Görkəmli dövlət xadimi, alim və səhiyyə təşkilatçısı

 

Ölkəmizdə milli tibb kadrları və səhiyyə işçilərinin yetişdirilməsində, tibb təhsilinin sistemli şəkildə dinamik inkişafında Bakı Dövlət Universiteti və Azərbaycan Tibb İnstitutunun ilk rektorlarının çox böyük rolu olmuşdur. Onların sırasında öz dəst-xətti ilə seçilən və milli tibb kadrlarının hazırlanmasında, Azərbaycanda tibb təhsilinin təşəkkül tapmasında müstəsna xidmətləri olan görkəmli elm xadimlərindən biri də Əziz Məmmədkərim oğlu Əliyevdir. Böyük alimin elmi və yaradıcı fəaliyyətinin bütöv bir hissəsi Azərbaycan Tibb İnstitutu ilə bağlı olmuşdur.

1887-ci il yanvar ayının 1-də İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açan Əziz Əliyev ilk ibtidai və orta təhsilini əvvəlcə (1908-ci ilə qədər) yerli kənd məktəbində, daha sonra Çitadakı (Rusiyada, 1908-1914) və İrəvandakı (1914-1917) kişi gimnaziyalarında almışdır. O vaxtlar Əziz Əliyevin bibilərindən biri Göyçək xanım ailəsi ilə birlikdə Çita şəhərində yaşayırdı və o, bir müddət təhsilini orada davam etdirmişdir. 1914-cü ildə yay tətili günlərində İrəvana gəlmiş, Birinci dünya müharibəsi başladığına və yollar bağlandığına görə Çitaya geriyə dönə bilməmişdir. Məcburiyyət qarşısında qalan yeniyetmə 1914-1917-ci illərdə İrəvandakı kişi gimnaziyasında oxumuş və 1917-ci ildə həmin gimnaziyanı əla qiymətlərlə başa çatdırmışdır. Əziz Əliyev uşaqlıqdan həkim olmaq arzusunda idi. Ona görə də 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vaxtında göstərdiyi yardım sayəsində Sankt-Peterburqa gedir və orada dünyanın ən məşhur tibb ocaqlarından olan Hərbi Tibb Akademiyasına daxil olmuşdur. O, yüksək səviyyədə tibb təhsili almaqla yanaşı, dərsdənkənar vaxtlarda səpgili yatalaq əleyhinə təşkil edilmiş sanitariya briqadasında işə düzəlmiş, həm tibbi vərdişlərə yiyələnmiş, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyə bilmişdir.

Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc Əziz 1918-ci ilin yay tətili günlərində doğma yurdu İrəvana (indiki Yerevan) qayıdır və erməni daşnaklarının yerli sakinlərin başına gətirdikləri işgəncələrin canlı şahidlərindən olur. Həmin illərdə ermənilər azərbaycanlılara qarşı əsl soyqırımı törətmişdilər.

HAŞİYƏ: Tarixi mənbələrə görə XIX əsrin sonlarında (1897-ci ildə) aparılan siyahıyaalma məlumatları göstərir ki, İrəvan quberniyasında yaşayan əhalinin 87 faizini yerli xalq, yəni, Azərbaycan türkləri təşkil edib. Daşnaksütyun partiyası yaradıldıqdan (1895) sonra 1905-1907 və 1917-1918-ci illərdə bu rəqəm 50 faizə endirilib və gəlmə ermənilər tədricən, mərhələlərlə, planlı surətdə havadarlarının köməyi ilə yerli xalqı - azərbaycanlıları öz dədə-baba yurdlarında soyqırımına uğradıb, salamat qalan əhalinin didərgin düşməsinə məcburi vəziyyət yaradıblar.

