Düşünülmüş,
sürətli və davamlı inkişaf
Ölkəmizdə İKT üzrə
ixtisaslı kadr hazırlığı məqsədilə
dünyanın bir neçə tanınmış informasiya
texnologiyaları universitetləri ilə əlaqələr
qurulub. Bu prosesə daha da təkan vermək üçün
respublikada fəaliyyət göstərən yerli və xarici
informasiya texnologiyaları şirkətlərinin həmtəsisçiliyi
ilə İKT-nin İnkişafı Naminə İnsan
Resursları Fondu yaradılıb. O da xüsusi olaraq qeyd edilməlidir
ki, son illər İKT sektorunun davamlı inkişafına zəmin
yaratmaq məqsədilə mobil və sabit şəbəkə
operatorlarının özəlləşdirilməsi,
bazarın liberallaşdırılması, əlverişli rəqabət
mühitinin və effektiv tənzimləmə mexanizminin
yaradılması istiqamətində zəruri islahatlar həyata
keçirilib və bu tədbirlər nəticəsində
ölkənin İKT sektorunda gəlirlərinin həcmi dinamik
olaraq artıb. Həmçinin 3G və 4G texnologiyasına
uyğun xidmətlərin göstərilməsi prosesinə
start verilib.
Azərbaycan
kosmik sənaye ölkəsinə çevrilir
Dünyanın ən aparıcı tədqiqat
mərkəzlərinin, alimlərinin gəldiyi yekun qənaət
budur ki, XXI əsrdə informasiya, bio və nanotexnologiyalar
elmi-texniki inqilabın əsasını təşkil edəcək.
Bu, sənayecə inkişaf etmiş ölkələrdə
elmin inkişafının və iqtisadiyyatın texnoloji cəhətdən
modernləşdirilməsinin ən perspektivli istiqamətləri
sayılır. Ölkəmizdə yüksək texnoloji tutumlu
və yüksək rəqabətli iqtisadiyyatın
qurulmasında İKT-nin rolunu genişləndirmək,
infrastrukturun modernləşdirilməsi, sahə üzrə
iqtisadi-təşkilati islahatların aparılması isə Azərbaycanın
informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət
edən əsas amillərdəndir. Bu məqsədlə
Prezident İlham Əliyevin rəhbərliyi altında
atılan konkret addımlardan biri də kosmik sənayenin inkişaf etdirilməsidir.
Ümumiyyətlə,
dövlətin iqtisadi və hərbi gücünün
inkişafı zərurəti kosmik tədqiqatlar sahəsində
fundamental elmi biliklərin genişləndirilməsini tələb
edir. Kosmik fəzanın fəth edilməsi iqtisadiyyatın və
milli təhlükəsizliyin səviyyəsini müəyyənləşdirən
amillərdəndir. Aerokosmik fəzada yerləşdirilmiş
cihazlar və komplekslər öyrənilən obyektlər haqqında
genişmiqyaslı və keyfiyyətcə yeni olan məlumatları
operativ şəkildə əldə etməyə, aerokosmik
laboratoriyalar isə komponentlərin, dünya okeanının,
planetlərin və digər xüsusi obyektlərin öyrənilməsinə
geniş imkanlar yaradır. Bütün bunlar dinamik inkişaf
dövrünü yaşayan Azərbaycanın da xüsusi diqqətindədir. Məhz bundan irəli gələrək
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında
kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin
orbitə çıxarılması haqqında" 4 noyabr
2008-ci il tarixli sərəncam imzalayıb. Həmin sərəncama
uyğun olaraq 2009-cu ilin avqustunda "Azərbaycan
Respublikasında kosmik sənayenin yaradılması və
inkişafı üzrə Dövlət Proqramı" təsdiq
edilib. Dövlət proqramının əsas məqsədi
respublikada kosmik sənayenin yaradılması və inkişaf
etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə
olan tələbatının ödənilməsi, regionlarda əhalinin
teleradio yayımına artan tələbatının təmin
edilməsi, ölkənin beynəlxalq rabitə
kanallarının artırılması və kosmik fəzadan səmərəli
istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik
və s. sahələrin inkişaf etdirilməsi idi. Proqramda qeyd olunurdu ki, Azərbaycan
Respublikasının Avropa və Asiya qitələri arasında
əlverişli geoiqtisadi, coğrafi, eləcə də
informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi
informasiya mübadiləsinin xarici ölkələrdən
asılılığının aradan qaldırılması,
iqtisadi və informasiya təhlükəsizliyinin əsas
komponentlərindən olan telekommunikasiya peyklərinin
hazırlanması və orbitə çıxarılması Azərbaycanın
regionda informasiyanın ötürülməsi sahəsində
lider ölkəyə çevrilməsi baxımından
böyük əhəmiyyət kəsb edir.
