Ermənistanın qeyri-konstruktiv
hərəkətləri BMT Baş Məclisinin 66-cı sessiyasında
narazılığa səbəb olmuşdur
BMT Baş
Məclisinin 66-cı sessiyasının ümumi müzakirələri
çərçivəsində Azərbaycanın xarici
işlər naziri Elmar Məmmədyarovun
çıxışına Ermənistanın BMT yanında
daimi nümayəndəsi cavab vermək hüququndan istifadə
edərək ölkəsinin təcavüzkar siyasətinə
bəraət qazandırmağa cəhd göstərmişdir.
Azərbaycanın BMT yanında Daimi
Nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki,
öz növbəsində söz alan Azərbaycan nümayəndə
heyəti Ermənistan tərəfinin yersiz və əsassız
şərhlərinin BMT Nizamnaməsini və beynəlxalq
hüquq üzrə götürdüyü öhdəlikləri
kobud şəkildə pozduğunun və qeyri-konstruktiv
mövqeyinin bariz nümunəsi olduğunu
vurğulamışdır.
BMT-nin üzvü olan dövlətlərin
nümayəndələrinin diqqətinə
çatdırılmışdır ki, Azərbaycana
qarşı təcavüz edən, kütləvi şəkildə
etnik təmizləməni həyata keçirən,
münaqişə zamanı digər ağır cinayətlər
törədən və açıq şəkildə
ayrı-seçkilik ideologiyasını təbliğ edən
Ermənistanın bu siyasətin qurbanı olan Azərbaycana
qarşı çıxış etmək haqqı yoxdur. Ermənistanın
xalqların öz müqəddəratını təyinetmə
hüququ kimi təqdim etdiyi hərəkətlər BMT Təhlükəsizlik
Şurası və Baş Məclisi, eləcə də digər
beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın
suverenliyinə və ərazi bütövlüyünə
qarşı qanunsuz güc tətbiqetmə, BMT Nizamnaməsi və
beynəlxalq hüququn normalarının və prinsiplərinin
kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir.
Həmçinin
vurğulanmışdır ki, işğal olunmuş Azərbaycan
ərazilərində Ermənistan tərəfindən
yaradılmış və ona tabe olan separatçı qurumun
qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə
təsdiq edilmişdir. Öz ərazisində və
işğal edilmiş Azərbaycan torpaqlarında etnik təmizləmə
siyasətini həyata keçirərək, monoetnik cəmiyyətin
yaradılmasına nail olan Ermənistan rəhbərliyinin
suveren dövlətlərdən etnik qrupların birtərəfli
qaydada ayrılması məsələsini qaldırmaq haqqı
ümumiyyətlə yoxdur. Son vaxtlar cəbhə xətti
boyunca Azərbaycanın vətəndaşlarına
və mülki obyektlərinə qarşı artmış
hücumlar və Ermənistan rəhbərliyinin tarixi
saxtalaşdırma, münaqişənin səbəblərinə
və nizamlama prosesinə dair təhriflərlə dolu bəyanatlar
Ermənistan siyasətinin bölgədə sülhə, təhlükəsizliyə
və sabitliyə qarşı təhdid
yaratdığını nümayiş etdirir.
Bildirilmişdir ki, Ermənistan bu cür
təxribat siyasəti ilə öz məqsədinə
heç vaxt çatmayacaq və son nəticədə Azərbaycan
ərazilərinin işğalına və qonşu dövlətlərə
qarşı ərazi iddialarına son qoymağa və bölgədə
yerləşən ölkələrlə sivil münasibətlər
qurmağa məcbur olacaqdır.
Ermənistan səfiri Azərbaycan
nümayəndə heyətinin ədalətli şərhlərinə
cavab tapmayaraq, onların faktiki olaraq əsaslı olduğunu qəbul
etmək məcburiyyətində qalmışdır. Eyni
zamanda, Ermənistan tərəfinin BMT Baş Məclisinin
ümumi müzakirələrində qeyri-konstruktiv hərəkətləri
üzv dövlətlərin haqlı narazılığına
və Azərbaycana münasibətdə həmrəyliyin
açıq şəkildə nümayişinə səbəb
olmuşdur.
Azərbaycan.-2011.-30
sentyabr.-S.5.