Həmin illərin əzablarını yaşayanlardan biri də Əziz Əliyev və onun ailəsi olub. 5 il Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, Naxçıvanın Şahtaxtı kəndində ağır köçkünlük həyatı keçirməyə məcbur olan Əziz Əliyev Sankt-Peterburqa - tibb təhsilini davam etdirməyə gedə bilmir. O, 1923-cü ildə yarımçıq qalmış ali tibb təhsilini davam etdirmək ümidiylə ailəsi ilə birlikdə Bakıya köçür. Bu andan etibarən onun həyat və yaradıcılığının mühüm bir mərhələsinin təməli qoyulur. O, Bakıya gələn kimi Azərbaycan Xalq Komissarları Şurasında işə düzəlir. Orada iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışır və özünü mükəmməl təşkilatçı kimi göstərir. Əziz Əliyev 1923-cü ildə qəbul imtahanı verərək 1919-cu ildən fəaliyyət göstərən Bakı Universitetinin tibb fakültəsinə daxil olur və 1927-ci ildə çoxdan bəri arzusunda olduğu ali tibb təhsilini başa vurur. Elə həmin il Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır. Universitet rəhbərliyi onun tibb fakültəsini bitirdikdən sonra daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar qəbul edir.

Əziz Əliyev bu dövrdə özünü artıq püxtələşmiş, bacarıqlı bir təşkilatçı kimi göstərə bildiyinə görə ona həkimlik fəaliyyəti ilə yanaşı, ən məsuliyyətli ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılırdı. Gənc həkim tibb fakültəsini bitirdikdən cəmi iki il sonra 1929-cu ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülür. O, elmi-pedaqoji işlə yanaşı, 1928-1929-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Əziz Əliyev 1929-cu ildə təşkilində fəal iştirak etdiyi Azərbaycan Klinik İnstitutunun direktoru vəzifəsinə təyin olunur. Alim 1932-ci ilə qədər bu instituta rəhbərlik edərək respublikada idarəçilik sahəsində şöhrət qazanır. 1930-cu il may ayının 9-da Azərbaycan Dövlət Universitetinin tibb fakültəsi nəzdində Azərbaycan Tibb İnstitutu yaradılır. ATİ-nin təşkili məsələsi çox mürəkkəb bir proses olduğundan bacarıqlı təşkilatçı kimi Əziz Əliyev də bu mühüm prosesin icrasına cəlb edilir və o, 1932-ci il iyun ayının 1-dən Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsini yerinə yetirməyə başlayır.

Görkəmli alim və dövlət xadimi bu məsuliyyətli işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş, kifayət qədər təcrübə əldə etmişdi. Ona görə də 1932-ci ilin iyun ayının 1-də ATİ-nin direktoru təyin edilərkən o, yəqin etmişdi ki, milli həkim kadrlarının yetişdirilməsi üçün ilk növbədə, ana dilində dəyərli ədəbiyyat olmalıdır. Ədəbiyyatsız, dərsliklərsiz tibbi fənləri tədris etmək mümkün deyil. Ona görə də Əziz Əliyev tibbin müxtəlif ixtisasları üzrə səriştəsi olan azərbaycanlı alimləri qısa müddətdə səfərbər edir və onlara ana dilində dərsliklər yazmağı tapşırır. Az vaxt içərisində bilavasitə onun rəhbərliyi altında Azərbaycan dilində 55 adda dərslik çap edilərək tələbələrin və müəllimlərin ixtiyarına verilir. Əziz Əliyevin təşəbbüsü ilə işıq üzü görən əsərlərdən onun özünün "Klinik analizlər" kitabı, K.Balakişiyevin "İnsanın normal anatomiyası", M.Qəniyevin "Mikrobiologiya kursu", C.Hüseynovun "Patoloji anatomiya", Y.Qazıyevin "Ağciyər vərəmi", Ü.Musabəylinin "Göz xəstəlikləri", Ə.Talışinskinin "Travmatologiya", Q.Səfərov və Ə.Həsənovun "Bioloji kimya" və digər dərsliklər, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının çap olunan əsərləri Azərbaycanın tibb tarixində abidəyə çevrilmiş nəşrlərdəndir. Bu kitablar indi də dəyərini saxlayır və onların hər birinin işıq üzü görməsində Əziz Əliyevin müstəsna rolu danılmazdır. Görkəmli alim qısa müddətdə rus dilində olan tibbi ədəbiyyatlardan ən vaciblərinin Azərbaycan dilinə tərcüməsinə nail olur. O vaxtlar kitab çap etdirmək üçün texniki təchizat yox dərəcəsində idi. Ümumiyyətlə, ATİ-nin maddi-texniki bazası çox zəif idi. Həmin dövrdə Bakı Universitetinin tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət göstərilməmiş və həmin fakültədə təhsil alanların içərisində digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Odur ki, Əziz Əliyev Tibb İnstitutuna rəhbərlik etdiyi ilk illərdə bütün sahələrdə sıfırdan başlamalı olur. Bu da çox vaxt tələb edir, alimin işlərini qat-qat çətinləşdirirdi.

