Ana dilinin keşiyində dayanan lider
Müasir tədqiqatçıların
məhəbbət və ehtiramla söylədiyi kimi, unudulmaz
Heydər Əliyev ən böyük azərbaycanlı idi.
Ümummilli liderin azərbaycançılıq
ideyasının, təliminin əsasında məhz doğma
ana dilimiz dayanırdı. Heydər Əliyev
çıxış və nitqlərində bu dilin gözəlliyindən,
zənginliyindən məharətlə istifadə edərək
dilçi və ədəbiyyatçılardan daha səlis və
rəvan danışardı. Tərifində də, ən kəskin
tənqidində də elə ifadələr, sözlər
işlədərdi ki, bəzən ən təcrübəli
dilşünas alim də Heydər Əliyevin yaddaşına,
sözdən istifadə etmək bacarığına, Azərbaycan
dilinə yanaşmaq istedadına heyrətlənməyə
bilmirdi. Heydər Əliyev dönə-dönə deyərdi
ki, hər bir millətin dili onun üçün çox əzizdir.
Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən
artıq əzizdir. Müşahidələr göstərir ki,
Heydər Əliyev Azərbaycan dilinə millətin taleyi kimi
yanaşaraq onu nəinki sevir, keşiyində dayanır, həm
nüfuzuna çalışır, həm də tərəqqisi
üçün uzun illərlə mübarizə
aparırdı.
Bu səbəbdən də
ana dilinin inkişafına ümummilli lider Heydər Əliyevin
həmişə xüsusi diqqəti, qayğısı olub. Hər
bir dilin özəlliyi və özünəməxsus gözəlliyi
var. Bunu kimsə inkar edə bilməz, amma bir vətəndaş
olaraq bizim üçün Azərbaycan dilinin analoqu yoxdur.
Ümummilli lider Heydər Əliyevin hələ sovet
dövründə quruluşun müəyyən təzyiqlərinə,
diktələrinə baxmayaraq, Azərbaycan dilinin ölkəmizdə
dövlət dilinə çevrilməsində böyük
xidməti olmuşdur. Dilin inkişafı üçün ulu
öndərin müntəzəm olaraq imzaladığı fərman
və sərəncamlarda, eləcə də tövsiyələrində,
çıxışlarında vaxtaşırı ortaya
çıxan ciddi problemlərin həlli yolları dəqiq
göstərilib.
Müstəqil Azərbaycan
dövlətinin dil siyasətinin müəyyənləşməsində
ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri
var. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında"kı fərmanda
deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən
incə çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir.
Düşüncələrdəki dərinliyi, hisslərdəki
incəlikləri bütünlüklə ifadə etmək
kamilliyinə yetişə bilməsi üçün hər
hansı xalqdan bir neçə minillik tarixi yaşaması
lazım gəlir". Bu mənada biz xoşbəxtik ki,
doğma Azərbaycan xalqı həqiqətən də
dünyanın ən qədim xalqlarından biridir.
Ümummilli lider Heydər Əliyev
bütün fəaliyyəti boyu Azərbaycan dilinin dövlət
dilinə yalnız sözdə deyil, əməldə
çevrilməsi üçün bütün gücü,
qüdrəti, iradəsi və cəsarəti ilə
çalışmışdır. Dünyaya səpələnmiş
azərbaycanlılar arasında bir daha ünsiyyət vasitəsi,
milli-mənəvi körpülər olması
üçün əsl mübarizə aparmışdır.
