Torpaq onu sevənləri həmişə sevindirir

 

 Bir də görürsən, günlərlə hava elə quraqlıq keçir, gün elə yandırıb yaxır ki, istidən, yağmursuzluqdan bağrı cadar-cadar olan torpağa heyfsilənirsən. Hərdən də az qala, aylarla davam edən yağışlar torpağın şirəsini yuyub aparır, səpilən toxum zay olur, gözünü məhsula dikənlərin ümidi puça çıxır. Bu, təbiətin pozulmaz qanunlarıdır. Ruzisini torpaqda axtarmağa başlayandan bəri kənd adamı bu qanunlarla barışmalı olsa da,  zəhmət hesabına fəslin əlverişli vaxtlarında həmin itkilərin əvəzini çıxmağa, yerini doldurmağa çalışır. Şübhəsiz ki, bu işdə dövlətin dəstəyinə həmişə böyük ehtiyac duyulur. Kənd adamının quraqlığın və ya selin-suyun qarşısında çar-naçar qaldığı vaxtlarda dövlət bütün qayğısı ilə onun yanında olur. Təbii fəlakətlərdən daha az itki ilə çıxması üçün mümkün olan hər şeyi edir.

Ömrünü-gününü torpağa bağlayanlardan biri də şəkili Xəlil Xəlilovdur. Söhbət zamanı o da xüsusi vurğulayır ki, havanın tutqunya günəşli olmasından torpaq adamının işi çox asılıdır. Əkəndə, səpəndə də, biçəndə, daşıyanda da bir gözün həmişə göydə olur. Buna görə bütün tədbirləri vaxtında görməli, heç bir təsərrüfat işinə gecikməməlisən.

Şəkinin Çayqaraqoyunlu kəndində doğulmuş Xəlil Xəlilov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Tələbəlik illərinə qədər Şəkidə üzümçülük sovxozunda fəhlə, taxılçılıq sovxozunda poçtalyon işləyib. İnstitutu bitirəndən sonra Çayqaraqoyunlu kəndindəki C.Cabbarlı adına kolxozda yemçilik briqadiri, sədr müavini, "Qaratorpaq" toxumçuluq sovxozunda direktor kimi fəaliyyət göstərib. Sonralar ayrı-ayrı sahələrdə çalışsa da, torpaqdan ayrılmayıb - taxılçılıq və taxıl toxumçuluğu ilə məşğul olmağa başlayıb. Onun stolunun üstündən heç vaxt çalışdığı sahəyə aid ədəbiyyat əskik olmayıb. Hər sahədə, o cümlədən kənd təsərrüfatı işlərində peşəkarlığı, yeniliyi, elmi yanaşmanı çox qiymətləndirir.

X.Xəlilov xüsusi vurğulayır ki, dövlətin göstərdiyi qayğının əvəzində hələ ki, yetərli nəticələr qazana bilməmişik. Obyektiv səbəblər öz yerində, hərdən məhsuldarlığın aşağı olmasını öz yaxasını kənara çəkərək "əlverişsiz iqlim şəraiti"nin ayağına yazmağa cəhd edənlər də var. Ancaq torpaq heç bir bəhanəni, laqeydliyi sevmir, qəlbini ona verənlərdən xeyir-bərəkətini əsirgəmir.

Təzəcə şumlanmış torpaqdan bir ovuc götürüb ətrini sinəsinə çəkən Xəlil müəllim deyir ki, ömrünü-gününü torpağa, halal zəhmətə bağlayan hər bir fermer yaxşı bilir ki, yay şumunun vaxtında aparılmasından, şum altına mineral gübrələrin verilməsindən, keyfiyyətli toxumun səpilməsindən, dərmanlanmasından tutmuş, səpinin optimal müddətdə başa çatdırılmasına qədər keçilən yol qaydasında, problemsiz qət edilsə, biçin zamanı məhsuldarlıq yüksək olacaq. Bütün bunlara əməl edən taxılçı sahələrdən bol məhsul götürəcəyinə əmin ola bilər. Bu əminliyi şərtləndirən amillərdən biri də səpin vaxtı "Qılçıqsız-1", "Əzəmətli-95", "Pərzivan-1", "Qobustan", "Azəri" kimi yüksək keyfiyyətli buğda və "Cəlilabad-19", "Qarabağ-21", "Qarabağ-22" arpa sortlarından istifadə edilməsidir.

Xəlil Xəlilov onu da qeyd edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində bir çox sahələr kimi, aqrar sahə də bərbad vəziyyətə düşmüş, yalnız ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra kənd təsərrüfatına, o cümlədən taxılçılığa diqqət artırılmışdır. Məhz ulu öndərin tövsiyəsindən sonra Şəki-Zaqatala bölgəsində əkilən taxıl sahələri genişləndirilmişdir.

