Gözəl səsli ifaçı
Son dövrlərdə
Azərbaycanın milli operası özünün bir-birindən zəngin tamaşaları ilə operasevərlərin
böyük marağına səbəb olmuşdur. Bunun bir səbəbi də tamaşalarda
istedadlı gənc ifaçıların
çıxışları üçün
yaxşı şərait yaradılmasıdır. Hazırda
tamaşaçı opera
tamaşalarına baxarkən, cəzbedici klassik
opera musiqisini dinləyərkən
özünün emosional
ovqatının yaxşılaşdığını bir daha hiss
edir və məmnunluq hissi
keçirir. Tamaşaçı daha yaşlı ifaçıları romantik xarakterli sevən və
sevilən gənclər obrazında görmədiyinə sevinir. Ona görə ki, teatr rəhbərliyinin
həyata keçirdiyi əməli tədbirlər
öz bəhrəsini vermişdir.
Tamaşalara cəlb olunan gənc
istedadlar teatra gənclik
ovqatı gətirmişlər. Yaxın dövrlərə
qədər səhnədə "qocalmış" səslər
dinləməkdən, gənclik təravətini itirmiş ifaçıları yaşlarına
uyğun olmayan rollarda görməkdən zinhara gəlmiş
tamaşaçılar vokal
partiyalarının ifasında xariqələr göstərməyə
qadir olan gəncləri
dinləməkdən heyranlıq hissləri keçirirlər.
Uzun illərdən
bəri ruslardan, ermənilərdən və
digər millətlərdən, çox az sayda azərbaycanlı solistlərdən
ibarət olan teatr kollektivi klassik opera tamaşalarını rus
dilində oynayırdılar və çox
da yüksək olmayan
ifa nümunələri göstərirdilər.
Eyni zamanda, koloratur soprano, kontralto, dramatik soprano, metso-soprano xarakterli qadın səslərinin, xalis və tutarlı bas, bariton, tenor (dramatik tenor, tenor-altino, lirik-dramatik tenor xarakterli səslər
çox az olduğundan tamaşalar bir qədər sönük
keçir və dinləyiciləri qane etmirdi. Teatra gənc
və məsuliyyətli, incə musiqi duyumlu Akif Məlikov direktor təyin edildikdən sonra
keyfiyyət dönüşü
yarandı. Ümid verməyən
"solistlər" ümidverici gənc
ifaçılarla əvəz olunmağa başladı. Teatr
truppasına qəbul olunan gənc istedadlardan biri də metso-soprano səsli Səbinə Əsədova
idi.
Metso-soprano səsi dramatik
sopranoya yaxın, lakin ondan dolğun
səsdir. Metso-sopranonun imkanları çox genişdir. Həmin səsin sahibi olan müğənni xanımlara adətən güclü, iradəli xüsusiyyətlərə malik
qadın obrazları, məsələn, fransız
bəstəkarı Jorj
Bizenin "Karmen" operasında Karmen, italyan bəstəkarı Cuzeppe Verdinin "Aida"
operasında firon qızı Amneris, fransız bəstəkarı
Sen-Sansın "Samson və
Dalila" operasında
Dalila partiyaları tapşırılır. Azərbaycan opera səhnəsinin ən xoşagəlimli metso-sopranosu
SSRİ məkanında Karmen
partiyasının bənzərsiz
ifaçısı kimi
ad çıxarmış xalq
artisti Fatma Muxtarova olmuşdur.
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının direktoru, əməkdar incəsənət xadimi Akif Məlikov vokal professoru Hüseyn Əliyevin böyük perspektivi olan ifaçı kimi dəyərləndirərək
teatra gətirdiyi Səbinə Əsədovanın
səs imkanlarını
müəyyənləşdirdikdən sonra onu solist
kimi işə götürmək qərarına
gəlmiş və demişdi: "Siz doğrudan da opera solisti olmağa layiqsiniz". Səbinə Əsədova teatr
rəhbərliyi tərəfindən
ona göstərilən
etimadı doğrultmaq
üçün yorulmaq
bilmədən çalışdı,
metso-soprano imkanlarının
tam açılmasını öz qarşısına məqsəd qoydu. Onun Cuzeppe Verdinin "Riqoletto" operasında vokal ifaçılığı
baxımından bir-birindən
maraqlı Covanna, Maddalena, Çeprano kimi partiyalarının uğurlu alınması gənc solisti daha da ruhlandırdı.
