Dilimizin ruhuna yad tərcümələr

 

Tarixdən ibrət alaq

 

 Hörmətli redaksiya!

 

Biz gənclər çətinliklərdən, müharibələrdən keçib dünyanın mütərəqqi və sülhsevər dövlətlərindən birinə çevrilən vətənimizin uğurları ilə öyünürük. Mənəvi qadağalar, siyasi təqiblər tariximizə qırmızı müstəmləkəçiliyin qara ləkələrini vurdu.  Ötən əsrin 20-30-cu illərində qolçomaq, proletariatın sinfi düşməni, 37-ci illərdə panislamist, pantürkist, xalq düşməni kimi ağır ittihamlar  bizi kökümüzdən uzaqlaşdırmaq üçün düşünülən cəza üsulları idi.

Müstəqilliyin son 20 ilində inkişafın bir neçə əsrlik yolunu keçmişik. Dilimiz, tariximiz inkişaf edir. Bölgədə nüfuz sahibiyik. Biz gənclər üçün bundan sevindirici nə ola bilər ki!

Ən vacibi isə odur ki, Azərbaycan bütün qonşuları ilə sülh şəraitində yaşamağa çalışır, dünya düzənində balanslaşdırılmış xarici siyasət yeridir.

Ötən əsrin bolşevik təqibləri artıq geridədir. Qırmızı orduya "Qızıl ordu" deyib ucaltdığımız "xilaskar" abidəsindən də 20 Yanvar dairəsi azad olub. Lakin dilimizdə bu gün də "Qızıl ordu", "Qızıl meydan" ifadələri yaşamaqdadır. Bütün Rusiyada sorğu keçirsək belə, "Qırmızı ordu"nun "Qızıl ordu", "Qırmızı meydan"ın da "Qızıl meydan" kimi tərcümə edilməsini alqışlayıb bəyənən bir nəfər də olsun tapa bilmərik. Əksinə, təəccüblənəcəklər. Ona görə ki, ruslar üçün qırmızılar, ağlar real siyasi qüvvələrlə bağlı idi. Bu iki rəng, iki qüvvə qarşı-qarşıya duraraq ölüm-dirim savaşına çıxıblar. Qırmızını "qızıl" kimi dilimizə gətirmək, gecolsa, etiraf etməliyik ki, həm psixoloji, həm də dilçilik nöqteyi-nəzərindən düzgün deyil. Ona görə də tarixdən ibrət almağımız və səhvləri gecolsa düzəltməyimiz vacibdir.

 

 

 Z.Quliyeva, N.Rüstəmova, S.Əhmədova və H.Bəkirli

Bakı Qızlar Universitetinin Pedaqogika və psixologiya fakültəsinin tələbələri

 

Azərbaycan.-2011.-30 sentyabr.-S.11.