«Sülh bizim missiyamızdır,
axtarışlarımızdır»
2 oktyabr Beynəlxalq
Qeyri-Zorakılıq Günüdür
Bu fikirlər BMT Baş Assambleyasının 2007-ci il 15 iyun tarixli qərarında söylənilir. Orada insanlar sülhə, dözümlülüyə, anlayışa, zorakılıqdan imtina mədəniyyətini öyrənməyə və ona əməl etməyə təşviq olunur. Oktyabrın 2-si dünya şöhrətli hind filosofu, Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin anadan olduğu gündür. Bu hindli azadlıqsevər ölkəsini müstəmləkədə saxlayan Britaniyaya qarşı dinc mübarizə hərəkatına rəhbərlik etmiş, bununla da 1947-ci ildə Britaniya müstəmləkəçiliyinə son qoyulmuşdur. Elə həmin il M.Qandi hind millətçiləri tərəfindən qətlə yetirilmişdir.
BMT Baş katibinin bu tarixi günlə bağlı həmin çıxışında bir neçə məsələyə toxunulur, insanları zorakılığa qarşı mübarizəyə səslənir: "BMT bu gün zorakılığa son qoymaq istəyir. Dünyanı kütləvi qırğın silahlarından qorumaq üçün mübarizə aparırıq. Bizim "Biz tərksilah olmalıyıq" adlı kampaniyamız kütləvi qırğın silahlarına xərclənən külli miqdarda vasitələr haqqında məlumatın artırılması məqsədini güdür. Nüvə silahlarının azaldılmasının və qarşısının alınması məqsədi Təhlükəsizlik Şurasının sammitində müzakirə olunub".
Lakin bütün çağırışlara, müraciətlərə, aparılan sülhməramlı kampaniyalara baxmayaraq indiyədək deyilənlərin heç biri gerçəkləşməyib, dünyada zorakılıq baş alıb gedir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, hər cür zorakılığın dayandırılması arzusu bütün zamanlarda bəşəriyyəti düşündürsə də, arzusuna çatmayıb. Çünki hər zaman mübarizə bəşəri qaydada deyil, birtərəfli aparılıb, ikili standartlarla. Necə deyərlər, tərəzinin gözü həmişə əyri olub.
Dünyanın ən sülhsevər, tolerant ölkəsi olan, heç bir xalqın torpağında, varına-dövlətinə göz dikməyən, qəsbkarlıq duyğusu ilə yaşamayan Azərbaycan 20 ildən çoxdur ki, dünyanın gözü qarşısında erməni qəsbkarlarının görünməmiş zorakılıqlarına məruz qalıb. Torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox dinc insan ev-eşiyindən, bərəkətli torpağından didərgin düşüb. Buna baxmayaraq Azərbaycan qan tökülməsinin tərəfdarı deyil, münaqişənin sülh yolu ilə həllini bəyan edib və buna çalışıb.
Terrorçuluq Ermənistan adlanan ölkənin strategiyası,
taktikası, ideologiyasıdır. Bu fikirlər nüfuzlu beynəlxalq kürsülərdə
dəfələrlə səslənib.
Təəssüf ki, dünya
ictimaiyyəti bu xalqın insanlığa qarşı törətdikləri
terrorun qarşısını
almaq haqqında düşünmür.
Sözdə bütün ölkələr
və beynəlxalq qurumlar Ermənistanın Azərbaycan torpaqlarını
işğal etdiyini etiraf edir və
torpaqların işğaldan
azad olunmasını istəyir. Lakin deyilənləri həyata keçirməyə
gələndə hamı
susur. Bu barədə
rəsmi Bakı BMT-yə, AŞ PA-ya,
ATƏT-ə, ABŞ Konqresinə, BMT-yə, Beynəlxalq Cinayət Məhkəməsinə,
Helsinkidə Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Müşavirəsinə
və digər beynəlxalq təşkilatlara
müraciət etsə
də, zorakılığa
qarşı mübarizə
kursu tutduğunu iddia edən dünya, nüfuzlu qurumlar bir dəfə
də olsun, bu müraciətlərə
ciddi münasibət bildirməyiblər.
Bir neçə gün öncə BMT Baş Assambleyası "Dağlıq
Qarabağ Azərbaycan
ərazisidir" deyə
yenidən bəyanat verdi. Yayılan press-relizdə bildirilir ki, Azərbaycanın bir parçası olan Dağlıq Qarabağ erməni hərbi birləşmələri
tərəfindən işğal
edilib. Ermənistan rəhbərliyinin yeni nəsli müharibəyə təhrik
etdiyi və ermənilərin etnik təmizləmə apardığı
da bəyanatda yer alıb.