O, Cuzeppe Verdinin dünyada məşhur
"Trubadur" operasında Azuçena, Coakino Rossininin "Sevilya bərbəri" operasında qulluqçu qız Berta, Jorj Bizenin "Karmen" operasında Mersedes, Fikrət Əmirovun "Sevil" operasında Gülüş,
C.Verdinin "Traviata"
operasında Flora Bervua,
Azərbaycan bəstəkarı
L.Vaynşteynin "Zoluşka"
operasında Qortenziya partiyalarının
öhdəsindən layiqincə
gələ bildi. Zülfüqar Hacıbəyovun
"Aşıq Qərib"
operasında Qaraca qız partiyası Səbinə Əsədovanın
ifasında qaraçı
qızın milli xüsusiyyətlərini orijinal
cizgiləri ilə ortaya
qoydu.
Səbinə Əsədova geniş
vokal imkanlarına malikdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ifaçılıq
fakültəsində təhsil
zamanı onun ixtisas müəllimləri
- dosent Sevda Məmmədova, magistratura
tədrisi dövründə
isə xalq artisti professor Fidan Qasımova gənc ifaçıya təlqin etmişlər ki, vokal əlifbasına yiyələnməyəndən yaxşı ifaçı
çıxmaz. Məhz bu
səbəbdən Səbinə
xanım ifaçılıq
təmrinlərini bir-birinin
ardınca mənimsəmək
üçün yorulmadan
çalışırdı. Sonsuz musiqi marağını müşahidə edən
müəllimləri ona
hərdən kiçikhəcmli
romansların ifasını
da tapşırırdılar.
Onlar istəyirdilər ki, Səbinədə bu və ya digər
əsərin ifasında
yaradıcı münasibət
inkişaf etsin.
Səbinə Əsədovanın geniş
vokal imkanları və cazibəli səhnə görünüşü
var. Tamaşaçılar onun
tembr baxımından bənzərsiz səsinin məlahətinə, ifadə
tərzinin aydınlığına,
aktyorluq məharətinin
kamilliyinə biganə
qala bilmirlər.
Səbinə Əsədova
koservatoriyada təhsil
alarkən məşhur
rejissor, xalq artisti, professor Gülcahan Güləhmədovanın
tələbələrin qüvvəsi
ilə hazırladığı
tamaşalarda iştirak
etdiyindən dram aktyorluğuna
həmişə maraq
göstərmişdir. Bu onun opera tamaşalarındakı
rollarının təfsirində
özünü istedadlı
aktrisa kimi təqdim etməsinə imkan verir.
Səbinə xanım musiqidən
maksimum emosionallıq duymaq məharətinə malik ifaçıdır. Aşağı tonallıqda
səsi az
qala məxməri baritonallıq tembrinə bürünür. Onun geniş
ifa imkanlı metso-soprano səsi Karmen, Amneris kimi mürəkkəb qadın obrazlarının
həyatiləşdirilməsi üçün çox gözəl material kimi dəyərləndirilə bilər.
Səbinə xanım
ilk musiqi təhsilini G.G.Şaroyev adına
məktəbin fortepino
sinfində almışdır.
Bununla bərabər, "Atikva"
Uşaq Xorunda oxumuşdur. Xor ilə
birlikdə İsraildə
və Gürcüstanda
konsert turnelərində
iştirak etmişdir.
Səsi olduğu üzə çıxandan
sonra Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasına daxil olmuş və oranı bitirmişdir.
Türkiyə, Kipr, İtaliya, Fransa, Almaniya, Rusiya qastrollarının iştirakçısı olmuşdur.
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının, Ş.Məmmədova adına Opera Studiyasının
solistidir. Eyni zamanda, Azərbaycanın
Dövlət Xor Kapellasında çalışır.
Arif HÜSEYNOV
Azərbaycan.-2011.-29
sentyabr.-S.7.