Bir müddətdən sonra Əziz Əliyev Azərbaycan Tibb İnstitutunun nəzdində tibbi kitabxana yaratmaq ideyasını reallaşdırmağa başladı. Onun səyi nəticəsində professor P.Rostovtsevin sədrliyi altında "Kitabxana komissiyası" yaradıldı. Komissiya 1936-cı ildə (tibbi kitabxananın təməlinin qoyulmasının üçüncü ilində) oxuculara belə bir təlimat göndərir: "Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır". Sonralar tibbi kitabxananın özülü möhkəmləndirilir, onun inkişafında və formalaşmasında ciddi dönüş yaranır.

Əziz Əliyev institut kollektivinin köməyi ilə 1934-cü ildə "Tibb nəşriyyatı" yaradır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə "Praktiki və nəzəri tibb jurnalı"nın nəşrinə başlanılır. 1929-cu ildən etibarən o, "Azərbaycan tibb jurnalı"nın məsul katibi vəzifəsində çalışır, 1935-ci ildə isə həmin jurnalın baş redaktoru təyin edilir. Bu dövrdə jurnal ATİ-də yenicə təşkil edilmiş "Tibb nəşriyyatı"nda çap olunur. 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan Tibb İnstitutunda "Tibb kadrları uğrunda" adlı çoxtirajlı qəzetin çapına başlanılır. Hazırda bu qəzet "Təbib" adı altında Azərbaycan Tibb Universitetində çap olunmaqdadır və həmin qəzet bu ali məktəbin mətbuat orqanıdır. 2003-cü ildə ATU-da Əziz Əliyevin adı ilə bağlı olan "Təbib" qəzetinin yaradılmasının 70 illik yubileyi qeyd edilmişdi.

Əziz Əliyev hansı ictimai, inzibati, təşkilati işlərdə çalışsa da, elmi axtarışlarını bir an belə dayandırmayıb. 1933-cü il avqustun 4-dən etibarən Tibb İnstitutunun 61 nömrəli əmrinə əsasən, Almaniyada elmi ezamiyyətdə olan görkəmli alim oradan qayıtdıqdan sonra doktorluq dissertasiyası müdafiə etmiş və Azərbaycanda ilk dəfə olaraq onun dissertasiya işi 1937-ci ildə Moskvada gənc alimlərin müsabiqəsində Elmlər Akademiyasının və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülən dəyərli elmi iş kimi qiymətləndirilir. Əziz Əliyev 1941-ci il mayın 13-də (Azərbaycan SSR Xalq Səhiyyə Komissarı işləyərkən) SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Rəyasət Heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü olub, 1956-cı ildə isə professor vəzifəsinə seçilib və həmin ildə də onun professor elmi adı təsdiqlənib.

