Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar. ATƏT-in rəsmi saytına yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernar Fasye (Fransa), Robert Bradtke (ABŞ)  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik sentyabrın 29-da Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün növbəti addımları müzakirə etmək məqsədilə Varşavada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev, sonra isə Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçirmişlər.

Həmsədrlər prezidentlər Sarkozi, ObamaMedvedevin Dovil bəyannaməsində üzərinə götürdüyü və tərəflərə belə bir razılığın əldə olunmasında yardım etmək öhdəliyini bir daha təsdiq etmişlər.

Həmsədrlər tərəflərə ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçiriləcək toplantısınadək yaxın aylar üçün nəzərdə tutulan fəaliyyət planını təqdim etmişlər. Həmsədrlər tərəflərlə onların arasında hərtərəfli sülh razılaşmasının əsasını təşkil edən Baza Prinsipləri ətrafında mövcud olan fikir ayrılığını aradan qaldırmaq işini davam etdirəcəklər. Həmsədrlər, həmçinin bütün tərəflərə atəşkəs rejiminin gücləndirilməsi, yerlərdə etimad mühitinin yaxşılaşdırılması və region xalqları arasında qarşılıqlı anlaşmaya töhfə vermək üçün əlavə tədbirlərə dair təkliflər verəcəklər.

Bəyanatın sonunda qeyd edilir ki, nəzərdə tutulan fəaliyyəti həyata keçirmək məqsədilə həmsədrlər yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırlar.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.10.