Bir çox kənd təsərrüfatı mütəxəssisləri kimi, X.Xəlilov da hesab edir ki, aqrar sahənin inkişafını şərtləndirən amillərdən biri də peşəkar, müasir texnologiyanın sirlərini mənimsəyə bilən yüksək ixtisaslı kadrların yetişdirilməsidir. Bu baxımdan bu sahəyə arzusu, istəyi olan gəncləri Kənd Təsərrüfatı Akademiyasında təhsil almağa hazırlamaq məqsədəuyğun olardı.

Artıq payız havası hər yerdə hiss olunur. Hər , o cümlədən torpaq da, kənd təsərrüfatı işləri payıza hesablanır. Payızın gəlişi kənd adamları üçün ötən ayların hesabatı kimi xarakterizə olunur - əkin-səpini nədən başlamalıyam? Əlbəttə, sualın cavabı üzü qışa doğru kənd təsərrüfatı ilə məşğul olan, səhərdən-axşama sahələrdə çalışan hər kəs üçün çox vacibdir. Başqa sözlə, onun dolanışığı, gün-güzəranı, həmçinin qarlı-şaxtalı qışdan yaza necə çıxmağı da bu cavabla çox bağlıdır. Bu cavab həm artıq Şəki Şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini kimi Xəlil Xəlilovu çox düşündürür. Şəki kimi böyük kənd təsərrüfatı rayonunda aqrar sahənin müəyyən uğurlarına baxmayaraq, görülməli işlər çoxdur.

Şəkidə 243275 hektar ümumi torpaq fondunun 146027 hektarı kənd təsərrüfatına yararlıdır. Bu torpaqlardan səmərəli istifadə olunması üçün rayonda mühüm tədbirlər həyata keçirilir. Elə cari təsərrüfat ilini Şəkinin məhsul istehsalçıları bir çox nailiyyətlərlə yola salırlar.

Respublikada istehsal olunan taxılın 10-15 faizi Şəkinin payına düşür. 2011-ci təsərrüfat ilində rayonda 237 min ton taxıl istehsal olunub. Bu isə Şəkinin tarixində ən yüksək göstərici sayılır. İstehsal olunan taxılın 160 min tonu buğdadır.

2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetində keçirilmiş müşavirədə Prezident İlham Əliyev yekun nitqində ölkədə taxılçılığın inkişafına nail olunmasının 2011-ci ildə taxıl istehsalının 2009-cu il həddinə çatdırılmasının vacibliyini prioritet istiqamət kimi qeyd etmişdir. Şəkililər dövlət başçısının çağırışına böyük ruh yüksəkliyi ilə qoşularaq qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirmişlər. Bu il Şəkidə istehsal olunan taxıl 2009-cu ildəkindən 18 min ton, 2010-cu ildəkindən isə 101 min ton çox olub. Əlbəttə ki, bu nailiyyətlərin əldə olunmasında ölkə rəhbərinin kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi diqqət qayğının böyük əhəmiyyəti vardır.

Şəkidə daha yüksək nailiyyətlərin qazanılması üçün potensial imkanların olduğunu qeyd edən fermerlər mövcud torpaq ehtiyatlarından daha səmərəli istifadə etməklə məhsul istehsalını artırmağın mümkünlüyünü bildirirlər. Bu ilin taxıl biçinindən dərhal sonra rayonda taxıl sahələri küləşdən bitki qabığından təmizlənmiş, yay şumuna başlanmışdır. Yay şumunun taxıl istehsalındakı əhəmiyyətini yaxşı bilən şəkililər artıq 30 min hektaradək sahədə şum aparmışlar. Şumun qısa müddət ərzində başa çatdırılmasına 169 şum traktoru cəlb edilmişdir. Payızlıq taxıl səpini kampaniyasına rayonda  hazırlıq işləri aparılır. Səpin aqreqatları saz vəziyyətə gətirilir, toxum hazırlığı sürətləndirilir. Hazırda rayonda fəaliyyət göstərən 25 toxumçuluq təsərrüfatlarında toxum materialı təmizlənib, laboratoriya analizindən keçirilir. Payızda rayonda 75 min hektaradək sahədə payızlıq taxıl əkini proqnozlaşdırılır. Fermerlərin taxıl toxumuna olan tələbatının daxili istehsal hesabına ödənilməsi üçün rayonda yetərincə imkan var.

X.Xəlilov bildirir ki, rayonun mütəxəssisləri fermerləri yerli taxıl sortlarının əkilməsini daha vacib hesab edirlər. Çünki xaricdən, xüsusilə , Rusiyadan gətirilən taxıl materiallarında Azərbaycana xas olmayan xəstəliyə zərərvericilərə yoluxma daha çox müşahidə edilir. Odur ki, respublikamızda taxıl toxumçuluğunun inkişaf etdirilməsi məqsədilə elmi-tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsinə, maddi-texniki bazanın yaxşılaşdırılmasına, seleksiya işlərinin daha da genişləndirilməsinə, nəticədə rayonlaşdırılmış, yüksək reproduksiyalı məhsuldar yeni sortların əldə edilməsinə ehtiyac var. Alimlərimizin sort yaradıcılarının tövsiyələrinin əkinçilikdə geniş tətbiqi taxılçılığın inkişafına töhfələrini verə bilər.

