Qədim Şəkini həm də müasir şəhərə çevirək

 

Hər daşında, kərpicində özünəməxsus bir tarix yaşadan Şəki orta əsrlərdən üzü bəri Azərbaycanda inkişaf etmiş yüksək şəhərsalma mədəniyyətinin ən qiymətli incilərini özündə yadigar saxlayan bir şəhərdir. Şəkidəki memarlıq abidələri - məscidlər, minarələr, evlər, karvansaralar, qala divarları, yollar, körpülər özümüzdən daha çox  turistlər üçün də maraqlıdır.

Rəhbərlik etdiyim "Yuxarıbaş" Dövlət Tarix-Memarlıq Qoruğu Şəki Cümə məscidindən başlamış 233 hektar ərazini əhatə edir. Biz Şəkinin qədim memarlıq abidələrini, adət-ənənələrini qorumaqla yanaşı, həm də onun müasir turist şəhəri kimi inkişaf etməsi üçün yollar arayıb-axtarırıq. Bu baxımdan qarşımızda bir çox görülməli işlər dayanıb.

Yaxşı  olardı ki, şəhərimizin qədimliyini bildirmək üçün Cümə məscidinin yanında qala divarları və darvaza tikilsin, oraya qədim Şəkinin gerbi və qarşısında fırlanan banner qoyulsun. Bannerdə qoruq ərazisindəki qeydiyyatdan keçmiş tarix və mədəniyyət abidələrinin adları və şəkilləri əks olunsun.

Artıq müvafiq layihələr işlənilib, XVIII-XIX əsrlərdə dahi şəxsiyyətlərin Xan sarayı haqqında Azərbaycan və ingilis dillərində fikirlərini əks etdirən lövhələrin hazırlanması da nəzərdə tutulub. Ətrafda milli memarlıq ənənələrimizə uyğun təmir-bərpa işləri də labüddür.

Tarixən bizim dalan bazarlarımız olub, həmin bazarlarda yerli əsnafların (sənətkarların) əl işlərinin satışı təşkil edilib. Yaxşı olardı ki, Aşağı və Yuxarı karvansaraların birinci mərtəbələri sənətkarlara verilsin. Orada hər həftənin müəyyən günləri əl işləri qonaqlara və turistlərə təqdim olunsun.

Qala divarları içərisindəki xəstəxana binalarından biri başqa yerə köçürülüb, qalan ikisinin də köçürülməsi nəzərdə tutulub. Həmin binalarda müəyyən bərpa işlərindən sonra etnoqrafiya, arxeologiya və sənətkarlıq muzeylərinin yaradılması gözəl olardı.

Gələn il bənzərsiz memarlıq incisi olan Xan sarayının 250 yaşı tamam olur. Milli-mədəni irsimizə, tariximizə, həmçinin turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğı bizə ümid verir ki, həm qədim Şəkimizin əvvəlki şöhrətini qaytaraq, həm də onu tanınmış turizm şəhərlərindən birinə çevirək. Ölkə Prezidenti İlham Əliyevin "Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 12 sentyabr 2011-ci il tarixli Sərəncamı doğma Şəkimizlə bağlı arzularımızın gerçəkləşəcəyinə inamımızı daha da artırır.

 

 

Təranə ABDULLAYEVA,

Şəki "Yuxarıbaş" Dövlət Tarix

Memarlıq Qoruğunun direktoru

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.11.