Əməkdaşlığın yeni uğurları
Hər bir xalqın tarixi ilk növbədə onun maddi-mədəniyyət abidələrində yaşayır. Ona görə də bütün hallarda həmin daş yaddaşların qorunub saxlanması və gələcək nəsillərə çatdırılması mühüm məsələlərdəndir. Zəngin təbii sərvətlərə məxsus Azərbaycan torpaqlarında da tarixin yaşıdı, inkişafın göstəriciləri sayılan maddi-mədəniyyət abidələri az deyil. Ən maraqlısı odur ki, ilk insan məskənlərindən olan Azıx mağarası məhz Azərbaycan ərazilərində aşkar edilmişdir. Qobustan qayalarından gələn səda isə, təbii ki, əcdadlarımızın daşlaşmış səsidir.
Xalqımızın keçdiyi tarixi yolda sivilizasiyaların dəyişməsi öz izini bir sıra abidələrdə qoruyub saxlamaqdadır. Dünya təcrübəsində abidələr eyni zamanda turizmin inkişafına təsir göstərən amillərdən hesab edilir. Çünki hər hansı ölkəyə səfər etmiş əcnəbi ilk növbədə oradakı maddi-mədəniyyət abidələri ilə tanışlığa can atır. Bunun da əsas səbəbi həmin xalqın tarixini, yaşayış tərzini əks etdirən maddi-mədəniyyətinə maraqdır. Hər bir ölkə də qədimliyini, bəşər sivilizasiyasının formalaşmasındakı rolunu sübuta yetirmək, onu dünyaya təqdim etmək üçün mədəni irs nümunələrindən faydalanır. Bununla da demək olar ki, turizm eyni zamanda hər hansı ölkənin maddi-mədəni irsinin daha geniş məkanda tanıdılmasında mühüm vasitələrdən biridir.
Ərazisində ən qədim dövrlərə təsadüf edən yaşayış məskənlərinin, abidələrin olduğu Azərbaycan bütün imkanlardan istifadə etməklə, turizmin inkişafında bu amildən yetərincə istifadə edirmi, görəsən, yaxud həmin maddi və mənəvi sərvətlər beynəlxalq hüquq normaları əsasında qorunub saxlanırmı?
İlk növbədə qeyd olunmalıdır ki, bütün tarixi dövrlərdə maddi-mədəniyyət abidələrimizin mühafizəsinə bugünkü qədər diqqət yetirilməyib. Əvvəllər bunun qorunmamasının müxtəlif səbəblərindən biri təcavüzkarların bu yerlərin təbii sərvətlərinə həris münasibətləri idi. Ayrı-ayrı dövrlərin ictimai-siyasi və iqtisadi quruluşlarında abidələrə və digər təbii sərvətlərə məkirli yanaşma onları millilikdən və minilliklərdən uzaqlaşdırmağa "xidmət" edib. Təbii fəlakətlər də burada öz mənfi təsirini az göstərməyib. Lakin elə maddi-mədəniyyət nümunələri də var ki, onları nə əsrlərin, nə də nəsillərin "soyuq baxışları" əlimizdən almaq iqtidarında olmayıb. Belə sərvətlərimizə bir sıra xalq tətbiqi-sənət nümunələrini misal göstərmək olar.
Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasına qədər bir sıra maddi-mədəniyyət abidələrimizin qorunmasında göstərilən münasibət ürəkaçan olmayıb. Ona görə də bədxah qonşularımız bundan istifadə edərək, bəzi yazılı abidələrimizi saxtalaşdırmağa can atıblar.
Son dövrlər bəşəriyyətin daha çox diqqət yetirdiyi məsələlərdən biri də məhz maddi-mədəni irsin qorunması və saxlanmasıdr. Bu da təbii ki, səbəbsiz deyil. Ərazi mübahisələrinin yaratdığı münaqişələrin həllində tarixin yaşıdı olan maddi-mədəniyyət abidələrinin rolu olduqca böyükdür.
Əraziləri erməni təcavüzkarlarının qurbanına çevrilmiş Azərbaycan da uzun illərdir ki, Ermənistan tərəfindən zorla cəlb edilmiş münaqişənin ağrılarını yaşayır. Türk dünyasına qarşı çıxan daşnaklar nəinki xalqımıza məxsus musiqini, hətta çoxsaylı maddi-mədəniyyət abidələrimizi özününküləşdirməyə çalışıblar. Buna nail olmadıqda, onları qəddarcasına darmadağın etmişlər. Qafqaz Albaniyası dövründən qalma çoxsaylı abidələrimiz bu baxımdan daha acınacaqlı hala salınmış, az qala, tamamilə məhvə məruz qalmışdır. Keçmiş sovetlər birliyi dövründə maddi-mədəniyyət abidələrimizin mühafizəsinə göstərilən laqeydlik təsadüfi deyildi. Mərkəz tərəfindən bəzi hallarda qəbul olunan qərarlar məhz xalqımızın qədim tarixini saxtalaşdırmışdır ki, bu da, əslində, "Böyük Ermənistan"ın yaradılması istiqamətində aparılan çirkin siyasətin görünməyən tərəflərindən idi. 70 illik sovetlər dövründə Ermənistanın memarlıq nümunələri göstərilən kitablarda Qarabağ və Naxçıvan ərazilərindəki qeyri-maddi mədəniyyət nümunələrimiz xristian abidələri kimi təqdim edilmişdir. Hansı ki, həmin abidələr İslamaqədərki dövrün yadigarları, daha doğrusu, albanlara məxsus yazılı daş kitabələrdir.
