Azərbaycan-Türkiyə: parlamentlərarası əlaqələr daha da genişlənir

 

 Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq əlaqələrini daim yüksək qiymətləndirir və bu əlaqələrin dünya ölkələri və xalqları üçün nümunə olduğunu xüsusi vurğulayır. Dövlətimizin başçısı ikitərəfli əlaqələrimiz barədə demişdir: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimizbugünkü siyasi maraqlarımızdır. Biz çox şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri sürətlə inkişaf edir".

Ulu öndər Heydər Əliyevin təbirincə desək, bir millət, iki dövlətin nümayəndələri həmişə əlaqələrimizdən qürur duyur və hər kəs münasibətlərimizin daha da dərinləşməsinə çalışır. Nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri bu əlaqələrə töhfə verir.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri cənab Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçəyin dəvəti ilə sentyabrın 21-dən 23-dək Türkiyədə rəsmi səfərdə olmuşdur.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Eldar İbrahimov, Əhliman Əmiraslanov, Sahibə Qafarova, Kamilə Əliyeva, Ülvi Quliyev, İqbal Ağazadə, Adil Əliyev, Hacı Salayev, Fazil Mustafa, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

Milli Məclisin Sədri və nümayəndə heyətinin üzvləri Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Anıtqəbirdəki mavzoleyini ziyarət etdilər.

Azərbaycan parlamentinin sədri Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoydu. Nümayəndə heyətimizin üzvləri də bu ziyarətə qatılmışdılar. Anıtqəbri həm də böyük bir muzey kompleksini xatırladır. Burada müxtəlif sənədlərdə və eksponatlarda böyük Atatürkün həyat və fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür. Bununla yanaşı, burada olarkən sanki ötən əsrin əvvəllərində Türkiyənin yaşadığı qanlı-qadalı günlərin, ağır dövrlərin canlı şahidi olursan. Milli Məclisin Sədri buradakı İstiqlaliyyət muzeyi ilə də tanış oldu, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Milli Məclisin Sədri Oqtay Əsədov İstanbuldakı "Tarabya" köşkündə Türkiyə Prezidenti Abdullah Gül ilə görüşdü.

Azərbaycan parlamentinin sədrini və deputatlarını səmimiyyətlə qarşılayan Prezident Abdullah Gül iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyevin Türkiyəyə, Türkiyə rəhbərinin isə Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolunu vurğulayan Abdullah Gül bu münasibətlərin gələcəkdə də möhkəmlənəcəyinə inamını ifadə etdi. Bu kontekstdə parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edən Türkiyə dövlətinin başçısı qanunverici orqanlarımız arasında əməkdaşlığın əhəmiyyətini də vurğuladı.

Milli Məclisin Sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkiyə Prezidenti Abdullah Gülə çatdırdı. Oqtay Əsədov parlamentlər arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdi, gələcəkdə birgə proqramların həyata keçiriləcəyini dedi.

Prezident Abdullah Gülonun salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə beynəlxalq və regional, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Türkiyə Böyük Millət Məclisində Oqtay Əsədov və Cəmil Çiçək arasında təkbətək görüş keçirildi.

Parlamentlərin sədrləri heyətlərarası görüşdə mətbuat üçün bəyanatlarla çıxış etdilər.

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov Cəmil Çiçəyi və yeni parlamentin deputatlarını təbrik etdi, onlara fəaliyyətlərində uğurlar dilədi.

Türkiyəyə hər səfəri zamanı böyük inkişafın şahidi olduğunu qeyd edən Oqtay Əsədov qardaş ölkənin dünya dövlətləri arasında iqtisadi inkişaf göstəricilərinə görə 15-ci yerə yüksəlməsindən məmnunluğunu bildirdi. Ulu öndərlər - Mustafa Kamal Atatürk və Heydər Əliyevin vəsiyyətlərinə uyğun olaraq, uğurla inkişaf edən ikitərəfli əlaqələrimizdə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Milli Məclisin Sədri bildirdi ki, bu səfərlər zamanı 156 dövlətlərarası və hökumətlərarası sənəd imzalanmışdır. Bütün sahələrdə əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün hüquqi baza yaradılmışdır. İndi Türkiyə və Azərbaycan arasında əməkdaşlıq olmadan regionda heç bir layihə həyata keçirilə bilməz.

