Doğma yurda
qayıdacağımız gün uzaqda deyil
Xocavənd rayonunun
işğalından 19 il ötür
1988-ci ildə yenidən baş qaldıran erməni separatizminin tarixi kökləri ermənilərin XIX əsrdə çar Rusiyasının birbaşa yardımı ilə tarixi Azərbaycan vilayətlərində məskunlaşdırılmasından sonrakı dövrdən başlanır. Həmin vaxtdan tarixi ərazilərimizə yiyələnmək üçün ermənilər Qarabağda məqsədli və planlı şəkildə iş aparmış, bu yerlərin əzəli və əbədi sahibləri olan azərbaycanlıları sıxışdırmış, tarixi adları dəyişdirmiş, məkrli niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atmışlar.
Ötən əsrin sonlarında Azərbaycan rəhbərliyinin ermənilərin Qarabağda baş verən separatçı hərəkətlərinə qarşı təsirli tədbir görməməsi, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayəti orqanlarının ictimai asayişi pozan hadisələri yatırtmaması Ermənistandan gəlmiş emissarların və silahlı dəstələrin real güc mərkəzinə çevrilməsinə, Yerevandan verilən tapşırıqlara uyğun olaraq düşmənçilik fəaliyyətlərini daha da genişləndirmələrinə şərait yaradırdı. Digər tərəfdən, Moskvanın ermənipərəst mövqe tutması, beynəlxalq aləmdə formalaşdırılan antiazərbaycançı münasibət, yerli rəhbərlikdən isə laqeydlik görən Qarabağın azərbaycanlı əhalisi yaxşı bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olsa da, silah-sursatı yox idi. Çünki ermənilərin silah-sursatla təmin və təchiz edilməsində çox böyük canfəşanlıq göstərən sovet ordusu tərəfindən azərbaycanlı əhalidə olan adi ov silahları da yığılmışdı. Qədim yurd yerlərimiz oda qalanır, dinc azərbaycanlılar vəhşicəsinə qətlə yetirilirdi. Vəziyyət son dərəcə ağır və mürəkkəb, insanlar isə köməksiz idi. Bütün cəhdlərə baxmayaraq, kəndlər işğal olunur, dağıdılırdı.
1992-ci ilin fevral ayında Xocalı şəhərində ermənilər tərəfindən azərbaycanlılara qarşı misli görünməmiş soyqrımı törədildi, may ayında isə Şuşa şəhəri işğal edildi. Artıq müharibə Dağlıq Qarabağın sərhədlərindən kənarda gedirdi. Dünya ermənilərinin, muzdluların, sovet ordusunun, xüsusilə Xankəndidə yerləşən 366-cı alayın birbaşa və ya bilavasitə köməyi ilə şəhərlərimiz, kəndlərimiz işğal olunurdu.
O illərdə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bütün bölgələri kimi, Xocavənd rayonunun kəndləri də ermənilərin hücumuna məruz qalır, demək olar ki, hər gün bir qanlı hadisə törədilirdi. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə qeyribərabər döyüşlərdə rayonun azərbaycanlı kəndləri bir-bir itirildi. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 15-də Xətai kəndi, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvar ayının 9-da Haxullu kəndi işğala məruz qaldı. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndində misli görünməmiş vəhşiliklər törətdilər, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçirdilər. 1992-ci il oktyabr ayının 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri işğal edilərək yandırıldı. 1992-ci il oktyabr ayının 2-si Xocavənd rayonunun işğalı günü kimi qan yaddaşımıza həkk olundu.
Xocavənd rayonu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununa əsasən Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılmışdır. Rayonun ərazisi 1458 kvadratkilometr, əhalisi 42120 nəfər, o cümlədən azərbaycanlılar 10994 nəfər təşkil edirdi. Rayonun inzibati ərazisində bir şəhər, 2 qəsəbə və 81 kənd olmuşdur ki, onlardan da 10-da azərbaycanlılar yaşamışdır. Rayonun inzibati mərkəzi Xocavənd şəhəridir. Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəd olan Xocavəndin relyefi əsasən dağlıq, şərqdə və cənub-şərqdə isə dağətəyi düzənliklərdən ibarətdir. İqlimi yayda mülayim, qışı isə yağıntılı olur. Rayonun iqtisadiyyatında üzümçülük, heyvandarlıq, quşçuluq, taxılçılıq və bostançılıq üstünlük təşkil etmişdir.
