Balakəndə məhsul istehsalı artır

 

 Bu ilin yazında aramsız yağan yağışlara baxmayaraq, Balakənin kənd təsərrüfatı məhsulları istehsalçıları 9126 hektar sahədə əkin işlərini uğurla başa çatdırmışlar. 356 hektar sahədə payızlıq taxıl, 8770 hektar sahədə isə yazlıq bitkilər əkilmişdir. Onu da qeyd edək ki, əvvəlki illə müqayisədə yazlıq bitkilərin sahəsi 127 hektar artırılmışdır.

Qarğıdalı, lobya, tərəvəz, bostan, kartof, yonca sahələrində bu il məhsul bol olub. Meyvə bağlarından 3312 ton məhsul yığılıb. Meyvə yığımı indidavam edir.

Balakəndə 4373 hektar fındıq bağları var. Bu bağlardan ildə orta hesabla 3800-4000 ton fındıq yığılaraq rayonda fəaliyyət göstərən fındıq emalı müəssisələrində tədarük olunur. Dörd fındıq emalı müəssisəsi tədarük işinin öhdəsindən layiqincə gəlir. Balakən RİH başçısının aqrar məsələlər üzrə müavini Məhəmməd Şərifov söhbət əsnasında bildirdi ki, fındıq satışı ilə bağlı heç bir problem yoxdur.

Rayonda heyvandarlıq sahəsinə də ciddi fikir verilir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qaramal 104, davar 909, at sayı 70, quş sayı 1713 baş, arı ailələri isə 880 ailə artıb. Şübhəsiz ki, bu artım istehsala da təsir edib. İndiyədək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9 ton ət, 46 ton süd, 57 min ədəd yumurta, 0,8 ton yun, 2 ton bal artıq istehsal olunub.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı çərçivəsində 2008-ci ilin sentyabr ayında Balakəndə "Azəryemsənaye" MMC-nin müəssisəsi tikilib istifadəyə verilib. Müəssisənin fəaliyyətə başlaması qarğıdalının satışında mövcud olan problemlərin aradan qaldırılmasına, mineral və vitaminlərlə zəngin müxtəlif növ heyvanquş üçün qüvvəli yemlərə olan tələbatın ödənilməsinə imkan verib. M.Şərifov onu da qeyd etdi ki, ötən 8 ayda müəssisədə 950 ton yüksək kalorili yem hazırlanaraq fermerlərə və fiziki şəxslərə satılıb.

"Azəryemsənaye" MMC heyvandarlığın inkişafı istiqamətində də fəaliyyətini genişləndirib. Rayonun Katex kəndində MMC tərəfindən yaradılan heyvandarlıq təsərrüfatına bu ilin avqust ayında Gürcüstandan 153 baş cins erkək heyvan alınıb gətirilib. Yaxın vaxtlarda ətlik üçün 150 baş heyvan gətirilməsi də nəzərdə tutulur.

Balakən rayonunun meyvəçiliyində xurmanın da öz yeri var. Yaxın keçmişədək bu "cənnət meyvəsi"nin satışı ilə bağlı mövcud problemlər var idi. İstehsal olunan məhsulun yalnız bir hissəsi xarici bazarlara aparılır, qalanı zay olurdu. Bu problem həllini tapmaq üzrədir. Artıq rayonun Katex kəndində soyuducu anbarın və meyvəqurutma sexlərinin tikintisinə başlanılıb. İşlərin qısa müddət ərzində başa çatdırılması nəzərdə tutulub.

Hazırda təsərrüfatlarda qarğıdalı yığımına başlanılıb. 20 min tona yaxın qarğıdalı məhsulu istehsal ediləcəyi gözlənilir. Payızlıq taxıl səpininə başlanması üçünmüvafiq hazırlıq işləri görülür.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.7.