Oqtay Əsədov 2008-ci ildə yaradılmış Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətini də yüksək qiymətləndirdi, bu təşkilatın artıq beynəlxalq qurumlar arasında nüfuzunun yüksəldiyini söylədi. O, Türkiyə və Azərbaycan parlamentlərinin TürkPA-nın fəaliyyətinə dəstəyini bundan sonra da əsirgəməyəcəyinə inamını ifadə etdi.

Türkiyə və Azərbaycan deputatlarının beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiklərini diqqətə çatdıran Oqtay Əsədov dedi ki, Azərbaycanın ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qardaş ölkə hər zaman bizim haqlı mövqeyimizi dəstəkləmişdir. Biz inanırıq ki, qardaş Türkiyənin də dəstəyi ilə tezliklə torpaqlarımızın işğalına son qoyacağıq.

Milli Məclisin Sədri bildirmişdir ki, 125 deputatdan ibarət Azərbaycan parlamentində ən çox üzvü olan Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupudur. Dostluq qruplarının fəaliyyətinin daha da fəallaşması, artırılması, Ankarada və Bakıda onların geniş toplantılarının keçirilməsi məqsədəuyğundur.

Ankarada törədilmiş terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığını çatdıran Oqtay Əsədov dedi ki, Azərbaycan da uzun müddətdir erməni terrorundan əziyyət çəkir. Ölkəmizin bütün məsələlərdə Türkiyənin mövqeyini dəstəklədiyini diqqətə çatdıran Milli Məclisin Sədri xatırlatdı ki, 2010-cu ildə Aralıq dənizində baş vermiş hadisə zamanı Prezident İlham Əliyev qardaş ölkənin haqsızlığa məruz qaldığını bildirmişdir.

Türkiyə Böyük Millət Məclisinin Sədri Cəmil Çiçək dedi ki, Türkiyə ilə Azərbaycan arasında əlaqələr təkcə dövlətlərarası münasibətlərlə məhdudlaşmır, həm də xalqlarımız arasında dostluq və qardaşlıq ilə səciyyələnir. Bu baxımdan ikitərəfli dostluq və qardaşlıq əlaqələrimiz digər dövlətlərlə münasibətlərdən fərqlənir. Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin də ifadə etdiyi kimi, bu, "bir millət, iki dövlət" arasında qardaşlıq telləridir.

Türkiyə parlamentinin sədri vurğulamışdır ki, dövlətlərimizin başçılarının və baş nazirlərin ən çox qarşılıqlı səfərləri Türkiyə ilə Azərbaycan arasında həyata keçirilir. Türkiyədə yeni seçilmiş PrezidentBaş nazirlərin ilk səfərlərini Azərbaycana etməsi də artıq ənənəyə çevrilmişdir. Bu, Azərbaycanın Türkiyə üçün nə qədər mühüm ölkə olduğunu göstərir. İnanıram ki, parlament sədrlərinin qarşılıqlı səfərləri və görüşləri də bu əlaqələrə töhfə verəcəkdir.

Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini öz problemi kimi gördüyünü vurğulayan Cəmil Çiçək qeyd etdi ki, biz Azərbaycan torpaqlarının işğalına tez bir zamanda son qoyulmasını istəyirik. Türkiyə parlamentində Azərbaycanda törədilmiş qətliamlarla bağlı məsələlər gündəliyə salınır. Hər il dekabrın 10-da İnsan Haqları Günü mənim çıxışımda Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyi yer alır. Siyasi partiyalar da bu problemi daim gündəlikdə saxlayırlar.

Azərbaycanın da Türkiyənin problemlərinin həllini dəstəklədiyini söyləyən Cəmil Çiçək bildirdi ki, Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanla son görüşü zamanı PKK-nı terror təşkilatı kimi tanıması Türkiyəni məmnun etmişdir.

