Ermənistanda korrupsiya
əhalini boğur
Bu ölkədə
hakimiyyət təmsilçiləri rüşvət və
qanunsuz əməllər hesabına böyük varidat
toplayır, xalq isə aclıq fəlakəti yaşayır
Özünün
böyük tənəzzül dövrünü yaşamaqda
olan Ermənistan getdikcə daha böyük problemlər içərisində
boğulmaqdadır. Sosial-iqtisadi, siyasi və digər sahələrdə
yaranan və günü-gündən dərinləşməkdə
olan problemlərdən yaxın perspektivdə xilas
üçün isə əhalidə heç bir ümid
yoxdur. Bunu şərtləndirən əsas səbəblərdən
biri ölkənin yaşadığı böhrandan
çıxması üçün Serj Sarkisyan
iqtidarının konkret plan və proqramlara malik olmaması,
hakimiyyət təmsilçilərinin vəzifə səlahiyyətlərindən
sui-istifadə hallarının davamlı olaraq artması,
korrupsiya və rüşvətxorluğun daha dərin kök
salmasıdır.
Erməni mətbuatı yazır ki, bu
gün ölkənin hansısa sahəsində rüşvət
və korrupsiyanın olmadığını təsəvvür
etmək belə mümkün deyil. Ermənistanın Regional
Araşdırma Mərkəzinin rəhbəri Riçard
Kirakosyan bildirir ki, ölkədə faktiki olaraq kifayət qədər
möhkəm özülə malik korrupsiya piramidası
qurulmuşdur: "Nə qədər təəccüblü
olsa da, korrupsioner məmurlar və oliqarxlar hökuməti
özlərindən asılı vəziyyətə salmaqda
davam edirlər. Ona görə ki, oliqarxlar xəzinəyə nə
qədər vergi ödəməli olacaqlarını özləri
həll edirlər".
Ermənistanda məmurların
dövlət və xalq əmlakını
amansızcasına talan etməsi beynəlxalq miqyasda
da açıq etiraf olunur. Bu günlərdə
Almaniyanın "Stern" jurnalında dərc
olunan "Qafqazdakı yoxsul
ölkə" adlı yazıda qeyd olunur: "Ermənistan
iqtisadiyyatı üç əsas sektora bölünmüşdür.
Ən böyük, daha
gəlirli sahələr prezident Serj Sarkisyanın ailəsi, onun
iqtidarındakı adamların və həmin adamların ailə
üzvlərinin nəzarətindədir. İkinci
sahə Ermənistanın Rusiyanın müxtəlif şirkətlərinə
satdığı müəssisələr, istehsalat subyektləri və sahələrdir. Üçüncü, ən kiçik
və zəif sektor yerli
iş adamlarıdır ki,
onların da vəziyyəti çox ağırdır. Hakimiyyətdəki
insanlara "yaxın" olmağa
çalışmayan və müstəqil qalmağa
cəhd edən iş adamlarının biznes strukturları hədsiz təzyiqlərə
məruz qalırlar. Ölkədə kiçik
və orta sahibkarlığın durumu xüsusilə ağırdır. Bütün bunların ölkə
iqtisadiyyatına mənfi effektini dəfələrlə
ağırlaşdıran ünsür isə
hakimiyyət dairələrinin şəffaflıq, qanunlara tam riayət və
demokratik prinsiplər kimi
dəyərlərdən çox uzaq olmasıdır".
Hakimiyyət təmsilçiləri
korrupsiya, rüşvət və digər qanunazidd əməllər hesabına dəyəri
milyonlarla dollar həcmində
ölçülən varidat əldə
etdikcə ölkədə sayı sürətlə azalmaqda olan əhali daha böyük problemlərlə
qarşılaşır. Dünya iqtisadiyyatında qlobal maliyyə
böhranının ikinci
dalğasının başlaya biləcəyi
barədə məlumatların yayılması isə sadə əhalinin
daha ciddi maddi çətinliklərlə
qarşılaşmasını qaçılmaz edir. Çünki yeni böhran
dalğasının Ermənistan iqtisadiyyatını tam çökdürəcəyi şübhə
doğurmur. Ermənistan mərkəzi
bankının sabiq sədri Baqrat Asatryan bildirir ki,
qarşıdakı dövr ərzində
ölkəni daha ciddi
iqtisadi böhran
gözləyir. Dünyada iqtisadi
böhranın ikinci dalğasının
olacağını deyən B.Asatryan hesab edir ki,
o, inkişaf etmiş ölkələrə təsir göstərməyəcək:
"Ermənistanda isə böhran ciddi şəkildə hiss
olunacaq. Bunun əsas səbəblərindən
biri yenə hakimiyyət təmsilçilərinin
daha çox öz şəxsi mənafelərini güdməsidir. Ermənistanın əsas problemi korrupsiyadır".
