Dünyanın hər yerindən
görünən yenilik
Oxucularımız
münasibət bildirir
Xəbər verdiyimiz kimi, artıq
bir aya yaxındır ki, "Azərbaycan" qəzetinin
internet saytında ciddi dəyişikliklər edilmiş,
oxucuların zövqü və rahatlığı
üçün elektron variantı daha da maraqlı və cəlbedici
edən bir sıra yeniliklər tətbiq olunmuşdur. Artıq
qəzetin elektron versiyası oxucularımıza iki variantda təklif
olunur. Müasir, sivil dünyaya qovuşmağın və onun
artan tələbləri ilə uzlaşmağın ən
qısa yollarından biri də informasiya-kommunikasiya
texnologiyalarının daim yenilənməsi, mövcud
versiyaların təkmilləşdirilməsi və inkişaf
etdirilməsi ilə bağlıdır.
Maraqlısı
odur ki, qəzetin internet saytında tətbiq edilən yeniliklər
həm ölkə daxilində, həm də xaricdə
yaşayan soydaşlarımız və oxucularımız tərəfindən
maraqla qarşılanır və bəyənilir. Biz
oxucularımızın bir qismi ilə əlaqə saxladıq,
onların rəyini öyrəndik və eyni zamanda
redaksiyanın elektron poçtuna bu yeniliklərlə
bağlı daxil olan məktubları da nəzərdən
keçirdik. Oxucularımız razılıqlarını
bildirir, öz təəssüratlarını
bölüşür, işimizin daha da səmərəli
qurulması üçün təkliflərini də əsirgəmirlər.
Ölkənin şimal bölgəsindən - Quba rayonunun Zərdabi
qəsəbəsindəki orta məktəb müəllimi
N.Qasımova belə yazır: "Hörmətli redaksiya, qəzetinizin
elektron versiyasının yenidən qurulması, bir sıra dəyişikliklərin
edilməsi qəzetdə bölmələri tez tapmağa imkan
verir. Bölmələrə, lazım olan yazılara
keçidlər asanlaşıb. Daha az vaxt sərf etməklə
daha çox yazı oxumaq olur. "Azərbaycan" qəzeti
ölkəmizdə təhsilin və elmin inkişafı istiqamətində
qazanılan uğurlara, ciddi analitik yazılara bütün
kütləvi informasiya vasitələrindən daha geniş yer
ayırır. 20 il bundan qabaq kimə desəydin ki, internetdə
qəzet oxumusan, sənə nəinki inanardılar, heç
başa da düşməzdilər. İndi məktəblərdə,
hətta ən ucqar dağ kəndlərində belə
kompyuter, internet əlaqəsi var. Biz Azərbaycan dövlətçiliyi
tarixində bir çox ölkələrin bir neçə qərinəyə
addımladığı inkişaf yolunu cəmi 20 ildə
keçə bildik. Bu, hamımızın uğurudur. Tətbiq
etdiyiniz yeniliklərə görə sizə minnətdarıq".
Lənkəranın
Bradi kəndindən redaksiyamıza zəng vuran daimi ouxucumuz Zəfər
Əliyev də qəzetin yeni internet variantının
üstünlüyünü qeyd etdi:
- Qəzetin
fotoversiyası bizə imkan verir ki, o başdan "Azərbaycan"
qəzetini internetdə açıb köşkdə
olduğu kimi görək və oxuyaq. Daha kəndimizə qəzetin
Bakıdan nə vaxt gələcəyini gözləməyək.
Burada diqqəti çəkən odur ki, qəzeti sürətlə
oxumaq olar, lazım olan yazını tez tapırsan və istədiyin
ölçüdə böyüdüb, özün
üçün rahat bir variantda oxuya bilirsən.
Moskvadan Rusiya
Jurnalistlər Birliyinin üzvü, həmyerlimiz Əliş Əvəz
qəzetin daimi internet oxucusu kimi yeniliklərə ürəkdən
sevindiyini bildirir: "Erməni saytları ilə müqayisədə
ölkəmizdə İKT sektorunun inkişafı hətta bir
qəzetin tətbiq etdiyi yeniliklərin fonunda aydın
görünür. Ölkəni, vətəndaşlarını
qan içində boğub çökdürən rejimlə
müqayisədə Azərbaycan dövlətinin
qazandığı uğurlar bizə qürur, fərəh gətirir.
