Bakıda «Qafqazda ekstremizm ideologiyasının yayılmasına qarşı mübarizə» mövzusunda elmi-praktik konfrans keçirilmişdir

 

 Sentyabrın 29-da Bakıda "Qafqazda ekstremist ideologiyasının yayılmasına qarşı mübarizə" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistika Universiteti (MDLU) tərəfindən təşkil olunmuşdur.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş konfransda Azərbaycanın və Rusiyanın din xadimləri, dövlət və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfransı açaraq qeyd etmişdir ki, iki qonşu dövlət - Azərbaycan və Rusiya bütün sahələrdə, o cümlədən cəmiyyətdə mənəviyyatın, dini dəyərlərin inkişafı sahəsində əməkdaşlıq edir. A.Paşazadə demişdir ki, dünyanın bütün ölkələri Azərbaycanı tolerantlıq nümunəsi hesab edir və bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. A.Paşazadə vurğulamışdır: "Bu siyasət Azərbaycanda mənəvi dəyərlərin, dövlət ilə din arasında qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdir".

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qeyd etmişdir ki, Cənubi Qafqazda xalqlar və millətlər arasında münasibətlər qloballaşma dövründə bütün bölgənin, Xəzər dənizi hövzəsinin və Avrasiyanın siyasi-ictimai vəziyyətinə təsir edir. Buna görə də Cənubi Qafqazda milli ekstremizm problemlərinə həsr edilən bu konfransın mövzusu çox aktualdır.

Şöbə müdiri daha sonra demişdir: "Cənubi Qafqaz dünyanın ən zəngin etnik, dini tolerantlıq mərkəzlərindən biridir. Burada yaşayan xalqlar arasında tarix boyu sıx əlaqələr mövcud olmuş, dinlərarası münasibətlər qarşılıqlı hörmətə söykənmişdir. Hər bir dövlətin siyasi müvazinəti, ilk növbədə ölkənin xalqları, onların dinləri və mədəniyyətləri arasındakı münasibətlərdən asılıdır. Əgər bu xalqlar arasında qarşılıqlı hörmət, etimad, tolerantlıq hökm sürürsə, dövlətin siyasi müvazinəti də güclü və dayanıqlı olar. Amma əgər xalqlar, dinlər, mədəniyyətlər arasında münaqişələr yaranırsa və ya yaradılırsa, bu, dövlətin siyasi müvazinətini pozur, onun beynəlxalq aləmdə nüfuzunu aşağı salır.

Müstəqillik illərində Azərbaycan cəmiyyətinin mənəvi dəyərlərinin qorunması və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayan Əli Həsənov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

Prezident Administrasiyasının şöbə müdiri demişdir: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli respublikadır. Azərbaycanda yaşayan xalqların hər birinin dini, dili, mədəniyyəti ölkəmizin mənəvi sərvətidir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir".

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın etnik separatizmə məruz qalan ölkələrdən biri olduğunu vurğulayan Əli Həsənov demişdir ki, bu separatizmin nəticəsində Azərbaycan torpaqları işğal edilmiş, bir milyondan artıq insan qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Bu separatizm indi də davam edir və bundan təkcə Azərbaycan xalqı deyil, həmçinin həmin separatizmin girovuna çevrilən Ermənistan cəmiyyəti də əziyyət çəkir".

Əli Həsənov əmin olduğunu bildirmişdir ki, bu konfrans Cənubi Qafqazda dinlər və xalqlar arasında tolerantlıq münasibətlərinin möhkəmlənməsinə, həm bölgənin, həm də dünyanın humanitar dəyərlərinə töhfə verəcəkdir.

Rusiyada Kilsə və cəmiyyətin qarşılıqlı münasibətləri üzrə Sinodal şöbənin sədri protoiyerey Vsevolod Çaplin demişdir: "Qafqazda dini özəlləşdirmək cəhdi baş tutmamışdır. Dindən ekstremist məqsədlər üçün istifadə edilməsi region üçün təhlükəlidir". Din xadimi vurğulamışdır: "Xarici qüvvələr Qafqazda etnik və dini müxtəliflikdən istifadə edərək münaqişələri qızışdırmağa çalışır. Buna baxmayaraq, Qafqaz bütün dünya üçün tolerantlıq nümunəsidir. Bu baxımdan, müxtəlif dinlərə etiqad edən insanların sülh və həmrəylik şəraitində yaşadığı Azərbaycan regionda dözümlülüyün əyani nümunəsidir".

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov vurğulamışdır ki, Azərbaycanda dini konfessiyalar qarşılıqlı hörmət və dostluq şəraitində fəaliyyət göstərir. O, daha sonra qeyd etmişdir ki, hazırda müsəlmanlar bütün dünyada dini haqsızlığa məruz qalır, islam dinindən sabitliyi pozmaq üçün istifadə edilir. H.Orucov demişdir: "Buna görə də cəmiyyətdə dini maarifləndirmə üzrə daha çox iş aparmaq, bu məqsədlə sağlam, mötəbər mənbələri cəlb etmək lazımdır. Qafqaz xalqları terrorizmə, ekstremizmə qarşı mübarizədə öz qüvvələrini birləşdirməlidir".

Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) dosenti, Şimali Qafqaz Federal Dairəsinin hüquqi müdafiə mərkəzinin rəhbəri Roman Silantyev tolerantlığın inkişafı, müxtəlif dinlərin və millətlərin nümayəndələri arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə MDLU-nun töhfəsi barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, bu ali məktəb dini icmalar arasında dözümsüzlüyün əleyhinə çıxış edir, belə hesab edir ki, ekstremizmin mənfi təzahürlərinin aradan qaldırılması üçün bu məsələyə vətəndaşlıq mövqeyindən yanaşmaq lazımdır.

Daha sonra Rusiya İslam Universitetinin prorektoru Sultan Denilxanov, "Din və cəmiyyət informasiya-təhlil mərkəzinin prezidenti Aleksey Qrişin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının rəhbəri, yepiskop Aleksandr İşşein, QMİ Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev müzakirə olunan mövzunun vacibliyini qeyd etmiş, ekstremizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair bir sıra təkliflər irəli sürmüşlər.

 

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.3.