Dövlət müstəqilliyinin bərpasından sonra bir sıra sahələrdə olduğu kimi, maddi-mədəniyyət nümunələrimizin qorunub saxlanması və dünyaya öz adı və ünvanı ilə təqdim olunması istiqamətində aparılan dövlət siyasəti nəticəsini göstərməkdədir. Məhz uğurlu siyasətin göstəricisidir ki, bir sıra maddi və mənəvi sərvətlərimiz artıq YUNESKO-nun Maddi-Mədəni İrs siyahısına salınıb.
Mədəni Dəyərlərin Mənsub Olduqları Ölkələrə Qaytarılmasının Təşviqi və ya Qanunsuz Mənimsəmə halında Geri Qaytarılması üzrə YUNESKO-nun Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında bir daha bu məsələ öz aktuallığı ilə diqqəti cəlb edib. Belə ki, sessiyada Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təkcə ərazi iddiaları ilə məhdudlaşmadığı, işğal olunmuş torpaqlarda yüz mindən artıq dəyərli eksponatın, zəngin mədəniyyət nümunələrinin oğurlanması və dağıntılara məruz qalması haqqında məlumatlar verilib. Həmçinin qeyri-qanuni arxeoloji qazıntıların aparılması və aşkar edilmiş obyektlərin mənimsənilməsi halları bir daha diqqətə çatdırılıb. Azərbaycan tərəfi zəbt olunmuş ərazilərdə mədəni irsin qorunması, konkret tövsiyələrin hazırlanması üçün YUNESKO-ya müraciət edib.
Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyaya uyğun olaraq, qədim dillər, xalq ənənələri, müxtəlif ritual və ayinlər, sənətkarlıq, eyni zamanda şifahi xalq yaradıcılığı nümunələri bu irsə aid edilib. Həmin Konvensiya sənayeləşmə, urbanizasiya, miqrasiya və kütləvi turizmin təsiri ilə dünyada qeyri-maddi irs üçün yaranan təhlükələrə cavab tədbiri hesab olunur.
Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2003-cü ilin oktyabrında Azərbaycan muğamları, 2009-cu ilin martında aşıq sənəti, Novruz bayramı, 2010-cu ildə isə Şərq toxuculuq sənətinin bir qolu olan Azərbaycan xalçaları ÜUNESKO-nun Mədəni-İrs siyahısına daxil edilib.
Paytaxt Bakının tarixini özündə daha mükəmməl şəkildə qoruyub saxlayan İçərişəhər kompleksi, Qobustan qoruğu da bu siyahıdadır.
Xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi, intellektual irsin qorunması məqsədi ilə müxtəlif layihələr həyata keçirən Heydər Əliyev Fondu 7 illik fəaliyyəti dövründə xüsusən muğam, aşıq, xalçaçılıq sənətlərinin qorunması, inkişafı və beynəlxalq miqyasda təbliği istiqamətində üzərinə götürdüyü missiyanı şərəflə daşıyır. Dənizkənarı parkda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi də həmin humanist siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun xeyirxahlıq təşəbbüsləri, əlbəttə, təkcə yuxarıda qeyd etdiyimiz faktlar deyil. Mədəniyyət sahəsində həyata keçirilmiş layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi sənəti Dövlət Muzeyinin inşasıdır.
Ötən ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin Aşıqlar Birliyinin təşkilatçılığı ilə I Beynəlxalq Aşıq Festivalının keçirilməsi nəinki milli mədəniyyətimizə nümunəvi diqqət və qayğıdır, eyni zamanda Azərbaycan həqiqətlərinin bu yolla dünyaya təqdim edilməsidir. Bu siyahıya üç il dalbadal Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalını da əlavə etmək yerinə düşərdi.
Mədəniyyət
və incəsənətimizin bəşəri dəyərlərə
məxsus olması barədə beynəlxalq miqyasda təbliğatı
məsələsində Heydər Əliyev Fondunun və onun
prezidenti Mehriban xanım Əliyevanın ardıcıl fəaliyyəti
yeni-yeni uğurlara yol
açır.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2011.-2 oktyabr.-S.7.