Ana dilimizi Azərbaycan xalqının ən böyük sərvəti
hesab edən ulu öndər çıxışlarında
tez-tez vurğulayırdı ki, milli dövlət quruculuğu
prosesinin çox mühüm şərtlərindən biri
milli ədəbi dil zəminində xüsusi rəsmi dil
üslubunun formalaşmasıdır. Bu səbəbdən də
Azərbaycan dilini dövlətçiliyin əsas rəmzlərindən
sayaraq onun saflaşması naminə vaxtaşırı olaraq
xüsusi tədbirlər həyata keçirirdi. "Azərbaycan
əlifbası və Azərbaycan dili gününün təsis
edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli sərəncam
da məhz bu niyyətlə imzalanmışdır. Beləliklə,
hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası
və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ulu öndərə məxsus
fikirdir: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini
yaşadan, inkişaf etdirən onun dilidir". Bir faktı da
xatırlatmaq yerinə düşər ki, Azərbaycana rəhbərlik
etdiyi birinci dövrdə Heydər Əliyevin təşəbbüsü
ilə dövlət mükafatı verilən ilk kitablardan biri
məhz 1974-cü ildə çap edilmiş "Müasir Azərbaycan
dili" dərsliyidir. Bu, adi fakt deyildir. O dövrdə uzun illər
Azərbaycan dilinin tədqiqi ilə məşğul olan Ə.Dəmirçizadəyə,
S.Səfərova, M.Hüseynzadəyə, Ə.Abdullayevə,
Y.Seyidova və A.Həsənova dövlət mükafatı
verildi. Azərbaycan dilinə, dilçiliyinə, azərbaycandilli
təhsilə sovet dövründə dövlət
qayğısı göstərmək asan məsələ
deyildi. Dilşünas-alim Yusif Seyidov sonralar haqlı olaraq
yazırdı ki, "Müasir Azərbaycan dili" dərsliyinin
belə yüksək səviyyədə qiymətləndirilməsi,
əslində, rus şovinizminə meydan oxumaq idi.
Ötən əsrin 70-80-ci
illərində Heydər Əliyevin yürütdüyü dil
siyasətinin əsasında mühüm amillər dururdu. Dilə
milli-mənəvi sərvət kimi yanaşılırdı,
onun siyasi nüfuzunun gücləndirilməsi üçün
mütəşəkkilliyinə, təşəkkül
tapmasına real meydan yaradılırdı. Dilimizin yüksəlişi
üçün Azərbaycan dilinin dövlət dili olaraq
siyasi statusunun təmin edilməsi məhz ulu öndər Heydər
Əliyevlə bağlıdır. Təkcə ana dilimizin
dövlət dili olması üçün şərait
yaradılmadı. Bu gün Azərbaycan dili Azərbaycan
dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar
beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını
yaradan isə məhz Heydər Əliyevdir. İstər siyasi,
ictimai, istərsə də mədəni aspektdə Azərbaycan
dilinin mövqeyinin möhkəmləndirilməsi
üçün bir sıra islahatlar həyata keçirilib.
Hansı ölkədə
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı
öz ana dilini, milli adət-ənənələrini
unutmamalıdır. Dəfələrlə sınaqdan
çıxıb ki, millətin milliliyini qoruyub saxlayan onun
dilidir, adət-ənənəsidir. Təbii ki, dil təkcə
söz sərvətinin yaradıcısı deyil, o, həm də
bir döyuşçü kimi xalqımızın mənəvi
keşikçisidir. Bu səbəbdən də dilimizi elə
sözlə yükləməliyik ki, o, döyüşlərdən
qələbə ilə qayıtsın. Heydər Əliyevin
fikridir: "Nə yaxşı ki, Azərbaycan dili
bütün tələblərə cavab verir. Daha doğrusu,
onun böyük potensialı buna imkan verir ki, o, artıq
dünya dilləri içərisində öz layiqli yerini
tutmuşdur". Bu deyim dilimizin hərtərəfli və zəngin
xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir.
Təbii ki, Azərbaycan dili olmasa, bu dildə ədəbiyyat
da yaranmaz, mahnılar da oxunmaz, musiqilər də bəstələnməz.
Xalqımızın milli sərvəti olan ana dilinin
inkişafına yönələn qərarların qəbulu və
həyata keçirilməsi hər birimizdən
asılıdır. Bu, həm də bizim vətəndaşlıq
borcumuzdur.
Dünya Azərbaycanlılarının
I qurultayında ümummilli lider Heydər Əliyev
yaddaşlara iz salan nitqində üzünü həmvətənlərimizə
tutaraq demişdir: "Hər bir insan üçün onun
milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
azərbaycanlıyam". Müstəqil Azərbaycan dövlətinin
əsas ideyası azərbaycançılıqdır. Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə,
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq. Həmin qurultayda Heydər Əliyevin
bir tövsiyəsi də diqqət çəkdi. Ulu öndər
Vətəndən kənarda çalışan
soydaşlarımıza məsləhət gördü ki, siz
yaşadığınız ölkənin dilini bilməlisiniz.