BMT
TŞ-nin Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən
işğal edildiyini təsdiqləyən və
azad olunmasını tələb edən 4 qətnaməsi də var ki, bunlar
1993-cü ildə qəbul
edilib. Lakin bu qətnamələr
elə kağız üzərində də qalıb. Qəbul edilən qətnamələrin
həyata keçirilməsi
üçün qətiyyət
göstərilmədiyindən münaqişə həll
olunmayıb, Azərbaycanın
20 faiz torpaqları hələ də işğal altındadır.
Göründüyü kimi, beynəlxalq
hüquq normaları elə beynəlxalq hüquqçular tərəfindən
pozulur.
Baş katib Pan Gi Mun
qadınlara və qızlara qarşı törədilən zorakılığın
da yolverilməz olduğunu ifadə edir: "Qadınlara və qızlara qarşı törədilən
qorxunc zorakılıq
da bizim diqqət mərkəzimizdədir.
Hər il
təxminən 150 milyon
qadın zorakılığın
qurbanına çevrilir.
Mən bütün müttəfiqləri
qadınlara qarşı
zorakılığa son qoymaq
məqsədilə mübarizəyə
çağırıram". Azərbaycan torpaqları işğala məruz qaldığı gündən,
insanları, xüsusən
də, qadınları,
qızları, körpə
uşaqları amansız
zorakılıqlara məruz
qalıb. 1992-ci il Xocalı soyqırımı törədilərkən
erməni hərbi birləşmələri tərəfindən
əsir götürülən
azərbaycanlı qadınlar
min bir işgəncə
və müsibətlərlə
qətlə yetirilib, körpələri gözlərinin
qarşısında diri-diri
yandırılıb, hamilə
qadınlar daha ağılasığmaz faciə
ilə öldürülüb.
Münaqişə zamanı girov
götürülən yüzlərlə
qadın və uşaqlardan hələ də xəbər yoxdur. Zorakılıq və işgəncə
o həddə çatıb
ki, Azərbaycanın Xocavənd rayonu ərazisində 12 yaşlı
oğlanın anasının
gözü qarşısında
ürəyini çıxarıblar.
Bu zorakılıqlar barədə də Azərbaycan dəfələrlə
dünyaya müraciət
edib və bunlar da hələ
ki, cavabsızdır.
BMT-nin dünya xalqlarına müraciətində planetə qarşı da zorakılığa son qoymağa çağırış səslənir: "İstixana qazları da daxil olmaqla bizim tərəfimizdən planetimizə qarşı törədilən zorakılıq kəskin iqlim dəyişmələri fəlakəti törədir. Mütəxəssislər bildirirlər ki, hazırda Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES-in tullantıları Azərbaycanın işğal olunmuş ərazilərində basdırılır. Bu stansiyanın tullantılarını ləğv edən poliqonun olmaması region üçün real təhlükədir. 1970-ci ildə nüvə reaktorları ilə inşa edilən "Metsamor"un Araz çayı ilə axıdılan tullantıları Xəzər dənizinə tökülür və bu su hövzəsindəki canlı aləmi məhv edir. Bu AES-in ən böyük təhlükəsi Azərbaycan tərəf hesab edilir. Beynəlxalq mütəxəssislər bir neçə il öncədən bəyan ediblər ki, "Metsamor" 8-9 ballıq zəlzələ zonasına aiddir və onun istifadəsi hər dəqiqə Cənubi Qafqaz üçün dağıdıcı təhlükə törədər. Lakin deyilənləri qulaqardına vuran terrorçu dövlət yenidən 1000 Mwt gücündə AES tikintisinə başlayacağını bəyan edib. Seysmostatistik analizə görə, tarixi dövr ərzində Ermənistan ərazisində dəfələrlə iri şəhərlərin və digər yaşayış məntəqələrinin tamamilə məhvinə səbəb olan zəlzələlər olub. Layihəyə görə inşası nəzərdə tutulan yeni atom elektrik stansiyası da seysmik ərazidədir və hər mənada qonşu dövlətlər üçün təhlükə mənbəyidir. Yaponiyada baş vermiş sonuncu zəlzələ AES-in seysmik cəhətdən aktiv ərazilərdə təhlükəli olduğunu bir daha sübut etdi. Baxmayaraq ki, Avropa Birliyi də bir neçə il əvvəl bu ölkədən "Metsamor"u bağlamağı tələb edib, əvəzində isə Ermənistan yenisini tikməyə imza atıb. Avropa Şurası Parlament Assambleyası da dəfələrlə Ermənistandan ciddi addımlar atmağı, AES-i bağlamağı tələb edib. Lakin hələ də Azərbaycanın Araz və Kür çayları Ermənistan tərəfindən reaktiv tullantılarla zəhərləndirilir.
Göründüyü kimi, zorakılığın bütün növləri Ermənistan adlı dövlət tərəfindən dünyanın gözü qarşısında həyata keçirilməkdədir. Belə bir durumda dünyamızın zorakılıqla mübarizə apardığını iddia etmək çox tezdir.
Rəsmiyyə
RZALI,
Azərbaycan.-2011.-2 oktyabr.-S.7.