Sentyabr ayında Şəki Şəhər İcra Hakimiyyətinin Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun birgə təşkilatçılığı ilə "Bitki mühafizəsinin kənd təsərrüfatı məhsullarının saxlanılmasında rolu zəhərli kimyəvi maddələrin tətbiqi zamanı yaranmış təhlükəli halların aradan qaldırılması" mövzusunda geniş elmi-praktik seminar keçirilmişdir. Seminarda Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun bir qrup alimi Şəkinin çoxsaylı fermerləri qarşısında bitki mühafizəsi tədbirləri üzrə bir sıra vacib məsələlər yeniliklər barədə məruzə etmiş fermerləri maraqlandıran suallara cavab vermişlər. Yüksək işgüzarlıq şəraitində keçən seminarda fermerlər bitki mühafizəsi üzrə vacib tədbirlər müasir elmi yeniliklər barədə geniş məlumatlar əldə etmiş, bitki xəstəlikləri, zərərvericiləri alaq otlarına qarşı mübarizədə kimyəvi üsulla yanaşı, aqrotexniki, mexaniki işlər bioloji mübarizə üsullarının da üstünlüyü haqqında geniş bilgi öyrənmişlər.

Rayonda digər əkin sahələri üzrə bol məhsul yetişdirilir. 5956 ton dən üçün qarğıdalı, 1212 ton tütün, 3531 ton kartof, 16717 ton tərəvəz, 7980 ton bostan, 1083 ton meyvə, 235 ton üzüm yığılmışdır ki, bunlar da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Hazırda sahələrdən məhsul toplanışı davam edir.

Şəkidə heyvandarlığın inkişaf etdirilməsinə, heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, xüsusi çəkiyə malik damazlıq təsərrüfatlarının yaradılmasına daim diqqət yetirilir. Hazırda rayonda camışçılıq və atçılıq istiqamətində ixtisaslaşmış 1 dövlət, 2 südçülük-maldarlıq, 1 camışçılıq, 2 arıçılıq üzrə özəl damazlıq təsərrüfatları fəaliyyət göstərir.

Bu gün Şəkinin kənd təsərrüfatında əldə olunan nailiyyətlər son hədd deyil. Burada mövcud olan iqlim, torpaq, su ehtiyatları, insanların zəhmətsevərliyi və digər amillər kənd təsərrüfatının daha məhsuldar inkişafına zəmin yaradır. Məhsul istehsalının həcminin və keyfiyyətinin artırılmasında suvarma işlərinin mütəşəkkil həyata keçirilməsi, vegetasiya dövründə əkinlərin tələb olunan norma daxilində suvarma suyu ilə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı X.Xəlilov qeyd etdi ki, istər əkin, istərsə də otlaq sahələrinin suvarılmasının genişləndirilməsinə ehtiyac var. Rayonda 146027 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin cəmi 36980 hektarı suvarılan sahələrdir. Həm əkin, həm də otlaq sahələrinin əksər hissəsi dəmyə şəraitindədir. Bu torpaqların müəyyən hissəsinin suvarılmasının təmin edilməsi rayonda məhsul istehsalının artırılmasında başlıca rol oynaya bilər. Dövlət tərəfindən irihəcmli hidrotexniki layihələrin həyata keçirilməsi nəticəsində Mingəçevir su anbarı vasitəsilə Sarıca, Qaraqul, Səbətli və Dəhnələr ərazilərində, Şirvan kanalı vasitəsilə Çayqaraqoyunlu, Turan qəsəbəsi, Şəki kənd ərazilərində, Əlican çayı vasitəsilə Qayabaşı, Sarıca, Bolludərə ərazilərində on min hektarlarla dəmyə ərazilərin suvarılmasının təmin edilməsi mümkündür. Belə layihələrin həyata keçirilməsi nəticəsində həmin torpaqlarda məhsuldarlıq 2-3 dəfə arta bilər.

Rayonda mövcud olan 28398 hektar qış otlaqlarının bir hissəsi hələ kolxoz-sovxoz dövründən əkin altına verilmişdir. Hətta aqrar islahatlar dövründə bunun qarşısını almaq mümkün olmamış və nəticədə bu günorada payızlıq taxıl əkinləri aparılır. Qış otlaqlarının əkilən hissələrinin dürüstləşdirilərək təyinatının dəyişdirilməsi üçün hökumət tərəfindən rəsmi icazə verilməklə əkin dövriyyəsinə cəlb edilməsinə ciddi ehtiyac duyulur. Bütün bunlar isə torpaqlardan səmərəli istifadə edilməsində vacib rol oynaya bilər.

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2011.-2 oktyabr.-S.7.