«Göyərçin»in hədiyyələri
1958-ci ildən ibtidai
sinif şagirdləri və məktəbəqədər
uşaqların sevimlisinə çevrilən "Göyərçin"
jurnalı yaxşı bir ənənənin
də yaradıcısı kimi də diqqət
çəkir. "Göyərçin"in kitabxanası
seriyasından balacalar üçün
müxtəlif kitabçalar çap edilməkdədir. Hər bir kitabın da
özünəməxsus mövzusu və
janrları var. Balacalar
üçün maraqlı olsun deyə, rəngli şəkillərlə,
gözəl tərtibatla hazırlanmış bu
kitabçalar müntəzəm surətdə
onları sevindirməkdədir.
"Ulu yurd yerlərimiz" adlanan kitabçada balacalar həm Vətən haqqında çox şey öyrənəcəklər,
həm də qədim diyarın tarixi
ünvanlarından - Qobustandan, Azıx
mağarasından, Gəmiqayadan, Beyləqandan,
Naxçıvandan, Şamaxıdan, Abşeron
abidələrindən xəbər tutacaq,
Dərbənd, Bərdə,
Qəbələ, Çardaqlı, Şabran,
Göytəpə və s. haqqında ətraflı
məlumat alacaqlar.
"Qoruq və yasaqlıqlarımız"
adlı kitabçanın sayəsində balacalar
Göygöl, Pirqulu, Ağ göl, Türyançay, Hirkan,
Qarayazı, Qızılağac, İlisu və
başqa qoruqlara səyahət
edəcək, Qusarın, Abşeronun,
Şəmkirin, İsmayıllının
yaşıllığına vurğun kəsiləcəklər.
Uzun illər bu
jurnalın baş redaktoru
olmuş Tofiq Mahmud balacalar üçün maraqlı nağıllar qələmə
alardı. "Arı adam" adlanan kitabçada məhz
Tofiq Mahmudun uşaqlar üçün
yazdığı nağıl və hekayələr
toplanıb. Orada verilən məlumatdan aydın olur
ki, Tofiq Mahmud Azərbaycanın gözəl guşələrini,
meşələri, dağları, çəmənləri gəzməyi
çox xoşlayarmış. Sonra da bu
təəssüratları uşaqlar üçün yazılara çevirərmiş.
Müəllifin "Çinar ömrü", "Arı adam",
"Səyahət", "Bir tənbəlin
taleyi", "Gözəllik", "İki dost" və başqa hekayələri uşaq
aləminə çox yaxındır.
Uşaqlara hədiyyə edilən "Bulaq suyu" adlı kitabçada isə xalq
yazıçılarının onlar üçün qələmə aldğı
nağıl və hekayələrdən nümunələr verilib. Burada Süleyman Rəhimov, Əli Vəliyev, Mirzə
İbrahimov, Əzizə Cəfərzadə
və digərlərinin yaradıcılığına
müraciət edilib.
"Qızılsaçlı
gözəl" kitabçasında isə dünya
xalqlarının nağılları toplanıb.
Maraqlıdır ki, hər bir
nağılın sonunda balacalara
maraqlı suallarla müraciət edilir. Məsələn, "Bu
nağıl hansı Azərbaycan nağılına
oxşayır?" Yaxud da
"Onların oxşar və fərqli cəhətləri
nədir?" Bu kimi
sualların qoyuluşu uşaqların həm
yaddaşını təzələyir, həm də
müqayisə aparmağı, müzakirəyə
qoşulmağı formalaşdırır.
Kitabçaların
bədii tərtibatını tanınmış fırça
ustaları işləyib. Arif Hüseynov və Kübra
Salmanovanın hər bir mövzuya
uyğun çəkdiyi rəsmlər
maraqlıdır. Amma bir
məsələdə duyduğumuz
narahatlığı mütləq dilə gətirmək
lazımdır. Kitabça azyaşlı uşaqlar üçün
nəzərdə tutulduğundan şriftlər
bir qədər böyük
olmalı, adlar da
aydın yazılmalıdır. Sadə bir
misal: "Ulu yurd yerlərimiz" kimi
maraqlı bir kitabçanın
adını biz çox
çətinliklə oxuduq. Uşaqlara təqdim edilən hər bir yazı nümunəsi
aydınlığı ilə seçilməlidir. Ümumilikdə
"Göyərçin" jurnalının həyata keçirdiyi bu layihəni
ürəkdən alqışlayırıq. Mütaliəyə
gedən yol məhz belə nəşrlərin
oxunuşundan başlanır.
F.XƏLİLZADƏ
Azərbaycan.-2011.-29
sentyabr.-S.7.