Cəmil Çiçək dedi ki, Türkiyə parlamentində 550 deputatın hər biri özünü Azərbaycan ilə dostluq qrupunun üzvü hesab edir. Görüşdə  Türkiyə parlamentinin sədri TBMM-in oktyabrın 1-də açılacaq payız sessiyası zamanı Türkiyə və Azərbaycan deputatlarının paytaxt şəhərlərdə toplantılarının keçirilməsi ilə bağlı təklif olunan  məsələnin müzakirə olunacağını söylədi.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Türkiyə parlamenti sədrinin müavini Məhmət Sağlam, deputat Halik İpək və digər rəsmi şəxslər iştirak edirdilər.

Görüşdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov və onu müşayiət edən nümayəndə heyəti Ankaradakı Anadolu Mədəniyyətlər Muzeyini gəzdi.

Sonra Cəmil Çiçəyin adından azərbaycanlı həmkarı Oqtay Əsədovun şərəfinə ziyafət təşkil olundu.

Səfərin ikinci günü Milli Məclisin Sədri Oqtay Əsədov və  deputatlar, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və qardaş ölkənin respublikamızdakı səfiri Hulusi Kılıc Ankaradakı Yeniməhəllə rayonunda Heydər Əliyev  parkına gələrək ulu öndərin xatirəsini ehtiramla yad etdi, abidəsi önünə əklil, tər güllər qoydular.

Milli Məclisin nümayəndə heyəti Yeniməhəllədəki Heydər Əliyev adına orta məktəbi də ziyarət etdi. Əllərində ulu öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün portretlərini tutmuş şagirdlər Oqtay Əsədova gül dəstəsi təqdim etdilər. Məktəblilər milli rəqsləri ifa etdilər.

Oqtay Əsədov Heydər Əliyev adına orta məktəbə dörd kompyuterprinter hədiyyə etdi, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Milli Məclisin Sədri və onu müşayiət edən deputatlar Türkiyə Böyük Millət Məclisinin tarixi binası ilə də tanış oldular. Mustafa Kamal Atatürkün sədrliyi ilə parlamentin ilk iclası keçirilən bina haqqında qonaqlara ətraflı məlumat verildi.

Türkiyə tarixinin, xüsusilə Türkiyə parlament tarixinin bir hissəsini özündə əks etdirən Türkiyə Böyük Millət Məclisinin birinci binasının inşasına 1915-ci ildə başlanmışdı. İlkin olaraq Türkiyənin Birlik və Tərəqqi Cəmiyyəti bu binadan klub kimi istifadə etmişdir. Bir neçə dərnək fəaliyyət göstərmişdir ki, onların da əsas məqsədi Anayasanın hazırlanması olmuşdur. Həmin binada Türkiyə Böyük Millət Məclisinin açılışı, yəni ilk iclası 115 təmsilçinin iştirakı ilə 1920-ci il aprel ayının 23-də olmuşdur. İclasda Mustafa Kamal Atatürk nitq söyləyərək Məclisin yaranma səbəbləri və gələcəyi ilə bağlı fikirlərini açıqlamışdır. Məlumat verildi ki, Qurtuluş savaşı, İstiqlal marşı, Anayasanın qəbulu və bu kimi Türkiyənin gələcək inkişafını təmin edə biləcək qərarlar məhz bu binada qəbul olunmuşdur.

Səfər müddətində nümayəndə heyətimiz İzmir şəhərində də oldu. Gözəlliyi və bir sıra coğrafi əlamətləri ilə Bakıya bənzədilən bu şəhərdə də Azərbaycan parlament nümayəndə heyətinin üzvləri dostqardaş sevgisi ilə qarşılandılar. Burada həyata keçirilən tədbirlər də maraqlı və yaddaqalan oldu. Nümayəndə heyətimizin hər bir üzvü bu səfərdən məmnun qaldı. İnanırıq ki, Türkiyədə keçirilən görüşlər ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini verəcək. Obrazlı desək, bu səfər Azərbaycanla Türkiyə arasındakı yenilməz dostluq və qardaşlıq qalasına yeni bir kərpic qoydu.

 

 

 Akif TƏvƏkküloğlu,

Milli Məclisin mətbuat katibi

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.2.