Proqramda
2009-2010-cu illərdə telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə edilməsi və
istismarı üzrə müvafiq qurumun yaradılması və
fəaliyyətinin təmin edilməsi, peyk şəbəkə
və sistemləri, onların idarə edilməsi və
istismarı üzrə müvafiq normativ hüquqi sənədlərin
hazırlanmasına dair təkliflərin verilməsi və tədbirlərin
görülməsi, peyk xidmətlərinin göstərilməsi
üçün imkanların artırılması
planının hazırlanması nəzərdə tutulub və
artıq bununla bağlı müvafiq işlər
görülüb.
Sözügedən
sərəncam və dövlət proqramının
icrasının təmin edilməsi məqsədilə həyata
keçirilmiş tədbirlər çərçivəsində
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq
Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM)
ilə Malayziyanın "Measat" şirkəti arasında Malayziyaya məxsus
46°Ş orbital mövqenin 20 illik icarəsini, həmçinin BƏHM
ilə ABŞ-ın aparıcı peyk istehsalçısı
olan "Orbital" şirkəti arasında peykin
istehsalını və BƏHM ilə Fransanın
"Arianespace" şirkəti arasında Azərbaycan
peykinin orbitə çıxarılmasını nəzərdə
tutan əsas müqavilələr imzalanıb. Peykin orbitə
çıxarılması istiqamətində konkret tədbirlərin
həyata keçirilməsi davam etdirilir və peykin 2012-ci ilin
son rübündə geostasionar orbitə
çıxarılması planlaşdırılır.
Azərbaycan
telekommunikasiya peykinin C və Ku band tezlik diapazonunda fəaliyyət
göstərəcəyi, Avropanın tam, Asiyanın isə
böyük bir hissəsini əhatə edəcəyi
planlaşdırılır. Bu peyk vasitəsilə telefon rabitəsi,
televiziya və radio yayımları, yüksəksürətli
internet, multimedia xidmətləri göstəriləcək və
korporativ VSAT şəbəkələri yaradılacaq. Digər tərəfdən bununla gələcək
inkişaf üçün potensialın yaradılması,
milli və informasiya təhlükəsizliyinin təmin
olunması və gücləndirilməsi, qlobal informasiya məkanına
inteqrasiyanın genişləndirilməsi, dövlət
orqanlarının, hüquqi və fiziki şəxslərin
peyk şəbəkələrinə qoşulma
imkanlarının təmin edilməsi, peyk sistemləri,
onların idarə edilməsi və istismarı, eyni zamanda,
kosmik sənayenin yaradılması və inkişafı üzrə
normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə
tutulmuşdur. Kosmik sənaye sahəsinə investisiyaların cəlb
edilməsinə şəraitin yaradılması kimi strateji məqsədlərə
nail olunacaq. Həmçinin respublika ərazisinin
peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin
edilməsi, dövlət
strukturlarının xüsusi rabitəyə olan tələbatının
ödənilməsi, respublika ərazisində ətraf
mühitin monitorinqi və texnogen mənşəli fövqəladə
halların proqnozlaşdırılması və tədqiqi
üzrə araşdırmaların aparılması, dənizdə
və quruda neft dağılmalarının miqyasının
qiymətləndirilməsi, respublikanın beynəlxalq kosmik
proqramlarda iştirakına şəraitin yaradılması
qarşıya qoyulmuşdur. Kosmik sənayenin
inkişafının təmin edilməsi, yerli istehsalın
stimullaşdırılması və onun ixrac
potensialının dəstəklənməsi, kosmik sənaye və
peyk sistemləri sahəsində mütəxəssislərin
hazırlanması, strateji əhəmiyyətli infrastruktur
obyektlərin təhlükəsizliyinin təmin edilməsi
məqsədi ilə monitorinqin aparılması, ümumiyyətlə
kosmik sənayenin yaradılması və inkişafı da nail
olunacaq əsas strateji məqsədlər
sırasındadır.
