GUAM çərçivəsində Avropaya inteqrasiya
perspektivləri haqqında bəyanat
imzalanmışdır
GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası başa çatandan sonra əməkdaşlıq və Avropaya inteqrasiya perspektivləri haqqında Varşava Bəyanatı imzalanmışdır.
AzərTAc xəbər verir ki, GUAM XİNŞ-in XV iclası Polşa paytaxtında "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində keçirilmişdir. Görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan xarici işlər nazirinin müavini Tornike Qordadze, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Yuriye Lyanke, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko və GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.
İclasda GUAM çərçivəsində sahəvi və regional əməkdaşlığın daha da dərinləşdirilməsi məsələləri müzakirə olunmuş, ölkələr arasında ticarət dövriyyəsinin artması meyilləri qeyd edilmiş, bu təşkilat çərçivəsində qarşılıqlı əlaqələrin prioritet məsələləri və Avropa İttifaqı ilə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
İclas
başa çatandan sonra sahəvi əməkdaşlığın
fəallaşdırılmasına dair tədbirlər planı
da təsdiq edilmişdir.
Azərbaycan.-2011.-2 oktyabr.-S.5.