min avro olmaqla, 18 ay müddətinə Avropa İttifaqı
tərəfindən maliyyələşdirilir.
Avropa İttifaqı "Şərq Tərəfdaşlığı"
proqramı çərçivəsində Azərbaycana hər
zaman dəstək göstərməyə hazırdır - deyən
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin
şöbə rəhbəri Jerome Pons ölkəmizdə bir
sıra layihələrin həyata keçirildiyini demişdir. Bildirmişdir ki, Avropa
İttifaqı 2012-ci ilədək Azərbaycana büdcəyə
dəstək yönümlü 100 milyon avro investisiya
yatıracaqdır. Azərbaycanın Tvinninq layihələrinə
2006-cı ildən indiyədək 7 milyon avro xərclənmişdir.
Hazırda Aİ-nın Azərbaycanda 10 layihəsi icra olunur və
6 layihənin sənədləri hazırlanır. Layihələr
əsasən Vergilər, Təhsil, Kənd Təsərrüfatı
nazirlikləri və müxtəlif dövlət komitələrində
həyata keçirilir.
Almaniya Federativ Respublikasının
İqtisadiyyat və Texnologiyalar Nazirliyinin milli əlaqələndiricisi
Bernd Şumaxer vurğulamışdır ki, ölkəsi Azərbaycanda
14 Tvinninq layihəsinə qatılmaq üçün tenderdə
iştirak edir.
Tədbirdə layihənin komponentlərinin
izahı, obyekti və s. mövzularda təqdimatlar olmuşdur.
Azərbaycan.-2011.-29
sentyabr.-S.6.