Bu təbiidir, amma öz dilinizi unutmayın. Bu qətiyyətli
xəbərdarlığın arxasında böyük bir vətəndaşlıq,
təəssübkeşlik, dilə bağlılıq və
yurd sevgisi duyulurdu. Bütün etirafların mayasında bir
fikir xüsusilə diqqət çəkir. Heydər Əliyev
təkcə böyük ideoloq, dövlət xadimi deyil, cəmiyyətin
gedişatını müdrikcəsinə təyin edən
mütəfəkkir idi. Professor Nizaməddin Şəmsizadə
yazır: "Heydər Əliyev həmişə "Azərbaycan
dili" sözlərini təkrar etməkdən, tez-tez dilə
gətirməkdən dərin zövq alır, milli qürur
duyurdu". Bu səbəbdən də ümummilli lider
üzünü dünya azərbaycanlılarına tutaraq tələb
edirdi ki, Azərbaycan dilini unutmayın, onu yaşadın və
inkişaf etdirin.
Təqdirəlayiq haldır
ki, ümummilli liderin ideyalarını layiqincə yerinə
yetirən Azərbaycan Prezidenti İlham Əliyev də ana
dilimizə, milli adət-ənənələrimizə, qədim
mədəniyyətimizə böyük həssaslıqla
yanaşır. İnam və qətiyyətlə deyə bilərik
ki, bu gün dilimizin inkişafının əsas qarantı da
məhz dövlət başçısının
özüdür. Azərbaycan ədəbiyyatının, azərbaycanlı
düşüncəsini əks etdirən sanballı əsərlərin
latın qrafikasında yenidən nəşr edilməsi məhz
cənab İlham Əliyevin təşəbbüsü ilə
baş tutdu. Dövlət başçısının
2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında"kı sərəncamı
həm də əlifba ilə bağlı problemləri tamamilə
həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin
latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət
başçısının sonrakı sərəncamlarında
isə 150 cildlik "Dünya ədəbiyyatı
kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı
kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı
kitabxanası" seriyasından olan yeni nəşrlər
respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat
fondunu zənginləşdirdi.
Prezident İlham Əliyevin həyata
keçirdiyi mühüm tədbirlərdən biri də
2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan
Milli Ensiklopediyasının nəşri haqqında"kı sərəncamı
idi. Bu cür dəyərli kitabların çapı mənəvi
xəzinəmizin zənginləşməsində mühüm
rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın
başlıca amillərdən olduğunu diqqətə çəkərək
demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
tariximiz, ənənələrimizdir".
Müxtəlif çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə Prezident İlham Əliyev dövlət atributlarına, xüsusilə də Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə ehtiramla yanaşmağın fəzilətlərindən danışmışdır.
...İnsan öz dilinin şirinliyini ilk dəfə anasından eşitdiyi həzin, dadlı laylaların ahəngində duyur. Yaşa dolduqca belə, o zümzümənin təsiri varlığımızdan çəkilmir. Elə söz sərvətinin ilk beşiyi də məhz o laylalardan başlayır. Yəqin ki, doğma lisanımıza elə bu səbəbdən də "ana dili" deyirik. Gəlin şərbət kimi varlığımıza çəkdiyimiz o şirin laylalardan süzülən sözlərin ahənginə yad kəlmələr qatmayaq! Anadan başlayıb Vətəndə şaxələnən, böyüyən, genişlənən dilimizin keşiyində dayanaq! Dünya Azərbaycanlılarının I qurultayında ümummilli lider Heydər Əliyevin bir alqışı da unudulmazdır. Nitqinin sonunda öz xalqına əbədi arzularını yetirən ulu öndər demişdir: "Qoy çaylarımız qurumasın! Qoy ağaclarımış kəsilməsin, qoy çırağımız sönməsin..." Bütün varlığından, baxışlarından, salona yetirdiyi iti nəzərlərindən bir alqış da hamımızı titrədirdi: "Dilimiz yaşasın!" Azərbaycan mənəviyyatını zirvələrə doğru çəkən, ana dilimizin keşiyində mətanətlə dayanan Heydər Əliyev həmişə bizimlədir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 1 yanvar.- S.2.