Bəşər sivilizasiyasının beşiklərindən biri olan Xocavənd bölgəsi həm də antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Burada qədim dövrlərdə insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə rast gəlinir. Xocavənd ərazisində dünya və respublika əhəmiyyətli 72 tarixi-memarlıq və mədəniyyət abidəsi var. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Salakətin kəndinin yaxınlığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndində V-VIII əsrlərə aid Ritiş qalası, Ərgünəş dağının yamacındakı sıldırım qayalar üzərində yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid Rzaqulu Bəy türbəsi, Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi, Tuğ kəndində X əsrə aid Qırmızı məbədi deyilənlərə misal göstərmək olar. Erməni təcavüzü nəticəsində Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndində yerləşən Cicim ocağı, Qaradağlıdakı III-VI əsrlərə aid Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndindəki Seyid Rza günbəzi və neçə-neçə qiymətli maddi memarlıq abidəsi dağıntıya məruz qalmışdır.
Rayonun işğalı nəticəsində azərbaycanlılar yaşayan 10 kənddə 1723 yaşayış evi talan edilərək yandırılmış, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə dağıdılmış, 12 rabitə qovşağı, avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti yararsız hala salınmışdır. İşğal nəticəsində rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəymişdir. Belə ki, rayonun 1202 ha meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilmişdir.
Xocavənd mübarizəsiz təslim olmamışdır. Ermənilərə qarşı qəhrəmancasına mübarizə aparmış Xocavəndin hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilmişdir. Qeyri-bərabər döyüşlərdə rayonun bütün sakinləri mətinliklə iştirak etmişlər. Təkcə 800 nəfər sakini olan Qaradağlı kəndi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay mühasirədə qalmış, 91 şəhid vermişdir. Ümumilikdə xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 nəfər şəhid vermişlər. Bu da rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biri deməkdir.
1994-cü il aprelin 10-da ümummilli lider Heydər Əliyev cəbhə xəttinə səfəri zamanı rayonumuzun ərazisində Xocavənd taborunun döyüşçüləri ilə görüşmüş, igid vətən oğullarına öz təşəkkürünü bildirmiş, bir neçə cəsur döyüşçünü isə vətənin yüksək mükafatı ilə təltif etmişdi. Bu görüşdən ruhlanan əsgərlərimizin şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun - Dağlıq Qarabağın 14000 hektar ərazisi düşməndən azad edildi. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada təsərrüfat işləri ilə məşğul olurlar.
Qəhrəman oğul və qızlarının xatirəsini daim uca tutan xocavəndlilər şəhid adına dərin ehtiram əlaməti olaraq qanlı döyüşlərin getdiyi və inzibati ərazi baxımından Dağlıq Qarabağın işğaldan azad olunmuş hissəsi olan bu müqəddəs məkanda forma və məzmun cəhətdən möhtəşəm, əhəmiyyətliliyi ilə çox təqdirəlayiq olan "Abidə-xatirə kompleksi"nin tikintisini başa çatdırmışlar. Dünən - Xocavənd rayonunun işğal tarixinin qeyd edildiyi gündə bu möhtəşəm kompleksin təntənəli açılış mərasimi də keçirilmişdir.
Xocavəndlilər Azərbaycan dövlətinin böyük qayğı və diqqəti ilə əhatə olunublar. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Onların rahat yaşamaları üçün bütün infrastuktura malik yeni qəsəbələr tikilir, insanlar hər cür rahatlığı olan evlərdə məskunlaşırlar.
Axı bugünkü Azərbaycan 18-20 il əvvəlki Azərbaycan deyil. İndi qüdrətli dövlətimiz, qətiyyətli Ali Baş Komandanımız var. İşğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Vətən həsrəti, qisas hissi ilə yaşayan xocavəndlilər bir nəfər kimi torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün hər an silaha sarılmağa, ön cərgələrdə döyüşməyə hazırdırlar.
Xocavəndlilər
inanırlar və əmindirlər ki, tezliklə ölkə
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında doğma yurdlarımızı, şəhidlərimizin
uğrunda vuruşduqları müqəddəs
torpaqlarımızı
düşmən işğalından azad edəcəklər
və işğal tarixləri deyil, qələbəmizin
ildönümləri doğma Qarabağda qeyd olunacaq!
Eyvaz HÜSEYNOV,
Xocavənd Rayon İcra Hakimiyyətinin
başçısı,
Azərbaycan
Respublikası "Dağlıq Qarabağ
Bölgəsinin Azərbaycanlı
İcması" İctimai
Birliyinin İdarə Heyətinin
üzvü
Azərbaycan.-2011.-2 oktyabr.-S.4.