Bununla yanaşı, Prezident İlham Əliyev ölkəmizin ilk telekommunikasiya
peykinin orbitə çıxarılması, idarə
olunması və istismarı işlərinin həyata
keçirilməsini təmin etmək məqsədi ilə
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin
təsis edilməsi haqqında" 2010-cu il 3 may tarixində sərəncam
imzalayıb.
Yeni möhtəşəm regional
layihə
Cənubi Qafqazda həyata keçirilən
transmiili layihələr və burada Azərbaycanın əsas
söz sahiblərindən biri olması ölkəmizin iqtisadi
qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda
onun nüfuzunun daha da yüksəlməsində önəmli
rol oynayır. Bu vaxta qədər
icra edilən regional layihələrlə yanaşı,
qarşıdakı dövrdə də yeni transmilli layihələrin
həyata keçirilməsində Azərbaycan kifayət qədər
potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul
olunur. Yeni layihələrin reallaşmasında
yenə Azərbaycanın özünün əsas təşəbbüskar
qismində çıxış etməsi isə artıq
ölkəmizin beynəlxalq münasibətlər sistemində
və qlobal iqtisadiyyatda xüsusi çəkiyə malik
dövlət statusunu daha da gücləndirməkdədir.
Azərbaycan tərəfindən irəli
sürülmüş Trans-Avrasiya Super İnformasiya
Magistralı (TASİM) təşəbbüsünü bu
missiyaya xidmət edən yeni möhtəşəm regional
layihə adlandırmaq olar.
Sözügedən
layihə müasir dövrün tələblərinə
müvafiq olaraq Azərbaycanın informasiya-kommunikasiya
texnologiyalarının inkişafına nə dərəcədə
prioritet önəm verdiyinin daha bir mühüm göstəricisi
sayıla bilər. TASİM Şərqi Avropa, MDB, Türkiyə,
İran, Mərkəzi Asiya ölkələrini, Əfqanıstan,
Pakistan, Çin və Hindistanı əhatə edəcək. Gözlənildiyi kimi, layihənin gerçəkləşməsi
region ölkələrində internetə ucuz
çıxışı, yüksək texnologiyaların daha
da inkişaf etməsini, regional elektron bazarın
yaradılmasını təmin edəcək. İlk dəfə
layihə "Bakutel-2008" sərgi-konfransının
iştirakçılarının (Türkiyə, ABŞ,
Rusiya, Qazaxıstan, Hindistan, İran,
Ukrayna, Malayziya, Misir, UNDESA, TAE, RRB və s.) siyasi dəstəyini
alıb və supermagistral haqqında "Bakı Bəyannamə"si
qəbul edilib. Kifayət qədər
önəmli əhəmiyyətə malik TASİM layihəsi
BMT miqyasında da dəfələrlə dəstəklənib.
2009-cu ilin oktyabrında İsveçrənin Cenevrə şəhərində
təşkil olunan "İTU Telecom World 2009" sərgi və
forumunda Azərbaycan pavilyonu ilə tanış olan BMT-nin
baş katibi Pan Gi Mun ölkəmizin təşəbbüsü
ilə reallaşması nəzərdə tutulan TASİM-i
cazibədar və böyük region üçün vacib layihə
kimi qiymətləndirib. Bunun ardınca BMT Baş Məclisinin
İkinci Komitəsinin (İqtisadi və Maliyyə)
iclasında layihə yekdilliklə bəyənilib. Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan
qətnamə layihəsi BMT Baş Məclisinin 64-cü
sessiyası zamanı Xarici İşlər Nazirliyi tərəfindən
irəli sürülüb. 2009-cu ilin sentyabr ayından etibarən
Azərbaycan nümayəndə heyəti qətnamə layihəsi
üzrə ikitərəfli və çoxtərəfli
danışıqlar aparıb.
