AMEA-da «Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir» mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir

 

 Sentyabrın 29-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), AMEA Tarix İnstitutu və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə dövlət müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, AMEA-nın prezidenti akademik Mahmud Kərimov Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli Sərəncamını xatırlatmış, bununla bağlı ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir.

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrindən, dövlət müstəqilliyi uğrunda aparılan mübarizədən və 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən danışan akademik M.Kərimov Azərbaycan alimləri ilə yanaşı, xarici ölkə mütəxəssislərinin də iştirak etdikləri tədbirin böyük elmi və siyasi əhəmiyyətini vurğulamış, konfransın işinə uğurlar arzulamışdır.

Konfransın dövlətimizin başçısının müvafiq sərəncamı çərçivəsində həyata keçirilən çox mühüm hadisə olduğunu vurğulayan təhsil nazirinin müavini Qulu Novruzov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qısa, lakin şərəfli fəaliyyəti dövründə elm və təhsilin vəziyyətindən, bu sahələrin dirçəldilməsi üçün görülən işlərdən, həmin dövrdə 100-dək qabaqcıl ziyalının xarici ölkələrdə təhsil almaq üçün göndərilməsindən danışmışdır.

Hazırda ölkəmizdə elm və təhsilin inkişafı sahəsində uğurlu strategiyanın, müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən Q.Novruzov ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə xüsusi diqqət və qayğısından, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.

Tədbirdə AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademiyanın müxbir üzvü Yaqub Mahmudovun "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir: 20 ilin böyük uğurları" mövzusunda məruzəsi dinlənilmişdir. Xalqımızın beş min illik qədim və zəngin dövlətçilik tarixindən danışan alim bildirmişdir ki, Azərbaycan xalqı XX yüzilliyin əvvəllərində özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəltmiş, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik respublikanın təməl daşını qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının XX əsrdə xalqımızın həyatında mühüm tarixi hadisə olduğunu vurğulayan Y.Mahmudov bildirmişdir ki, AXC-nin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Bu, tariximizin unudulmaz səhifələrindəndir.

Yaqub Mahmudov demişdir ki, cəmi 23 ay yaşamış AXC tarixinin hər bir səhifəsində ürəyimizi qürur hissi ilə dolduran hadisələr vardır. Onun öz dövlətçilik atributlarını qəbul etməsi, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımlar xalqımız üçün böyük əhəmiyyət kəsb etmişdir. Cümhuriyyətin böyük uğurlarından biri 1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycanın müstəqil dövlət kimi tanınması olmuşdur.

Təəssüf ki, ötən əsrin əvvəllərində Rusiyada çar üsuli-idarəsinin ləğvi, Birinci dünya müharibəsinin fəsadları və bir sıra digər amillər Qafqazı ayrı-ayrı siyasi qüvvələrin qarşıdurma meydanına çevirmişdi. Dünyanın aparıcı dövlətlərinin Bakı neftinə göstərdiyi maraq vəziyyəti daha da gərginləşdirirdi. Azərbaycanın öz neftini xarici bazarlara çıxarmaqdan təcrid edilməsi nəticəsində yaranmış siyasi, iqtisadi və sosial böhran getdikcə güclənirdi. Həmçinin parlament daxilində hökm sürən hərc-mərclik, Qarabağda və Zəngəzurdakı erməni silahlı dəstələri ilə qarşıdurmalar gündən-günə dərinləşirdi. Əhalinin əsas hissəsinin ağır durumu isə bolşevik təbliğatı üçün münbit zəmin yaradırdı. Yerevanın ermənilərə paytaxt kimi verilməsindən sonra İrəvan mahalından qaçqın düşmüş 150 mindən artıq soydaşımızın vəziyyəti olduqca gərgin idi. Belə bir vəziyyətdə parlamentin son iclasında bolşevik ultimatumunun qəbul edilməsi aprel süqutu ilə nəticələndi.

