Milli səviyyədə layiqli əməyin təminatında transmilli
şirkətlərin rolu artırılacaq
Sentyabrın 29-da Bakıda "Milli səviyyədə layiqli
əməyin təminatında transmilli
şirkətlərin iştirakı: əsas hədəflər
və nəticələr" mövzusunda
beynəlxalq konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq
strukturlarının məsul şəxsləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların
və diplomatik korpusun,
sosial tərəfdaşların, transmilli şirkətlərin nümayəndələri
iştirak etmişlər.
Konfransın
açılışında əmək və əhalinin sosial müdafiəsi naziri
Füzuli Ələkbərov, Beynəlxalq
Əmək Təşkilatının (BƏT) nümayəndələri
xanım Rikarda Makfolls
və Kamran Fənnizadə, Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Mehbalıyev, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
Məmməd Musayev çıxış
etmişlər.
Bildirilmişdir ki, tədbirin
məqsədi hər bir iş
yerinin, həmçinin transmilli
şirkətlərdə olan iş yerlərinin işçilərin layiqli həyatla bağlı
ehtiyaclarını ödəyə biləcək səviyyəyə
çatdırılması istiqamətində səylərin
gücləndirilməsidir.
Qeyd olunmuşdur ki,
hazırda modern inkişaf
mərhələsində olan Azərbaycanda
Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü islahatlar
ilk növbədə hər bir insan üçün
müasir tələblərə cavab verən yaşayış və iş şəraitinin yaradılmasına, nəticə etibarilə vətəndaş
firavanlığının təminatına xidmət edir. İşçi
insanların hüquqlarının təkmilləşdirilməsi
və etibarlı müdafiəsi, layiqli əməyin
təminatı istiqamətində dövlət siyasəti ilbəil
gücləndirilir.
Sosial hüquqlar, o
cümlədən işçi
hüquqları ilə bağlı Azərbaycan mötəbər
beynəlxalq təşkilatlarla, o cümlədən
BMT və BƏT ilə fəal əməkdaşlıq edir. Ölkəmiz yenidən
baxılmış Avropa Sosial
Xartiyasının 18 maddəsinə qoşulmuş,
BƏT-in 56
Konvensiyasını, o cümlədən əmək hüquqları sahəsində
8 fundamental konvensiyasını ratifikasiya etmişdir.
Konfransın
milli səviyyədə layiqli
əməyin təminatında transmilli
şirkətlərin daha fəal
iştirakı, həmin şirkətlərlə sistemli şəkildə sosial
dialoqun inkişafı üçün
effektli üsulların müəyyən
edilməsi istiqamətində ilk və uğurlu bir addım
olacağı, bu sahədə BƏT-in bütün lazımi dəstəyi göstərəcəyi diqqətə
çatdırılmışdır. Diqqətə
çatdırılmışdır ki, Azərbaycan
hazırda BƏT-in fəal üzvlərindən biridir. Layiqli əmək
şəraitinin təmin olunması məqsədilə Azərbaycanda
görülən işlərə BƏT həmişə
yaxından dəstək vermək əzmindədir.
Transmilli şirkətlər
respublikamızın iqtisadiyyatında mühüm yer tutmaqla bərabər,
layiqli əməyin təminatında da bir çox komponentlər
üzrə müsbət təcrübəyə malikdirlər.
Bununla belə, konfransda transmilli şirkətlərin bir qismində
əmək qanunvericiliyinə zidd olan hallara toxunulmuş, belə
halların aradan qaldırılmasına diqqətin
artırılmasının vacibliyi
vurğulanmışdır.
Azərbaycan.-2011.-30
sentyabr.-S.10.