Erməni
iqtisadçı onu da
vurğulayır ki, bu
vəziyyətdə hər hansı iqtisadi
inkişafdan söhbət gedə bilməz
və bütün bunların məntiqi nəticəsidir
ki, ölkədə yerli
istehsal yox səviyyəsindədir:
"Ermənistandan faktiki olaraq
ixrac yoxdur. Biz, sadəcə, istehlakçı bir ölkəyə çevrilmişik.
Hakimiyyətin kiçik və
orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları
yalnız deklarativ xarakter
daşıyır, çünki indiki sistem ancaq
oliqarxların mənafeyinə xidmət edir.
Əgər bazarda kiçik
və orta biznes təmsilçilərinin
pul qazanmasına imkan
verən hər hansı işıq ucu görünürsə,
oliqarxlar dərhal onu
qapayır, yaxud siyasi
və zorakılıq rıçaqlarından istifadə edərək
bu biznesi də öz nəzarətlərinə
alırlar".
Ermənistan parlamentinin maliyyə-kredit və büdcə məsələləri
daimi komissyasının üzvü
Qaqik Minasyan isə bildirir ki, qlobal
iqtisadi böhranın yeni
dalğası başlayarsa, bu, cəmiyyətdə sosial
qütbləşməni daha da dərinləşdirəcək. Onun sözlərinə görə, ilk böhran dalğası
onsuz da əhalinin aztəminatlı
hissəsinə daha çox
zərbə vurmuşdur: "Bunun nəticəsində aztəminatlı ailələr
gündəlik tələbatın qarşılanmasında yenə
də böyük problemlərlə
üzləşir".
Erməni
iqtisadçı-ekspert Suren Stepanyan onu da qeyd
edir ki, varidatları milyardlarla dollar olan oliqarxlar artıq
dövlət içində bir dövlət
yaratmışlar: "Oliqarxların yaratdığı bu "dövlət" hətta maraqlarına
toxunan zaman hakimiyyətin
özünü rədd edir.
Sirr deyil ki, prezident Serj
Sarkisyanın sözü, göstərişləri
bu oliqarxlar üçün keçərli deyil. Fəaliyyətlərində heç bir məhdudiyyətin
olmaması isə ölkə iqtisadiyyatını tamamilə
belə məmur-oliqarxların əlinə keçirmişdir".
Ermənistanda mövcud ağır iqtisadi
durumun sosial gərginliyi
daha da gücləndirəcəyi,
hətta Serj Sarkisyan
iqtidarının vaxtından əvvəl hakimiyyətlə
xudahafizləşməsinə yol
açacağını düşünənlərin sayı
da artır. Bu ölkənin sabiq prezidenti, hazırda əsas müxalif
qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresinə rəhbərlik edən Levon Ter-Petrosyan gərgin iqtisadi vəziyyəti növbədənkənar
parlament və prezident
seçkilərinə yol açan
əsas səbəblərdən biri kimi dəyərləndirir. Ümumiyyətlə,
ağır iqtisadi vəziyyətin Ermənistanda
siyasi böhranın daha
da dərinləşməsinə yol açacağı şübhə doğurmur. Digər tərəfdən, hakimiyyət
daxilində gedən savaş, eləcə
də müxalifətin başladığı etiraz
aksiyaları sosial və siyasi
hadisələrin daha gərgin məcrada inkişafını
stimullaşdırır. Belə gərginlik isə siyasi səhnədə ciddi
qarşıdurmalara yol açmaqla
bərabər, cəmiyyətdə də parçalanma
meyillərinin güclənməsinə təkan verir.
Bütün bunlar isə son nəticədə
Ermənistan cəmiyyətinin özünün
bütövlükdə siyasi böhrana yuvarlandığından
xəbər verir.
Elçin CƏFƏROV
Azərbaycan.-2011.-29
sentyabr.-S.7.