Qətnamə
layihəsi dünyada iqtisadi artım və sosial inkişaf
üçün informasiya və kommunikasiya
texnologiyalarının vacibliyini bildirməklə
yanaşı, Avrasiya regionunda "rəqəmli uçurum"un
aradan qaldırılması baxımından TASİM-in
mühüm rolunu qeyd edir və sözügedən təşəbbüsün
həyata keçirilməsi
istiqamətində regional səylərin əlaqələndirilməsinə
dair Azərbaycan hökumətinin təklifini
alqışlayır. TASİM kimi yeni və qabaqcıl təşəbbüsü
təqdim edən qətnamə layihəsi müxtəlif
ölkələr tərəfindən dəstəklənib və
BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif
kimi qoşulublar. Onların sırasında
ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan,
Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail,
İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva,
Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan,
Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan,
Türkiyə, Ukrayna və Yaponiya xüsusilə qeyd oluna bilər.
2010-cu ilin fevralında isə BMT Baş Məclisi
özünün 66-cı plenar iclasında "İnformasiya Cəmiyyəti
üzrə Dünya Sammiti"nin Cenevrədə
keçirilmiş birinci mərhələsində və Tunisdə
keçirilmiş ikinci mərhələsində qəbul
olunmuş prinsipləri rəhbər tutaraq TASİM təşəbbüsünə
həsr olunmuş qətnamə
qəbul edib. Qətnamədə region ölkələrinin
qloballaşmaqda olan dünya iqtisadiyyatına inteqrasiya prosesində,
yoxsulluğun azaldılmasında, iqtisadi artımın təmin
edilməsində, sosial inkişafda, qadınların cəmiyyətdə
rolunun artırılmasında, tolerantlığın təmin
edilməsində və yenə də "rəqəmli
uçurumun" aradan qaldırılmasında
informasiya-kommunikasiya texnologiyalarının xüsusi rolu qeyd
edilərək, TASİM layihəsinin BMT tərəfindən dəstəkləndiyi
vurğulanır. Qətnamədə eyni zamanda
Azərbaycan hökumətinin TASİM layihəsinin təşəbbüskarı
olması və onun layihənin reallaşması
üçün region ölkələrinin bir araya gətirilməsi
istiqamətində koordinasiya işlərinin həyata
keçirilməsinə hazır olması birmənalı
olaraq alqışlanır.
Hazırda
ölkədə informasiya-kommunikasiya texnologiyalarının
inkişafının əsas hərəkətverici qüvvəsi
kimi daxili və xarici investisiyaların geniş miqyasda bu sektora
cəlb edilməsi, ixracın sürətlə genişləndirilməsi,
şəbəkə infrastrukturunun tam müasirləşdirilməsi,
yüksək biliklərə və təcrübəyə malik olan yerli insan
potensialının yetişdirilməsi və sair daxildir. Bu sferada görülən işlər nəticəsində
2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə
500-ə yaxın yeni özəl müəssisə
yaradılıb. 2010-cu il ərzində isə İKT,
poçt və informasiya sektorunda əldə olunan gəlirlərin
həcmi əvvəlki illə müqayisədə 32,1 faiz
artaraq 1 milyard 23,2 milyon manat təşkil edib. 2009-cu illə
müqayisədə artım tempi İKT sektorunda 35,5 faiz, o
cümlədən telekommunikasiya sektorunda 32,8 faiz, poçt
sektorunda isə 29,2 faizə çatıb. İKT və poçt sektorunda əldə
olunan gəlirlərin təxminən 80 faizi qeyri-dövlət rabitə müəssisələrinin
payına düşüb.