Əziz Əliyevin Azərbaycan Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə qələmə alınmış "Klinik analizlər" kitabı tələbələr və gənc həkimlər tərəfindən rəğbətlə qarşılanıb və onların stolüstü kitablarından birinə çevrilib. Onun bir neçə elmi əsəri "Azərbaycan tibb jurnal"ında çap edilib. Bunların ilk illərdə çap olunanlarına "Həzm zamanı qanın xloridləri" (1928), "Malyariyanın Karno metodu ilə müalicəsi" (1932), "Klinik analizlər üzrə rəhbərlik" (1933) və sairə aiddir. Əziz Əliyev uzun müddət eksperimental nefritin öyrənilməsi problemi ilə də məşğul olub, elmi işlərinin əsas məğzini bu istiqamətə yönəldib. Alim məharətlə elmi işlərini pedaqoji işlərlə uzlaşdıra bilib və fakültə terapiyası kafedrasında pedaqoji fəaliyyətini davam etdirib. 1927-ci il noyabrın 1-dən BDU-nun tibb fakültəsinin diaqnostika kafedrasında ordinator və aspirant, 17 oktyabr 1930-cu ildən isə yenicə təşkil edilmiş Azərbaycan Tibb İnstitutunun birinci terapiya və diyar patologiyası kafedrasında assistent və dosent vəzifələrində çalışıb.

Əziz Əliyevin Azərbaycan Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq dissertasiyası müdafiə edilib. Onun təşəbbüsü ilə kafedraların nəzdində təşkil edilmiş aspiranturada 30 tibb elmləri namizədi hazırlanıb. Onlardan 19-u milli kadr olub. Görkəmli tədqiqatçı tibb sahəsi üzrə milli kadr hazırlığını daim ön plana çəkib və onların peşəkar, yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində müstəsna rol oynayıb. Əziz Əliyev ATİ-də təhsil alan tələbələrin həyatı ilə dərindən maraqlanır, gənclərlə bağlı probemlər onu ciddi düşündürürdü. 1933-cü ildə rektorun təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə indiki Kliniki Tibbi Mərkəzin yaxınlığında "Tibb şəhərciyi"nin inşasına başlanılıb. Sonralar həmin "Şəhərcikdə" tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilib.

1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından tələbələrin güzəranı xeyli ağırlaşıb. Əziz Əliyevin qayğısı sayəsində "Azad qadın" heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilib. Orada gənclərə gündə 500-600 qram çörəklə bərabər, pulsuz yemək də verilib. Əziz Əliyev ATİ-də rektorluq fondu yaradıb və həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il pal-paltar, ayaqqabı aldırarmış ki, bu da bir növ, onları yaxşı oxumağa sövq edərdi.

Əziz Əliyev hər il institutun son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun məşhur ali tibb məktəblərinə ezam edər, onlara təcrübə toplamaları üçün əlverişli şərait yaradardı. Belə vaxtlarda o, özünü hərtərəfli xeyriyyəçi kimi aparar, ölkədən xaricə gedən tələbələrə pul yardımı edər, onları öz hesabına geyindirərdi. Həmin tələbələrin əksəriyyəti sonralar tibbin müxtəlif sahələrində məşhur alim kimi formalaşaraq xeyirxah müəllimlərinin yolunu davam etdiriblər.

Əziz Əliyev 1934-cü ildə Bakı Şəhər Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib və bir neçə aydan sonra yenidən Azərbaycan Tibb İnstitutunun direktoru vəzifəsinə qaytarılıb.

1936-1940-cı illərdə ölkəmizdə görkəmli alimin fəal iştirakı ilə malyariya və traxomaya qarşı mübarizəyə başlanıb. Bacarıqla həyata keçirilən ciddi tədbirlər sayəsində respublikada tüğyan edən bu dəhşətli xəstəliklərin yayılmasının qarşısı alınıb. Əziz Əliyevin rəhbərliyi ilə ölkədə xüsusi dispanserlər, şəhər və kəndlərdə 50 yerlik göz xəstəxanaları açılıb.

Görkəmli səhiyyə təşkilatçısının fəaliyyət dairəsi olduqca rəngarəng və çoxcəhətli olub. O, müəyyən müddətdə Azərbaycan Tibb İnstitutunun direktoru olmaqla yanaşı, Əczaçılıq İnstitutuna da rəhbərlik edib və 1937-ci ildə eyni zamanda Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.

