Bakıda «Sərhədləri aşaraq uşaqları qoruyaq» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

 Sentyabrın 29-da Respublika Uşaq Təşkilatının "Don't kill children" kampaniyası və ABŞ-ın "Children Uniting Nations" təşkilatının "Keeping promise to our children" layihəsi çərçivəsində "Sərhədləri aşaraq uşaqları qoruyaq" mövzusunda beynəlxalq  konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, dövlət rəsmilərinin,  Milli Məclisin deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının, ictimai təşkilatların və KİV təmsilçilərinin iştirak etdikləri tədbiri Respublika Uşaq Təşkilatının sədri, Milli Məclisin deputatı Gülər Əhmədova açmışdır. Bildirmişdir ki, valideyn himayəsindən məhrum olmuş azyaşlılar daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın gördüyü işlər təqdirəlayiqdir.

G.Əhmədova insan alveri ilə mübarizə sahəsində ölkədə aparılan işlərin uğurlu nəticəsindən danışmış, bütün dünyada, habelə Azərbaycanda terror qurbanı olan günahsız uşaqlarla bağlı başlanılmış "Don't kill children!" beynəlxalq layihəsini konfrans iştirakçılarına təqdim etmişdir.

Konfransda ABŞ-ın "Children Uniting Nations" təşkilatının rəhbəri, ictimai-siyasi xadim, yazıçı xanım Daphna Edvards Ziman təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat vermişdir. O,  "Gray Zone" kitabının yaranma səbəblərindən danışmış, Azərbaycan hökuməti və QHT-lərlə uşaq siyasəti sahəsində sıx əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova, ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Zeyno Baran, parlamentin deputatlarından Asim Mollazadə, Qənirə Paşayeva və başqaları dünyada uşaq hüquqlarının qorunması və bu sahədə beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulamışlar. Həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində görülmüş işlər, Milli Məclisdə qəbul olunmuş qanunvericilik aktları, beynəlxalq təşkilatlarla əməkdaşlıq da nəzərə çatdırılmışdır.

Konfransda diqqəti çəkən məqamlardan biri də "Qarabağın gənc səfirləri"nin çıxışları olmuşdur. Onlar ingilis dilində çıxış edərək xarici qonaqlara Qarabağ həqiqətlərini çatdırmışlar.

Daha sonra tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində çəkilmiş klip nümayiş etdirilmişdir.

Tədbirin sonunda Respublika Uşaq Təşkilatı (Azərbaycan) və "Children Uniting Nations" (ABŞ) arasında qarşılıqlı əməkdaşlığa dair  niyyət müqaviləsi imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfdən Gülər Əhmədova, ABŞ tərəfdən Daphna Edvards Ziman imzalamışlar.

 

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.2.