Bununla yanaşı, 2010-cu ildə
ölkəmizdə müasır texnologiyaların tətbiqi
daha da genişləndirilib, informasiya cəmiyyətinin
inkişafı, internetin liberallaşdırılması davam
etdirilib, televiziya və radio
proqramların yayım keyfiyyəti yüksəldilib, mobil
telefon və kompyuter istifadəçilərinin sayı
artıb, xarici əlaqələr genişlənib, qanunvericilik
bazası daha da təkmilləşdirilib. Azərbaycan İKT
ilə bağlı bir sıra mühüm tədbirlərə
ev sahibliyi etməsi ilə də bu sahənin inkişafına
önəm verdiyini
nümayiş etdirməkdədir. Bütün bunlar Azərbaycanda
qabaqcıl texnologiyanın iqtisadiyyatda və digər sahələrdə
nə dərəcədə geniş vüsət
aldığını, qarşıdakı dövrdə bu sahə
üzrə ölkəmizin əldə edəcəyi nailiyyətlərin
daha da artacağını əyani göstərir.
Elmin sürətli
inkişafı xüsusi diqqət mərkəzindədir
İqtisadiyyatın
texnoloji modernləşdirilməsini həyata keçirmək,
elmi potensialı dayanıqlı iqtisadi inkişafın əsas
resurslarından birinə çevirən tədqiqatların və
effektiv innovasiya sisteminin balanslaşdırılmış
strukturunun formalaşdırılması istiqamətində də
ölkəmizdə kifayət qədər böyük əhəmiyyətli
işlər görülməkdədir. Həmçinin, elmi iqtisadiyyatın
formalaşması üçün biliyin genişmiqyaslı
inkişafını təmin edən, dünya bazarında rəqabət
üstünlüyü verən, optimal institusional struktur əsasında
balanslaşdırılmış, inkişaf edən elm
sektorunun yaradılması məsələsi də uğurla həll
olunur. Bunun üçün qabaqcıl texnologiyaların
transferi nəticəsində iqtisadiyyatın rəqabət
qabiliyyətini artırmaq və texnoloji cəhətdən
modernləşdirilməsini həyata keçirmək
üçün zəruri addımlar atılır.
Elmin
inkişafının təmin edilməsi, bu sahədə həllini
gözləyən problemlərin, sosial təminat məsələlərinin
çözümü Prezident İlham Əliyevin diqqət mərkəzində
olub. Dövlət başçısının
10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində
islahatların aparılması ilə bağlı Dövlət
Komissiyasının yaradılması haqqında" sərəncamı
da məhz elmi sferada həllini gözləyən bir sıra
problemlərin çözümünə xidmət edir.
Sərəncama uyğun olaraq elmi islahatlar aparmaq
üçün dövlət komissiyası yaradılıb, həmçinin
mövcud problemlərin həlli istiqamətində Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu
yaradılıb.
Bundan
başqa, sərəncamda Azərbaycan Respublikasında elmi
qurumların strukturunun müəyyənləşdirilməsi,
tədqiqatların müasir standartlar səviyyəsində
aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun
sosial müdafiəsinin gücləndirilməsi,
bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata
keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına
inteqrasiyasının təmin olunması məsələləri
əksini tapıb.
Sözügedən
sərəncamla "2009-2015-ci illərdə Azərbaycanda
elmin inkişafı üzrə Milli Strategiya"nı və
"2009-2015-ci illərdə Azərbaycanda elmin inkişafı
üzrə Milli Strategiyanın
reallaşdırılmasının Dövlət
Proqramı" təsdiq edilib. Elmin inkişafını nəzərdə
tutan Milli Strategiyanın əsas məqsədləri kifayət
qədər genişdir. Buraya ölkənin
mövcud tələbləri nöqteyi-nəzərindən Azərbaycan
elminin strukturunun müəyyənləşdirilməsi, Azərbaycan
elminin dünya elmi, texnika və texnologiyasının prioritet
istiqamətlərinə müvafiq şəkildə təşkili,
respublikanın iqtisadi inkişafında elmin rolunun
artırılması, yüksək ixtisaslı kadrların
hazırlanmasının təmin edilməsi, mühüm
sosial-iqtisadi və ictimai-siyasi vəzifələrin həlli məqsədi
ilə Azərbaycan Respublikasında fundamental və tətbiqi
tədqiqatların prioritetlərinin müəyyən
olunması kimi mühüm məqamlar daxildir.