Əziz Əliyev İkinci dünya müharibəsi illərinin əvvəllərində alay polkovniki rütbəsində sovet əsgərləri ilə birlikdə siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilib. O, 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan MSSR Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışaraq, özünü yetkin və bacarıqlı dövlət xadimi kimi göstərə bilib. Böyük təşkilatçı-alim 1949-1950-ci illərdə Moskvada ÜİK (b) P MİK-nın təlimatçısı, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, sonrakı illərdə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, Sabunçu xəstəxanasında həkim, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib.

Əziz Əliyev I-II çağırış SSRİ Ali Sovetinin, I-III çağırış Azərbaycan SSR Ali Sovetinin, II çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olub.

Görkəmli dövlət xadimi, alim və səhiyyə təşkilatçısının vətən və xalq qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, iki dəfə "Lenin" ordeni, "Qırmızı əmək bayrağı" ordeni, "I dərəcəli Vətən müharibəsi" ordeni, "Səhiyyə əlaçısı" döş nişanı, bir çox medallar, o cümlədən 1948-ci ildə "Moskvanın yaranmasının 800 illik" xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilib. 1960-cı ildə Əziz Əliyevə "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. Bir müddət rektor kimi fəaliyyət göstərdiyi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Bakının mərkəzi küçələrindən biri, Mahaçqalada bir küçə, Dağıstanda bir sovxoz, Kaspiyskidə bir tibb məktəbi bu böyük şəxsiyyətin adını daşıyır.

1998-ci ilin may ayının 14-də Əziz Əliyevin anadan olmasının 100 illik yubileyi Bakıda dövlət səviyyəsində keçirilərkən yubiley təntənələrində çıxış edən ümummilli lider Heydər Əliyev görkəmli dövlət xadiminin, böyük alimin zəngin həyat yolunun və dəyərli yaradıcılığının bizə məlum olmayan məqamlarının incəliklərindən ətraflı danışmışdı. Bu haqda söhbət açarkən ulu öndər demişdir: "Əziz Əliyev mənə danışırdı ki, o, 1937-ci il repressiyasından möcüzə nəticəsində xilas olmuşdur. Onu sonralar - 50-ci illərin əvvəllərində repressiya etdilər. İşdən çıxarıb Ortopediya və Bərpa Cərrahiyyəsi İnstitutunun direktoru təyin etdilər. Amma tezliklə bu vəzifədən də çıxartdılar. Professoru, elmlər doktorunu, bu qədər xidmətləri olan bir insanı Sabunçu xəstəxanasına adi həkim kimi göndərdilər və o, 3 il orada işlədi". Lakin xoşbəxtlikdən bu, uzun sürmədi və o, yenidən öz layiqli qiymətini aldı. Böyük alimin əvvəlki şan-şöhrəti özünə qaytarıldı.

Ümummilli lider Heydər Əliyev yubiley gecəsində çıxış edərkən Əziz Əliyevə xas olan xüsusiyyətlərin incəliklərinə yaxşı bələd olduğunu söyləmiş və onun insani keyfiyyətlərindən söhbət açaraq demişdir: "Azərbaycanda və Dağıstanda işlədiyi illərdə o, elm xadimləri ilə çox sıx əlaqədə olurdu. Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o, hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyr Hacıbəyli, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı. Bütün bunlar ona görə olurdu ki, o, çox ziyalı bir adam idi, yüksək səviyyədə savadlı, mədəni adam olduğuna görə həmişə məhz bu mühitlə təmasda olmağa çalışırdı. Həmin adamlar da onunla yaxın olmaq istəyirdilər. Əziz Əliyev hər cəhətdən gözəl insan idi".

 

 

Əhliman ƏMİRASLANOV,

akademik, SSRİ Dövlət

mükafatı laureatı,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 1 yanvar.- S. 4.