Akademiyanın müxbir üzvü Y.Mahmudov qeyd etmişdir ki, aprel işğalı Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin bir qismini mühacir həyatı yaşamağa məhkum etmiş, digər qismini erməni terrorunun qurbanına çevirmiş, qalanlarını isə bolşevizmin amansız repressiyalarına məruz qoymuşdur.

Yalnız AXC-nin layiqli varisi olan Azərbaycan Respublikası müstəqillik ideyasını yaşatmış və Azərbaycan bütün sərvətlərinin, o cümlədən neftinin tam sahibi kimi çıxış edə bilmişdir. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika Günü kimi qeyd olunur.

Ölkəmizdə həyata keçirilən uğurlu inkişaf strategiyasından danışan Y.Mahmudov müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində, dövlət müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini yüksək qiymətləndirmişdir. Yaqub Mahmudov demişdir ki, bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə quruculuq prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Hazırda dövlətimizin başçısı İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu layiqincə davam etdirir, ölkəmizin dünyanın lider dövlətlərindən biri olması üçün yorulmadan çalışır.

Müstəqilliyimizin bərpasının iyirminci ildönümünün ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu vurğulayan Y.Mahmudov ötən 20 ildə Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirərək demişdir ki, ötən illər ərzində Azərbaycan çox mühüm uğurlara imza atmış, beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrilmişdir. Ulu öndərin dediyi kimi, müstəqilliyimiz əbədi, dönməzdir.

Tarix İnstitutunun direktoru bildirmişdir ki, Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra Xalq Cümhuriyyəti tarixinin öyrənilməsinə diqqət artmışdır. Ulu öndər Heydər Əliyev öz siyasi fəaliyyətinin bütün dövrlərində xalqın və dövlətin həyatında baş vermiş ictimai-siyasi hadisələrdən ibrət götürməyin, dərs almağın nümunəsini yaratmışdır.

AXC-nin ölkəmizdə milli dövlətçilik tarixində xüsusi yer tutduğunu vurğulayan natiq bildirmişdir ki, AMEA-nın Tarix İnstitutu ilk Azərbaycan Demokratik Respublikasının tarixinin məhz azərbaycançılıq nöqteyi-nəzərindən öyrənilməsi, təhlil edilməsi, o zaman əldə olunan mütərəqqi təcrübənin yaşadılması, buraxılan səhvlərin təkrarlanmaması üçün dahi rəhbərin tövsiyələrinin reallaşdırılması istiqamətində fundamental elmi araşdırmalar və tədqiqatlar aparmış, bütün tarixi faktların ictimailəşdirilməsinə nail olunmuşdur. Ulu öndərin tapşırığı ilə AXC-nin tarixinə dair sanballı əsərlər yazılmış, Tarix İnstitutu əməkdaşlarının gərgin əməyinin bəhrəsi olan ikicildlik ensiklopediya nəşr edilmişdir.

Tədbirdə türkiyəli alimlər Mehmet Sarayın "Azərbaycan istiqlalının 20-ci ilində türk dünyasının demokratikləşmə problemləri", Mustafa Budağın "Azərbaycan tarixinin yenidən yazılmasında Osmanlı arxivlərinin əhəmiyyəti", Quram Marxuliyanın (Gürcüstan) "Azərbaycan və Gürcüstan - müstəqilliyə birgə yol: iki xalq - eyni tale" və digər mövzularda məruzələri dinlənilmişdir.

AMEA Tarix İnstitutu Elmi Şurasının qərarı ilə Azərbaycan tarixşünaslığına mühüm töhfələr verdiklərinə görə türkiyəli və gürcüstanlı alimlər Mehmet Saray və Quram Marxuliya institutun fəxri doktorları elan olunmuş, onlara diplom təqdim edilmişdir.

Tədbir çərçivəsində M.Sarayın "Quzey və Güney Azərbaycan türklərinin tarixi", Q.Marxuliyanın "Armyane v poiskax Armenii" ("Ermənilər Ermənistan axtarışında") kitablarının təqdimatı olmuşdur.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası "Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tarixi varisidir" mövzusunda sərgi təşkil etmişdir.

 

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.3.