Azərbaycan-Qazaxıstan hökumətlərarası
iqtisadi komissiyasının VIII iclasında əlaqələrin
daha da inkişaf etdirilməsi məsələləri
müzakirə olunmuşdur
Sentyabrın
29-da Bakıda Azərbaycan-Qazaxıstan hökumətlərarası
iqtisadi komissiyasının VIII iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası tərəfdən
sənaye və energetika naziri Natiq Əliyevin, Qazaxıstan
Respublikası tərəfdən neft və qaz naziri Sauat
Mınbayevin həmsədrliyi ilə keçən iclasda iki
ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi,
komissiyanın 2010-cu il noyabrın 4-də keçirilən VII
iclasından sonra görülmüş işlər barədə
müzakirələr aparılmışdır.
Tədbirdə
nazir Natiq Əliyev bildirmişdir ki, tarixən dost və
qardaş ölkələr olan Azərbaycan ilə
Qazaxıstan arasında əlaqələr yüksələn xətt
üzrə inkişaf edir. Bu əlaqələrin inkişaf
etdirilməsində dövlət
başçılarının qarşılıqlı səfərləri
böyük əhəmiyyət daşıyır. Bu səfərlər
zamanı imzalanan sənədlər isə əməkdaşlığımızın
prioritet istiqamətlərini müəyyən edir. Qeyd
olunmuşdur ki, Azərbaycan ilə Qazaxıstan arasında
ticarət dövriyyəsi ötən il 342 milyon dollara, bu ilin
altı ayında isə 150 milyon dollara bərabər
olmuşdur. Ancaq ölkələrimizin potensialını nəzərə
alsaq, bu göstərici çox aşağıdır. Buna
baxmayaraq, ticarət əlaqələrinin artırılması
üçün böyük perspektivlər vardır. Neft-qaz,
kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə,
təhsil, humanitar və digər sahələrdə
qarşılıqlı əməkdaşlıq bu əlaqələrin
möhkəmlənməsinə və ticarət dövriyyəsinin
artmasına gətirib çıxaracaqdır. Sonra
çıxış edən nazir Sauat Mınbayev Azərbaycan
ilə əlaqələrə böyük önəm verdiklərini
və hökumətlərarası komissiyanın bu əməkdaşlığın
inkişafında böyük rol oynadığını
vurğulamışdır. Qeyd
etmişdir ki, böyük yeraltı sərvətlərə
malik olan ölkələrimiz energetika sahəsində əməkdaşlıq
edir və bu əməkdaşlıq digər istiqamətlərdə
də uğurla davam etdirilə bilər. Bunun üçün
perspektiv sahələr də mövcuddur. Hazırda "Transxəzər"
layihəsi üzərində iş davam etdirilir. Qazaxıstan
həmçinin Azərbaycandan kənd təsərrüfatı
məhsullarının idxalında da maraqlıdır.
İki ölkə arasında əməkdaşlığın
genişləndirilməsi məsələlərinin müzakirə
olunduğu iclasın sonunda Azərbaycan-Qazaxıstan hökumətlərarası
iqtisadi komissiyasının VIII iclasının protokolu
imzalanmışdır.
Azərbaycan.-2011.-30
sentyabr.-S.5.