Sənəddə
həmçinin fundamental elmlərə dair tədqiqatların
genişləndirilməsi, elm və texnika sahəsində idarəetmə
sisteminin, elmi-tədqiqat müəssisələrinin və
ümumilikdə, elmin maliyyələşdirilmə mexanizmlərinin
təkmilləşdirilməsi, elmi-texniki infrastrukturun
müasirləşdirilməsi, elmin hüquqi normativ
bazasının yaradılması, elmin inteqrasiyasının təmin edilməsi, elmi
əməkdaşların sosial vəziyyətinin
yaxşılaşdırılması, beynəlxalq elmi əlaqələrin
genişləndirilməsi kimi məqsədlər də
mövcuddur. Strategiyanın vəzifələri də olduqca
genişdir. Bura həmçinin təbiət,
texnika, ictimai və humanitar elmlər sahəsində tədqiqatların
inkişafı, ətraf mühitin qorunması, maddi-texniki
bazanın yaradılması, dövlətin
inkişafını təmin etmək üçün elmin və
müasir texnologiyaların nailiyyətlərinin geniş tətbiqi,
Azərbaycanın mədəniyyəti və tarixinin
ümumi və kompleks tədqiqatı və sair daxildir.
Bütün bunlar Azərbaycanın həm gələcək
iqtisadi, həm də digər sahələr üzrə
inkişafı baxımından olduqca zəruri xarakter
daşıyır.
İKT sektorunun
gələcəyi üçün insan resurslarının
inkişafı da zəruri şərt kimi qiymətləndirilir.
Hazırda İKT üzrə ixtisaslı kadr
hazırlığı məqsədilə dünyanın bir
neçə tanınmış informasiya texnologiyaları
universitetləri ilə əlaqələr qurulub. Bundan başqa, dövlət
başçısının 5 sentyabr 2007-ci il tarixli
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı"nın tələbinə əsasən 2015-ci ilədək
dövlət 5 min azərbaycanlı gəncin xarici ölkələrdə
təhsil almasını maliyyələşdirəcək.
Burada məqsəd Azərbaycan gənclərinin intellektual
potensialını gücləndirərək siyasi və
iqtisadi məkanlarda yeni zirvələr fəth etməkdir.
O da təqdirəlayiq haldır ki, elmin,
təhsilin inkişafı üçün dövlət
büdcəsində nəzərdə tutulan vəsaitlərin
həcmi ildən-ilə artırılır, bu sahədə
çalışan müəllimlərin əməkhaqları,
tələbə, magistr və aspirantların təqaüdləri
də dövlət başçısının müxtəlif
vaxtlarda verdiyi fərman və sərəncamlara əsasən
artırılır. Bütün bunlar Prezident İlham Əliyevin
elmə, onun inkişafına, elmtutumlu sahələrə diqqət
və qayğısının bariz ifadəsidir.
İnsan
kapitalı potensialı daha zəngin hala gətirilir
Ölkəmizdə həyata keçirilən məqsədyönlü
siyasət nəticəsində inkişafın mühüm
bazası və göstəricisi olan insan kapitalının
formalaşdırılmasına hər zaman xüsusi diqqət
yetirilir. Çünki istənilən
ölkənin inkişafının əsasında ən əsas
məqamlardan biri məhz insan kapitalının
yaradılması, onun daha zəngin hala gətirilməsidir.
Ölkəmizdə isə bu müstəvidə
konkret addımlar atılmaqda, günü-gündən güclənən
iqtisadiyyat fonunda böyük insan kapitalı yaradılmaqdadır.
Prezident İlham Əliyev bununla bağlı demişdir:
"Azərbaycanın enerji resursları hələ uzun illər
bizə imkan verəcək ki, iqtisadiyyatımızı
gücləndirək. Ancaq bizim əsas vəzifəmiz
bu kapitalı insan kapitalına çevirməkdir. Bu məqsədlə Azərbaycanda sosial və
humanitar sahələrdə çox böyük tədbirlər
görülür".