2-3 min kilometrlik məsafədən, hətta dünyanın istənilən
nöqtəsindən internetə daxil olub iki dövlətin
elektron KİV-ini müqayisə edəndə Ermənistanın
simasında özünü əzabkeş qaliblər kimi bəşəriyyətə
sırımağa çalışan bir dövlətin həm
ideoloji, həm də iqtisadi dayaqlarının çökməsinin
şahidi olursan. Bütün yazılardan barıt qoxusu gəlir,
ölkənin səfalətdə məhv olduğu, insanlara
işğalçı faşist ideologiyasının zorla
sırındığı aşkar görünür. Azərbaycan
saytlarında isə əksinə, biz ucalan qüdrətli
dövlətin demokratik simasını görürük. Məlumat
mənbəyi kimi bu sahədə "Azərbaycan" qəzetinin
gördüyü işlər, ölkənin tərəqqisi,
hərbi qüdrəti və yenilməzliyi ilə bağlı
dərc etdiyi yazılar bizi - Azərbaycan diasporunun təmsilçilərini
hədsiz dərəcədə sevindirir. Eyni zamanda,
respublikamızın iqtisadi sıçrayışla tərəqqisinin
düşmənlərimizi nə qədər bədbinliyə
sövq etməsinin də şahidi oluruq. Uzaqda
yaşamağımıza baxmayaraq, Azərbaycanın əksər
qəzetlərini internetdə oxuya bilirik. Bu, Azərbaycanda
İKT-nin və eyni zamanda demokratik proseslərin böyük
sürətlə inkişaf etməsinə işarədir.
Sevinirik ki, "Azərbaycan" qəzeti ölkədə tətbiq
edilən yeniliklərin təbliğatçılarının
önündə gedir. Başqa bir sevindirici hal ondan ibarətdir
ki, respublikamızın istənilən rayonunun ən ucqar kəndində
belə qohumlarımızla əlaqə saxlayırıq, daimi
internet əlaqəsi qura bilirik, bacı və
qardaşlarımızla görüntü ilə
danışırıq. Amma 20 il bundan əvvəl bizim tərəflərdə,
elə Bərdənin özündə soruşsaydın ki,
kompyuter nədir, çoxları cavab verməkdə çətinlik
çəkərdi".
Ara-sıra qəzetimizdə
çıxış edən iordaniyalı jurnalist Sudah Mərvan
da qəzetimizin yeni internet versiyasının onun
üçün xüsusi əhəmiyyət kəsb etdiyini
etiraf edir: "Özümü Azərbaycanın dostu
sayıram, sizin dövlətin İordaniyadakı səfirliyi
ilə sıx münasibətlərim var. Fəaliyyətimin
bir qismi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaqla bağlıdır. Məqalələrim bir
neçə dəfə tərcümə olunaraq qəzetinizin
səhifələrində çap olunub. Buna da çox sevinirəm.
İordaniyanın aparıcı qəzetinin siyasi şərhçisi
kimi bu çıxışlar mənim üçün əhəmiyyət
kəsb edir. Ancaq qəzetinizin İordaniyada satılmaması
üzündən yazılarımı qəzet versiyasında
görə bilmirdim və bir jurnalist kimi nigaran qalırdım.
Artıq sizin tətbiq etdiyiniz yenilik nəticəsində istənilən
yazını qəzetdə dərc olunduğu kimi internetdə
görmək mümkündür. Jurnalist üçün
bundan sevindirici nə ola bilər ki!? Sizi də,
özümü də təbrik edirəm".
Aldığımız
məktublarda oxucularımız öz təkliflərini də
verirlər. Bir sıra diaspor təmsilçiləri qəzetin
elektron kitabxanasının açılmasını, orada
müasir Azərbaycan ədəbiyyatından seçilmiş əsərlərin
ana dilində və xarici dillərdə yerləşdirilməsini
xahiş edirlər. Sağlamlıqla bağlı
yazıların istənilən vaxt oxunulması
üçün ayrıca oxu zalının olmasını da
vacib sayanlar var. Eyni zamanda, diaspor təmsilçiləri daim
yeniləşən fotoqalereyanın olmasını xahiş
edirlər.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2011.-30
sentyabr.-S.11.