Bütün bunlar öz növbəsində
Azərbaycanın insan inkişafı indeksi baxımından
möhtəşəm nailiyyətə imza atmasını, bu
sahədə qazanılan uğurların miqyasının daim
genişlənməsini təmin edir. Məhz bunun nəticəsidir
ki, insan inkişafı indeksinin orta illik tempinə görə
Azərbaycan keçmiş Sovet İttifaqı məkanındakı
ölkələr arasında son 10 il ərzində
aparıcı dövlət olub. Qeyd edilən fakt 2010-cu il noyabrın 4-də Bakıda təqdimat mərasimi
keçirilən BMT İnkişaf Proqramının 2010-cu il
İnsan İnkişafı Hesabatında da aydın şəkildə
öz əksini tapıb. Təqdimat mərasiminin moderatoru olan
BMT İnkişaf Proqramının rezident-əlaqələndiricisinin
müavini Bahadur Eşonov bildirib ki, hesabatın Bakıda təqdim
olunması Azərbaycanın ən yaxşı
icraçılar arasında olması faktını təsdiq
edir. Hesabatdan aydın olur ki, ölkəmizdə
müasir dövrdə insanlar daha sağlam və
uzunömürlü həyat sürür, həmçinin daha
yüksək səviyyədə təhsil ala bilir və daha
çox məhsul və xidmət növlərindən istifadə
etmək imkanına malikdirlər. Qeyd edilənlərin məntiqi
nəticəsidir ki, BMT İnkişaf Proqramının 2010-cu
il İnsan İnkişafı Hesabatında 2005-ci illə
müqayisədə 34 pillə irəliləyən Azərbaycan
101-ci yerdən 67-ci yerə yüksəlib. Belə
mühüm nailiyyətə imza atan Azərbaycan son on il ərzində
postsovet məkanı ölkələri arasında insan
inkişafı indeksinə görə illik 1,77
artım dərəcəsi ilə ən yüksək göstəriciyə
malik olub. Prezident Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyev bununla bağlı qeyd edib ki, Azərbaycanın uğuru
dövlət siyasətinin əsas meyarında insan amilinin qərarlaşmasıdır:
"Azərbaycan dövlətinin rəhbər tutduğu siyasi
və iqtisadi strategiya vətəndaşların azad və bərabər
mühitdə yaradıcı düşüncələrini,
istedadlarını inkişaf etdirmələrinə və
onların qloballaşan müasir dünyaya
inteqrasiyasını təmin etməyə imkan verir. Əlbəttə, belə bir mühitin
yaradılması hərtərəfli islahatların həyata
keçirilməsini, ilk növbədə, ölkə daxilində
münbit şəraitin mövcudluğunu zəruri edir".
Beynəlxalq səviyyədə də
açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf
dinamikasına görə uğurlu bir modelin əsasını
yarada bilmiş Azərbaycan dünya miqyasında həm də
siyasi və demokratik tərəqqi yolunda möhtəşəm
nailiyyətlərə imza atan dövlətdir. Bütün bunlar həm də ondan irəli gəlir
ki, demokratik dəyərlərin sürətlə
inkişafı, dövlət tərəfindən həyata
keçirilən Avratlantik məkana uğurlu inteqrasiya həm
də Azərbaycan xalqının seçimi və əzmidir.
Beynəlxalq təşkilatlarda aktiv fəaliyyət
Azərbaycanın siyasi və mədəni təbiətinin,
xüsusilə, onun insan amilinə verdiyi qiymətin bariz
nümunəsidir. ATƏT, Avropa Şurası və Avropa
İttifaqı tərəfindən inkişaf etdirilən
"insan təhlükəsizliyi", "demokratik təhlükəsizlik"
və "kooperativ təhlükəsizlik" konsepsiyaları
Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb
edir. Çünki bu konsepsiyaların əsas qayəsi
fərdin maraqlarının təmin edilməsidir.
Dövlət isə
bunun üçün bir vasitə kimi
çıxış edir.
Bütün bunlar ölkəmizdə
insan, vətəndaş amilinə kifayət qədər
yüksək qiymət verildiyini, insan kapitalının
inkişafının məqsədyönlü dövlət
siyasəti olduğunu göstərir. Bu
da öz növbəsində qarşıdakı illərdə
Azərbaycanın zamanın tələblərinə cavab verən
sürətli tərəqqisini şərtləndirir.
(ardı var)
Azərbaycan.-2011.-30
sentyabr.-S.4.